NABIĞƏ
ƏZ-ZUBYANI
Mənbə:
ابن قتيبة، الشعر و الشعراء، قدم له الشيخ حسن تميم
والشيخ محمد عبد المنعم، دار احياء العلوم، بيروت،1994
محمد ابن سلام الجمحي، تحقيق الشيخ محمد سدير، بيروت،
دار احياء العلوم، د.ت.
نابغة الذبياني، ديوان، بيروت، دار صادر،
د.ت.
ابو زيد محمد القرشي، جمهرة اشعار العرب،
بيروت، دار صادر، 1963
سوقي ضيف، تاريخ الادب العربي، العصر
الجاهلي، القاهرة، د.ت.
Malik
Mahmudov, Klassik ərəb ədəbiyyatı, 2001.
Aida
Qasımova, Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu, Bakı, Elm, 2007.
Крымский А.Е. Арабская поэзия в очерках и образцах. Москва,
1906.
Фильштинский И.М. История арабской литературы. Москва, И.М. 1985.
Большаков. О.Г История халифата. I. Ислам в Аравии. Москва 1989.
Грязневич П.А. Развитие исторического сознания
арабов – Очерки истории арабской культуры V-XIV вв. Москва, 1982
Ханна аль-Фахури. История
арабской литературы. I-II Москва, 1959.
Reynold
Nicholson, A Literary History of the Arabs, London, T. Fisher Unwin, 1907.
Clement
Huart, A History of Arabic Literature, New York, 1903
Nabiğə Əz-Zubyani on muəlləqə müəlliflərindən
biridir. O, Bənu Zubyan qəbiləsindən olub, əsl adı Ziyad ibn Müaviyədir. İstedadlı
olduğu üçün ona Nabiğə adı veriblər, yəni istedadının bulaq kimi qaynamasına
işarə ediblər. Nabiğə Əz-Zubyaninin şəxsiyyəti VI əsr ərəb gerçəkliklərini əks
etdirmək baxımından maraq doğurur. Bu dövrdə İran və Bizans sərhədləri
yaxınlığında meydana gəlmiş iki vassal dövlət ərəblərin həm siyasi, həm də mədəni
həyatında müəyyən rol oynayırdı. Onlar qəbilələrarası münaqişələrə müdaxilə
edir, yarımadanın başqa hissələrində nüfuz sahibi olmağa can atırdılar. Bu məqsədlə
onlar cəmiyyətdə sözü keçən istedadlı şairləri öz saraylarına cəlb edirdilər.
Belə şairlərdən biri olan Nabiğə əz-Zubyaninin
həyatı Ləxmilər və Qəssanilər dövləti ilə bağlı olmuşdur.
Şairlik istedadı parladıqdan sonra Nabiğə əz-Zubyani
Ləxmilərin hökmdarı Əmir İbn Hindin diqqətini cəlb edib onun sarayına dəvət
almışdır. Hind qətlə yetirildikdən sonra Sasanilər Ləxmilərə Neman İbn Münziri
hökmdar təyin edir. Nemanın Nabiğə ilə çox yaxın münasibəti olur, ona daim hədiyyələr
verir, daim məclislərinə dəvət edir. Nabiğə o qədər varlanır ki, hətta qabları
da qızıldan olur. Lakin çox keçmir ki, Neman İbn Münzirlə Nabiğənin arası dəyir.
Səbəb Nabiğənin yazdığı bir qəsidə olur. "Dəliyyə" adlanan, yəni dəl
hərfi ilə qafiyələnən bu qəsidə həmmamiyyə janrındadır. Qəsidədə çimən
gözəl təsvir olunur. Nabiğə bu şeiri Nemanın arvadı gözəl Mutəcərridəyə həsr
edib. Bu qəsidə çimən Mutəcərridənin bədəninin bütün incəliklərini təsvir edib.
Düzdür, şair tez-tez “bunu mən görməmişəm, bunu hökmdar görüb” sözlərini işlədir,
amma təsvir o qədər dəqiqdir ki, istər-istəməz saray əhli arasında dedi-qodu
yaranır. Qəsidəni oxuyan Neman o qədər əsəbləşir ki, şairin ölümünə fərman
verir. Başqa bir versiyaya görə, hökmdarla şairin münasibətlərini pozan Nabiğənin
guya Nemanı həcv etməsi olub. Halbuki Nabiğə həmin şeiri düşmənlərin yazıb onun
adına çıxmasını bildirmişdir. Hər bir halda Nabiğə Hirədən qaçıb canını
qurtarır və Bizans sərhədindəki Qəssanilərin sarayına üz tutur.
Qəssanilər sarayında da şair hər cür hörmət görür,
lakin ürəyi yenə də Nemanın sarayında qalır. Bir yandan da adamlar ona xəbər
çatdırır ki, Neman onun Qəssanilərin sarayına tapınmasını xəyanət kimi qiymətləndirir,
çünki, qəssanilər vaxtilə Nemanın babasını öldürmüşlər. Nabiğə bu zaman özünün ikinci
dəliyyə qəsidəsini yazır. Bu qəsidə on muəlləqədən biri sayılır. Qəsidə
bağışlanmaq diləyi ilə yazılıb. Onun bu üzrxahlığı ilə ərəb poeziyasında i‘tizər
janrının əsası qoyulur. Sonradan İslam dövründə Kəb ibn Zuheyr buna bənzər bir
qəsidə yazıb Məhəmməd peyğəmbərdən (s.ə.s) üzrxahlıq diləyir. Qəsidə Meyy adlı gözəlin obasınin təsviri ilə
başlayır, sonra dəvənin, səhranın təsviri gəlir. Əsas hissədə isə şair Neymanı
tərifləyir. Nabiğə əz-Zubyani qəsidəni götürüb Hirə sarayına gedir. Qəsidəni
oxumaq üçün müğənnilərdən birinə verir, özü isə yaxınlıqda gizlənir. Neyman o qədər
feyziyab olur ki, “bunu ancaq Nabiğə yaza bilər, kaş Nabiğə burada olaydı”-deyir.
Beləliklə, Nabiğə yenidən hökmdarla dostlaşır. Lakin şairin saray həyatı uzun
sürmür. 602-ci ildə isə Sasani hökmdarı öz vassalı Neman ibn Münziri fillərin
ayağı altına atdıraraq öldürtdürür. Nemanın qətlindən sonra Nabiğə Hirə
sarayını tərk edir. Nabiğə öz qəbiləsinə, yəni Zubyan qəbiləsinə qayıdır və 604-cü
ildə vəfat edir.
Nabiğə yalnız şair kimi deyil, həm də şeir tənqidçisi
kimi tanınır. Ukaz bazarında Nabiğənin öz çadırı olub. Şairlər gəlib öz şeirlərini
oxuyur, onun tənqidlərinə qulaq asırdılar.
Nabiğənin şeirlərini IX əsrdə əl-Əsməi toplayıb. Divanı
24 qəsidədən ibarət olub, sonra divana bəzi
şeirlər əlavə edilib. Xüsusilə, IX əsrdə filoloq əl-Tusi bu divana bir sıra
şeirlər daxil edib. X əsrdə isə Əs-Sukkəri İmru’ul Qeysin, Zuheyr ibn Əbi Sulmənin
və Nabiğə əz-Zubyaninin divanlarını tərtib edib.
Orta əsr ərəb filoloqları Nabiğə poeziyasını yüksək
qiymətləndirib. İbn Səllam əl-Cumahi bu barədə yazır:
كان احسنهم ديباجة شعراً، واكثرهم رونق كلام، وأجزلهم
بيتاً، كأنه شعراً ليس به تكلف، والمنطق على المتكلم اوسع منه على الشاعر، و
الشاعر يحتاج الى البناء والعروض والقوافي، والمتكلم مطلق بتخير الكلام،
وانما نبغ النابغة بالشعربعدما احتنك، وهلك قبل ان
يهتر
Nabiğa əz-Zubyani
şerin başlanğıcını (dibaçəsini) ən yaxşı söyləyən şairdir. Kəlamları olduqca
rövnəqlidir, beytləri boldur. Onun şeirlərində sünilik yoxdur. O, şeir deyərkən
şairdən daha çox alim (mütəkəllim) təsiri bağışlayır. Şair şeirin quruluşu, əruzu
və qafiyəsi ilə ilgilənir, alim isə sözləri (sözlərin mənalarını) seçir.
Nabiğə bir şair
olaraq yetişdikdən sonra şeir deyib, və qocalıb ağlı zəifləməzdən qabaq da vəfat
edib.(İbn Səllam əl-Cumahi, 38)
Bu parça orta əsr ərəb ədəbi tənqidininin poeziyanı
qiymətləndirməkdə əsas kriteriyasını öyrənmək baxımından maraq doğurur.
Göründüyü kimi, şeirin başlanğıcının gözəl olması, sözə və formaya deyil, mənaya
üstünlük verilməsi artıq filoloqlar tərəfindən bəyənilən xüsusiyyətlər idi. Digər
maraqlı cəhət hansı yaşda şeir deməklə bağlıdır. Görünür, çox erkən yaşda deyilən
şeirlər yaxşı olmadığı kimi, həddindən artıq qocalıq dövrünün şeirləri də bəyənilməyə
bilərdi. Insan mükəmməl şeir demək üçün həddi-buluğa çatıb həyatının hər cəhətdən
kamillik dövründə olmalı idi.
Nabiğənin bir çox şeirləri dünya dillərinə tərcümə
olunmuşdur. Nabiğə klassik şeirin bir çox janrlarında – mədhiyyə, həcv, mərsiyə,
itizar, vəsf, nəsib, həcv sənətində yazıb
yaratmışdır.
Qeyd etdiyimiz kimi, Nabiğənin müəlləqəsi Neman ibn
Münzirlə barışmaq məqsədi ilə yazılmışdır. Müəlləqə aşağıdakı hissələrdən ibarətdir:
a)
Ətlalın təsviri (1-6 beytlər)
b)
Dəvənin və vəhşi öküzün təsviri (7-20)
c)
Neman ibn Münzirin mədhi (21-36)
d)
I‘tizar إعتذار hissəsi. Yəni şairin bağışlanmaq üçün üzr istəməsi
(37-dən sonrakı beytlər)
İbn
Quteybə göstərir ki, Neman müəlləqənin aşağıdakı
beytlərini dinləyərkən, “bunu yalnız Nabiğə deyə bilər” – deyərək öz
heyranlığını bildirib:
أُنْبِئْتُ أنّ أبا قابوسَ أوْعَدَني، و لا قرارَ على زأرٍ منَ الأسدِ
مَهْلاً، فِداءٌ لك الأقوامِ كُلّهُمُ، و ما أثمرُ من مالٍ ومنْ ولدِ
فلا لعمرُ الذي مسحتُ كعبتهُ ، و ما هريقَ ، على الأنصابِ ، من جسدِ
ما إن
بدأتُ بشيء انت تكرهه ، إذاً فلا رفعتْ سوطي إليّ يدي
Mənə xəbər verdilər
ki, Əbu Qabus məni hədələyib. Şir nərə çəkərkən, qarşısında tab gətirməkmi
olar?
(Sənə deyilən sözləri)
boş ver. Camaat hamısı sənə qurban; onların yanında nə dövlətim artdı, nə də
övladım.
Əl sürtdüyüm Kəbənin
sahibinə and içirəm və bütlər üzərində kəsilən qurbanların qanına and olsun ki,
Mən sənin
xoşlamayacağın heç bir iş görmədim. Mən o qamçını əlimə alıb qaldırmamşam.
Nemanın
heyranlığını eşidən Nabiğə gizləndiyi yerdən çıxıb hökmdarın hüzuruna gəlir.
Neman şeiri o qədər bəyənir ki, Nabiğəyə yüz qara dəvə, bu dəvələri otarmaq
üçün qara dərili çobanlar və çoban itləri, qara dəridən xeymələr və kənizlər
bağışlayır. (İbn Quteybə, 87, 93)
Yuxarıdakı parçada maraqlı məqam həm Kəbənin və Kəbə
sahibinin, həm də bütlərin anılması, hər ikisinə and içilməsidir. Bu beyt özü ərəblərin
İslamaqədərki inanc və ayinlər sisteminin (Kəbəyə əl sürtmək, qurban kəsib
qanını bütün üstünə axıtmaq) rəngarəngliyindıən xəbər verir. Məlum olur ki,
şair öz dövrünün övladı kimi, bütpərəst olub. R. Nikolson isə qeyd edir ki,
Nabiğə bir az çox yaşasaydı, o yəqin ki, İslamı qəbul edərdi. ( Nikolson, 123)
Hər bir halda, Nabiğənin bir çox bütpərəst ərəblərdən fərqli olaraq, şərabdan və
fal oxlarından (əzalim) çəkinməsi bilinir.
Nabiğə, “Şir nərə çəkərkən, qarşısında tab gətirməkmi olar?” – deyərkən Nemanı nəzərdə tutur və
istiarə sənəti yaradır. Bu şeirdəki bir sıra obrazların sonradan Kəb ibn Zuheyr
tərəfindən “Burdə” qəsidəsində işləndiyini
görürük.
Nabiğənin sərvəti və şöhrəti digər şairlərdə daim həsəd
hissi oyadıb. Həssan ibn Sabit özü etiraf edib demişdir ki, özüm də bilmirəm
Nabiğəyə nəyə görə həsəd aparıram; Onun şairlik istedadınamı, yoxsa sərvətinə
görəmi? (İbn Quteybə, 87)
Qeyd etdiyimiz kimi, Nabiğə ərəb şeirinə i‘tizar إعتذار mövzusunu gətirmiş, bunun gözəl nümunələrini yaratmışdır. Bu
mövzuda müəlləqən başqa onun daha iki qəsidəsi – ayniyyə (“Zu Xussanın
izləri belə itib gedib. Yeraltı sular dağları alt-üst edib” başlıqlı) və bəiyyə
(“Mənə dedilər ki, hökmdar haqqımda pis danışıb, çox tutuldum”, başlıqlı) qəsidələri
vardır. Şauqi Dayf göstərir ki, Nemanın şəhər həyatına bələd olması, yəni hadari
şair kimi həyat sürməsi onun bu janrda uğur qazanmasına səbəb olub. Belə ki, bədəvi
ərəblərdən fərqli olaraq şəhər əhli insan psixologiyasına daha yaxından bələd
olub, ona təsir etməyin yollarını bilirdilər. (Şauqi Dayf, 286)
O. öz şeirində bəzən təmsillərdən, hikmətamiz hekayətlərdən
bəhrələnmişdir. Onun yaradıcılığında ərəblərin adət və ənənələri, inanc və
etiqadları əks olunub.
Nabiğənin ən məşhur şeirlərindən biri yuxarıda
haqqında xəbər verdiyimiz həmmamiyyəsidir. Bu şeir həm də ərəb ədəbiyyatında
monotematik qəsidə nümunəsi kimi maraq doğurur. Məlumdur ki, qəsidə sinkretik
janr olub bir sıra janrları – nəsib, vəsf, mədh, hikmət və s. özündə birləşdirir.
Nabiğənin həmmamiyyəsi isə yalnız qəzəl-nəsib üzərində qurulub. Burada qadın gözəlliyi mədh
edilir, kənar mövzulara yer verilmir. Bu şeirdə şair bir sıra maraqlı obrazlar
yaradıb:
أمِنَ آلِ مَيّة َ رائحٌ، أو مُغْتَدِ، عجلانَ ، ذا زادٍ ، وغيرَ مزودِ
أَفِدِ التّرَحّلُ، غير أنّ ركابنا لما تزلْ برحالنا ، وكأنْ قدِ
زَعَمَ البَوارِحُ أنّ رِحْلَتَنا غَداً، و بذاكَ خبرنا من الغداف الأسود
لا مرحباً بغدٍ ، ولا أهلاً بهِ ، إنّ كانَ تَفريقُ الأحبّة ِ في غَدِ
Meyyin obasını gecəmi tərk edirsən,
yoxsa gündüzmü? Tələsik ayrılıb gedərkən sağollaşa biləcəksənmi?
Ayrılıq vaxtı gəlsə də, minikərimiz
sanki yox olmuş kimi görsənmirdi.
Bəd xəbər gətirən quşlar sabah
ayrılacağımızı xəbər verdilər. Qara qarğa da bir yandan qarıldayıb bu bəd xəbəri
yada salırdı.
Əgər sabah sevgililərin ayrılacağı
gündürsə, mən belə sabaha “mərhaba” demərəm.
Bu beytlər Nabiğənin
ayrılıqdan doğan hiss və həyəcanlarını ifadə edir. Burada şair həm də ərəblərin
iyafət sənətini, quşlarla bağlı fal açıb sınamalar etməsini göstərir.
Sabahın salamlanması isə qədim ərəb təsəvvürlərində zamanın antropomorfik
obrazının mövcudluğundan xəbər verir.
Daha sonra şair şeirin nəsib hissəsini davam
etdirib deyir:
حانَ الرّحيلُ، ولم تُوَدِّعْ مهدَداً، والصّبْحُ والإمساءُ منها مَوْعِدي
في إثْرِ غانِيَة ٍ رَمَتْكَ بسَهَمِها، فأصابَ قلبَك، غير أنْ لم تُقْصِدِ
غنيتْ بذلك ، اذ همُ لكَ جيرة ٌ ، منها بعَطْفِ رسالَة ٍ وتَوَدُّدِ
ولقد أصابَتْ قَلبَهُ مِنْ حُبّهَا، عن ظَهْرِ مِرْنانٍ، بسَهمٍ مُصردِ
نَظَرَتْ بمُقْلَة ِ شادِنٍ مُتَرَبِّبٍ أحوى ، أحمَّ المقلتينِ ، مقلدِ
و النظمُ في سلكٍ يزينُ نحرها ، ذهبٌ توقَّدُ، كالشّهابِ المُوقَدِ
صَفراءُ كالسِّيرَاءِ، أكْمِلَ خَلقُها كالغُصنِ، في غُلَوائِهِ، المتأوِّدِ
Ayrılıq vaxtı çatıb, amma hələ də
Mihdədlə vidalaşmamısan. Onu görməyim
gecə ilə gündüzün bir yerdə olması kimi çətindir.
Hələ də sən gözlərindən atılan
müjgan oxları ilə qəlbini fəth etmiş o gözəlin
yolunu gözləyirsən.
Öz qövmündən olan bu gözəldən xoş
bir xəbər, sevgi məktubu aldınmı?
Hələ əvvəllər də o, aşiqin qəlbini
odlu oxları ilə yaralamışdı.
O gözəl qandallanmış qara gözlü
ceyranın baxışları ilə sənə baxırdı.
Onun sinəsini parlaq ulduza bənzər
qızıl boyunbağı bəzəyirdi.
Bədəni sarı ipək kimi yumşaq, təzə
ağac pöhrələritək kövrək idi.
Bundan sonrakı təsvirlərdə
erotik elementlərə rast gəlinir. Görünür, Nemanı əsəbiləşdirən də bu
açıq-saçıqlıq olmuşdur:
والبَطنُ ذو عُكَنٍ، لطيفٌ طَيّهُ، والإتْبُ تَنْفُجُهُ بثَدْيٍ مُقْعَدِ
قامتْ تراءى بينَ سجفيْ كلة ٍ ، كالشّمسِ يومَ طُلُوعِها بالأسعُدِ
أوْ دُرّة ٍ صَدَفِيّة ٍ غوّاصُها بهجٌ متى يرها يهلّ ويسجدِ
أو دُميَة ٍ مِنْ مَرْمَرٍ، مرفوعة ٍ، بنيتْ بآجرٍ ، تشادُ ، وقرمدِ
Əndamının büküşləri yumşaq idi.
Qabarıq sinəsi paltarının yaxasını yuxarı qaldırırdı.
Ağcaqanadlardan qorunmaq üçün
asılmış pərdənin arxasından görsənərkən, oğlaq bürcündəki günəş kimi
parlayırdı.
O, sədəf içindəki dürrə bənzəyirdi.
Elə bir dürr ki, qəvvaslar onu görərkən heyran qalıb Allaha həmd-səna ilə səcdə
qılırlar.
Mərmərdən düzəldilib kərpic və çini
üzərinə bərkidilmiş bir heykəl kimi əzəmətli idi.
سَقَطَ النّصيفُ، ولم تُرِدْ إسقاطَهُ، فتناولتهُ ، واتقتنا باليدِ
بمُخَضَّبٍ رَخْصٍ، كأنّ بنانَهُ عنم على اغصانه لم يعقدِ
نظرَتْ إليك بحاجة ٍ لم تَقْضِها، نظرَ السقيمِ إلى وجوهِ العودِ
تَجْلُو بقادِمَتَيْ حَمامة أيكَة ٍ، برداً أسفّ لثاتهُ بالإثمدِ
كالأقحوانِ، غَداة َ غِبّ سَمائِه، جفتْ أعاليهِ ، وأسفلهُ ندي
Onun büründüyü fitə qəflətən
açılarkən dərhal əli ilə tutub saxladı
İncə və xınalı barmaqları nar
ağacının zərif budaqları kimi idi.
O. istəyi yerinə yetmədiyindən sənə
xəstənin sağlam adama baxdığı bir tərzdə baxırdı.
Xınalı ağzında ağappaq görsənən
dişləri göyərçin qanadlarına bənzəyirdi.
Onun ağzı yağışın islatdığı
çobanyastığı çiçəyi kimi idi; pöhrələri qurusa da kökü yaş qalmışdı.
Yuxarıdakı parça
yalnız təsvirləri və bədii obrazları ilə deyil, həm də ərəb estetik təsəvvürlərini
əks etdirməsi ilə diqqətəlayiqdir. Cahiliyyət dövründə ərəb qadınları arasında
diş ətlərini boyalarla qaraltmaq dəbi olub. Onlar bununla dişlərinin daha da ağ
görsənməsinə nail olurdular. “Xınalı ağzında ağappaq görsənən dişləri göyərçin
qanadlarına bənzəyirdi,” deyən şair bu adətə işarə edir. Bundan sonra şair
sanki ifrata vardığını duyub vəsfinə “hökmdar deyir” sözləri əlavə edir.
Bununla da, özünü sanki hökmdarın qəzəbindən sığortalamaq istəyir.
زَعَمَ الهُمامُ بأنّ فاها بارِدٌ، عذبٌ مقبلهُ ، شهيُّ الموردِ
زَعَمَ الهُمامُ، ولم
أذُقْهُ، أنّهُ عذبٌ ، غذا ما ذقتهُ قلتَ : ازددِ
زَعَمَ الهُمامُ، ولم أذُقْهُ، أنّهُ يشفى ، بريا ريقها ، العطشُ الصدي
Hökmdar deyir ki onun dodaqları sərin,
öpüşləri dadlı şirindi.
Mən özüm dadmamışam, amma hökmdar
deyir ki, onun öpüşü o qədər dadlıdır ki, bir öpən bir də öpmək istəyər.
Mən özüm dadmamışam, amma hökmdar
deyir ki, bu öpüş öz ətri və ləzzəti ilə susuzluqdan ölənlərə həyat verir.
Sonrakı beytlərdə
şair xəyali olaraq xristian rahibinin obrazını yaradır. O, göstərir ki, öz dini
bu rahibə evlənməyi qadağan etsə də, o Mütəcərridəni görər-görməz haqq yolunu
tapdığını zənn edir. Beləliklə də, şeirdə gözəllik və eşq dinə qarşı qoyulur,
dinini atıb sevgiyə tapınan bir obraz yaranır, bununla da gələcəkdə üzri qəzəldə
və sufi poeziyasında mühüm yer tutan motivlərin ilk cücərtiləri meydana çıxır:
أخذ العذارى عِقدَها، فنَظَمْنَهُ، مِن لُؤلُؤٍ مُتتابِعٍ، مُتَسَرِّدِ
لو أنها عرضتْ لأشمطَ راهبٍ ، عبدَ الإلهِ ، صرورة ٍ ، متعبدِ
لرنا لبهجتها ، وحسنِ حديثها ، و لخالهُ رشداً وإنْ لم يرشدِ
Sanki gözəllərin boynundakı
mirvarı boyunbağı onun dişlərinin incisindən düzülmüşdü.
Əgər ömründə qadına yaxın durmamış, gününü ibadətdə
keçirən rahib onu görsə,
Gözəlliyinə bir nəzər salsa və şirin
söhbətini eşitsə, elə xəyal edər ki, həqiqi hidayətə qovuşub, amma əslində o
yolundan azıbdır.
Qəssanilərə
həsr etdiyi bəiyyə qəsidəsini şair ənənəvi ətlalın təsviri ilə deyil,
gecənin vəsfi ilə başlayır ki, bu özü də bir yenilik sayıla bilər. Şair qızı Uməməyə
müraciətlə gecənin uzunluğundan, onun gətirdiyi qüssə və ələmdən şikayətlənir.
Bundan sonra o, Qəssani hökmdarı Əmr ibn əl-Harisi mədh edir, onun qoşununun
qüdrətini tərifləyir. Maraqlı bir motiv kimi Nabiğə göstərir ki, Qəssani ordusu
yürüş edərkən, qarğa-quzğunlar onların
ardınca gedir, çünki onlar bilir ki, Qəssani ordusu döyüş meydanında bir çox cəsədlər
tərk edəcək.
Bütün bu nümunələr Nabiğə şeirinin
rəngarəngliyindən xəbər verir. Təsadüfi deyil ki, sonrakı dövrlərdə bir çox
filoloqlar, İslamın tanınmış şəxsiyyətləri onun poeziyasına yüksək qiymət
vermişlər.
No comments:
Post a Comment