ZUHEYR IBN ƏBI SULMƏ
Aida Qasımova
Mənbə:
ابن
قتيبة، الشعر و الشعراء، قدم له الشيخ حسن تميم والشيخ محمد عبد المنعم، دار احياء
العلوم، بيروت،1994
محمد ابن
سلام الجمحي، تحقيق الشيخ محمد سدير، بيروت، دار احياء العلوم، د.ت.
الزوزاني، شرح المعلقات السبع، بيروت، دار صادر، د.ت.
ابو زيد محمد القرشي، جمهرة اشعار العرب، بيروت، دار صادر، 1963
سوقي ضيف، تاريخ الادب العربي، العصر الجاهلي، القاهرة، د.ت.
Malik Mahmudov, Klassik ərəb ədəbiyyatı, 2001.
Aida Qasımova, Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu,
Bakı, Elm, 2007.
Крымский А.Е. Арабская поэзия в очерках и образцах.
Москва, 1906.
Фильштинский И.М.
История арабской литературы. Москва, И.М. 1985.
Большаков.
О.Г История халифата. I.
Ислам в Аравии. Москва 1989.
Грязневич
П.А. Развитие исторического сознания арабов – Очерки истории арабской культуры V-XIV
вв. Москва, 1982
Ханна
аль-Фахури. История арабской литературы. I-II Москва, 1959.
Reynold Nicholson, A
Literary History of the Arabs, London, T. Fisher Unwin, 1907.
Clement Huart, A
History of Arabic Literature, New York, 1903.
Arberry,
The Seven Odes, London-New York, 1957
Zuheyr ibn Əbi Sulmə cahiliyyət
dövrü ərəb şeirinin görkəmli nümayəndələrindən sayılır. İbn Səllam əl-Cumahi
onun adını İmru’ul-Qeys, Nabiğə əz-Zubyani, əl-Əşa ilə birlikdə fəhl yəni,
“ən yaxşı”, “istedadlı” şairlərin birinci təbəqəsinə daxil edir. (Fəhl əslində
“cins dəvə” deməkdir. Dəvə ilə bağlı epitet ərəbin bu heyvanı nə dərəcədə qiymətləndirməsindən
doğur.)
Həyatı macəralarla dolu
İmru’ul-Qeysdən, Tərəfə ibn əl-Abddan, Əmr ibn Külsümdən və Əntərədən fərqli
olaraq, Zuheyrin sakit bir həyat yaşadığını görürük. O, Bənu Ğatafan qəbiləsində
böyüyüb, boya-başa çatıb. Qəbilənin Zubyan qoluna mənsub olub, amma oğlu Kə‘bin
bir şeirində ailənin Bənu Muzeynə qəbiləsinə bağlılığı bildirilir. Buna görə də,
çox güman ki, şair Bənu Muzeynədən olub, ailəsi sonradan Ğatafana köçüb. Digər
bir mülahizəyə görə, onların Ğatafanda yaşaması, anasının o dövrün görkəmli şairi
və ravisi, həmin qəbilədən olan Aus ibn Həcərə ərə getməsinə görədir.
Zuheyr barədə danışarkən bütün
orta əsr filoloqları onun şairlər ailəsinə mənsubluğunu qeyd edir. Onun atası,
iki bacısı – Sulmə və Xənsa (bunu məşhur
mərsiyəçi Xənsa ilə qarışdırmamalı. Həmin Xənsa Bənu Suleymə qəbiləsindən
olub), dayısı Bəşama, iki oğlu Kə‘b və Buceyr, Kə‘bdən olan nəvə və nəticələri
şair olub. Zuheyrin şair kimi parlamasında iki şəxsin böyük təsiri olub.
Onlardan biri atalığı Aus ibn Həcər idi. Zuheyr onun yanında ravilik etməklə
poeziyanın sirlərinə yiyələnib. Ausla yanaşı dayısı Bəşama ibn Ğadir də Zuheyrə
şeir yazmağın qaydalarını öyrədib. Ölüm yatağında olarkən Bəşama bütün var-dövlətini
qohumları arasında böldükdən sonra Zuheyrə, “mən ən yaxşı mirasımı – şeir sənətimi
sənə vermişəm” –deyir. Deyilənə görə, şairin böyük bacısı Sulmə də çox
istedadlı şairə olub. Adətən kunyələrini oğul övladından əxz edən ərəblər nadir
hallarda qızlarının adı ilə adlanardı. Bu ancaq həmin qız məşhur olanda mümkün
idi. Görünür, Sulmə həqiqətən də öz dövrünün məşhur şairələrindən olub ki,
atası onun adını kunyə kimi qəbul edib. Şairin oğlu Kə‘b isə ərəb poeziyasının
nadir incilərindən sayılan məşhur “Burdə” qəsidəsinin müəllifi idi.
Şairin müəlləqəsindən onun 80 ildən
artıq yaşaması məlumdur. O İslamdan əvvəl dünyadan köçmüşdür. Amma bəzən peyğəmbərin
onu gördüyünü, və bu zaman “Allahım məni bu şeytandan qoru!” dediyini bildirirlər
(Nikolson, 119). Ərəblər qədim zamanlardan şeir sənətinin insanlara cinlər.
Şeytanlar tərəfindən təlqin olunmasına inanır, bu səbəbdən də, müşriklər dilində
vəznli, qafiyəli Quran ayələri səslənən Peyğəmbəri “cinli şair” (شاعر مجنون)
adlandırırdılar. Belə olduqda, Peyğəmbərin şairlər əleyhinə bəzi kəlamları onun
öz missiyasının fərqli olduğunu vurğulamaq baxımından anlaşılandır.
İbn Quteybə göstərir ki, Ömər ibn əl-Xəttab
Zuheyrin poeziyasını çox bəyənib və onu “şairlərin ən yaxşısı (اشعر الشعراء) adlandırıb.
Çünki o arxaik sözlər (حوشي) işlətmir, şeirlərini aydın
yazırdı. Digər tərəfdən, o, bir insanı mədh edərkən ona uydurma keyfiyyətlər
aid etməyib, həmin adamın həqiqi məziyyətlərini dilə gətirirdi. (İbn Quteybə,
73)
Zuheyrin yaradıcılığı müəyyən mənada
Əbs və Zubyan qəbilələri arasına baş vermiş “Cıdır yarışı” müharibəsi ilə bağlı
idi. O, öz müəlləqəsini bu müharibənin dayandırılmasında böyük rolu olmuş Hərim
ibn Sinan və əl-Haris ibn Auf adlı iki ərəbə həsr edib. Zuheyr sonradan xüsusi
hörmət bəslədiyi Hərimə bir çox şeirlər qoşub. Həddindən artıq səxavətli olan Hərim
ibn Sinan söz verir ki, Zuheyrin nəinki hər şeirinə, hətta hər salamına belə ya
bir at, ya bir kəniz, ya da kölə hədiyyə verəcək. Dünyagörmüş və gözütox Zuheyr
onu adamlar arasında görərkən, “Sizlərdən ən şərəflisi Hərim istisna olmaqla,
hamınıza salam olsun!”, deyərdi.
Rəvayətə görə, bir dəfə Zuheyr
şeirinin vurğunu olan xəlifə Ömər ibn əl-Xəttab, İslamdan sonra Hərimin
oğlanları ilə rastlaşır və onlardan Zuheyrin atalarına həsr etdiyi mədhiyyələrdən
birini söyləməyi istəyir. Şeiri dinlədikdən sonra Ömər, “Görün Zuheyr sizə necə
gözəl şeirlər qoşub”-deyir. Hərimin oğlanları, “Bizim atamız da ona yaxşı hədiyyələr
edib.” - deyir. Ömər, “Ancaq siz verənlər yox olub, o verənlər isə əbədi
qalır,” - söyləyir. (İbn Quteybə, 78)
Zuheyr İslamadək yaşamasa da, onun
bir yuxuya istinadən belə bir dinin yaranacağından xəbərdar olması bildirilir.
Rəvayət edilir ki, o yuxuda bir ucu göylərə bağlanmış bir ip görür. Nə qədər
çalışırsa həmin ipi tutub göylərə dırmana bilmir. O, bu yuxunu Ərəbistanda yeni
bir səmavi din yaranacağı kimi yozur. Amma ona bu dinə qovuşmaq nəsib
olmayacaqmış, və bu səbəbdən yuxuda kəndirlə göylərə qalxa bilmir. Bununla belə,
oğlanlarına yeni bir din yaranacağı barədə xəbər verir və onlara həmin dinə
tapınmağı tapşırır.
Zuheyrin yaradıcılığı da fərqli təsir
bağışlayır. Məşhur filoloq əl-Əsməi onu şeirin köləsi (عبيد الشعر) adlandırıb.
Çünki o fitrət, təb şairi (مطبوع) deyildi. Bədahətən
şeir demək bəlkə də ona yad idi, və yaxud, bədahətən şeir desə də, onu dərhal
yaymaz, uzun müddət üzərində əl gəzdirərdi. O bir qəsidənin üzərində bəzən bir
il işləyirdi. Bu səbəbdən şeirləri “bir illiklər” (الحوليات) adlanıb.
Zuheyrin şeirləri digər cahiliyyət şairlərinin
divanları ilə birlikdə “Altı şairin divanı” adı altında əl-Şantamarı tərəfindən
toplanıb. Bu divanda şairin vaxtilə filoloq əl-Əsmai tərəfindən hifz olunmuş 18
qəsidəsi və qitələri vardır. 1870-ci ildə görkəmli şərqşünas Vilyam Alvardt həmin
divanı nəşr edib. 1888-ci ildə divan Leydendə, 1905-ci ildə isə Misirdə nəşr
olunub. Bundan sonra şairin divanı mənbələrdə hifz olunmuş şeirlər də əlavələr
edilməklə dəfələrlə işıq üzü görüb.
Divanın əsas hissəsini Hərim ibn Sinana və əl-Haris
ibn Aufa həsr edilmiş mədhiyyələr təşkil edir. Bundan başqa divanda həcv, fəxriyyə,
hikmət, vəsf janrlarında şeirlər də vardır.
Zuheyrin müəlləqəsi Abs və Zubyan qəbilələri
arasındakı müharibənin yatırılmasına həsr edilib. Mim hərfi ilə qafiyələnir.
İlk 1-15-ci beytlər nəsib hissəsi olub tərk edilmiş obanın qalıqlarını təsvirini
verir. 16-25-ci beytlərdə Əbs və Zubyan qəbilələri arasında sülh əldə edilməsindən,
bu işdə xidməti olan ərəblərdən danışılır. 26-35-ci beytlərdə müharibənin bəlaları
təsvir olunur və insanlar sülhü qorumağa çağırılır. 36-48-ci beytlər Zubyan qəbiləsinə
həsr olunub. 49-65-ci beytlərdə hikmət və aforizmlər verilir.
Zuheyr mədhiyyə, hikmət, həcv, vəsf, nəsib və
b. janrlarda şeirlər yazıb.
Müəlləqə, qeyd etdiyimiz kimi Umm Aufanın
tərk edilmiş obasının təsviri ilə başlayır. Umm Aufa şairin birinci arvadı
olmuş, ondan olan övladları tələf olduğundan, şair sonbradan Kəbşə adlı qadınla
evlənib. Kəbşədən onun üç oğul övladı olub: Səlim, Kə‘b və Buceyr. Səlim erkən
vəfat etmiş, və Zuheyr ona mərsiyə qoşmuşdur.
Zuheyrin poeziyası sanki onun təbiətinin,
xarakterinin güzgüsüdür. Ərəblərin hikmət adlandırdıqları ibrətamiz həyat fəlsəfəsi
onun yaradıcılığında aparıcı yer tutur. Zuheyrin şeirində sülh çağırışları
müdrik kəlamlarla, zuhdiyyə yönümlü şeirlərlə vəhdət təşkil edir. O
sanki insanları fani dünyanın mal-dövləti üçün bir-birini öldürməməyə səsləyir.
Pessimist əhval ruhiyyəli həyat fəlsəfəsi onun müəlləqəsində daha
güclüdür.
سَئِمتُ
تَكاليفَ الحَياةِ وَمَن يَعِش ثَمانينَ حَولاً لا أَبا لَكَ يَسأَمِ
رَأَيتُ
المَنايا خَبطَ عَشواءَ مَن تُصِب تُمِتهُ وَمَن تُخطِئ يُعَمَّر
فَيَهرَمِ
وَأَعلَمُ
عِلمَ اليَومِ وَالأَمسِ قَبلَهُ وَلَكِنَّني عَن عِلمِ ما في غَدٍ عَم
وَمَن
لا يُصانِع في أُمورٍ كَثيرَةٍ يُضَرَّس بِأَنيابٍ وَيوطَأ
بِمَنسِمِ
وَمَن
يَكُ ذا فَضلٍ فَيَبخَل بِفَضلِهِ عَلى قَومِهِ يُستَغنَ عَنهُ
وَيُذمَمِ
Dünyanın qayğılarından lap cana
doydum. Kim səksən il ömür sürsə, o da mənim kimi bezər.
Görürəm ki, ölüm kor dəvə kimi hər
şeyi tapdaya-tapdaya gedir; kim ki, onun ayağının altına düşür, onu məhv edir.
Kimi ki, tapdaya bilmir o adam uzun ömür sürüb qocalır.
Mən dünən nə baş verdiyindən xəbərdaram.
Bu gün nələr olacağını da deyə bilərəm, amma sabah nə baş verəcəyindən xəbərsizəm.
Sən öz işlərində şəraitə
uyğunlaşıb insanları ələ almalısan, yoxsa səni diri-diri çeynəyib ayaqlar
altında tapdalayarlar.
Əgər imkanın olduğu halda öz
qövmünə əl tutmursansa, səndən üz döndərər, məzəmmət edərlər.
Yuxarıdakı parçada birinci beyt
şairin uzun ömür sürməsinə, müəlləqəsini 80 yaşında yazmasına dəlalət
edir. İkinci beytdə şairin tale ilə bağlı düşüncəsi əks olunub; çox güman ki,
Zuheyr həyatda təsadüflərin böyük rol oynadığına, hər şeyin bəxtə-bəxt olması
prinsipinə inanıb. Onun bu beytində talenin Fortuna modelini görürük. O kor bir
dəvə kimi addımlayan ölüm obrazı – təşxis-istiarə yaradır. Kim onun
ayaqları altına düşürsə məhv olur, kim onun tapdağından qurtulursa, uzun ömür
sürür. Üçüncü beyt gələcəyin mübhəmliyi, baş verəcək hadisələrin insanlara
qabaqcadan məlum olmaması fikrini ifadə edir. Bu motiv Tarafə ibn əl-Abd müəlləqəsində
də əks olunub. Ərəbistan yarımadasında gələcəkdən xəbər verən kahinlər zümrəsi
var idi, amma görünür müdrik insanlar onlara çox da inanmırdılar. Sonrakı iki
beytdə şair abstrakt məfhumlardan real həyata yönəlir; insan cəmiyyəti də ölüm
kimi amansızdır. İnsan gərək şəraitə uyğunlaşıb başqalarının işinə yaraya
bilsin, var dövlətindən ehtiyacı olanlara versin. Görünür, məhz bu yolu
seçdiyindən Zuheyr sakit bir ömür sürmüş, digər şairlər kimi, problemlərlə üzləşməmişdir.
Müəlləqədə ərəblərin mifik təsəvvürləri də
əks olunub. İp arxetipi, onun yunan Moyra ilahələrində olduğu kimi, ölümlə əlaqələnməsi,
yeri və göyləri birləşdirən mifik nərdivan barədə əski təsəvvürlər aşağıdakı
parçada verilir:
وَمَن
هابَ أَسبابَ المَنِيَّةِ يَلقَه وَإن يرق أَسبابَ السَماءِ بِسُلَّمِ
Kim ki, ölümün ona atacağı kəmənddən
qorxur, bil ki, kəndir tapıb göylərə dırmansa belə, ölüm onu yaxalayacaq.
Sonrakı beyt yenidən insan və
toplum məsələsinə qayıdır. Müdrik şair sanki insanlara həyatda necə davranmağı
öyrədir.
وَمَن
يَغتَرِب يَحسِب عَدُوّاً صَديقَهُ وَمَن لا يُكَرِّم نَفسَهُ لا
يُكَرَّمِ
وَمَهما
تَكُن عِندَ اِمرِئٍ مِن خَليقَةٍ وَإِن خالَها تَخفى عَلى الناسِ
تُعلَمِ
İnsan qürbət diyarda düşməni dost
bilir. Özünə hörmət qoymayana, başqası hörmət etməz.
Hər insanın öz təbiəti var. O, öz
xasiyyətini gizlətdiyini xəyal etsə də, bir gün hər şey aşkar olur.
Qeyd etdiyimiz kimi, Zuheyr
İslamdan əvvəl dünyasını dəyişib. Çox güman ki, Zubyan qəbiləsinin digər üzvləri
kimi o da qəbilənin əsas ibadət yeri sayılan Uzza bütünə ibadət edib. Amma
aşağıdakı beyt şairə monoteist düşüncənin, Qiyamət Günü barədə fikirlərin hətta
dünyada hər şeyin müqəddəs bir kitabda yazılması kimi fatalist düşüncənin yad
olmadığından xəbər verir. Bəlkə də, şair sonda hənifliyə meyl edib, amma
bu barədə qəti fikir söyləmək çətindir.
فَلا
تَكتُمُنَّ اللَهَ ما في نُفوسِكُم لِيَخفى وَمَهما يُكتَمِ اللَهُ
يَعلَمِ
يُؤَخَّر
فَيوضَع في كِتابٍ فَيُدَّخَر لِيَومِ الحِسابِ أَو يُعَجَّل فَيُنقَمِ
Qəlbinin dərinliklərindəkin Allahdan
gizlədə bilməzsən. Nə qədər gizli saxlasan da Allah hər şeyi bilir.
O, (bütün olacaqları) Kitabda
yazıb ya cəzaları tezləşdirir, ya da Qiyamət gününədək təxirə salır.
Müəlləqədən aşağıdakı parçada isə Zuheyri
sülh şairi kimi görürük. Burada şair müharibə ilə bağlı maraqlı obrazlar
yaradır; müharibə “insanları dəyirman daşı kimi üyüdür” deməklə şair müharibənin
fəlakətlərini təsvir edir. Bir dəfə başlanan müharibəni yatırmaq çox çətin
olur, çünki, o, “ildə bir dəfə hamilə qalıb əkiz uşaq dünyaya gətirir”.
وَما
الحَربُ إِلّا ما عَلِمتُم وَذُقتُمُ وَما هُوَ عَنها بِالحَديثِ
المُرَجَّمِ
مَتى
تَبعَثوها تَبعَثوها ذَميمَةً وَتَضرَ إِذا ضَرَّيتُموها فَتَضرَمِ
فَتَعرُكُّمُ
عَركَ الرَحى بِثِفالِها وَتَلقَح كِشافاً ثُمَّ تَحمِل فَتُتئِمِ
فَتُنتَج
لَكُم غِلمانَ أَشأَمَ كُلُّهُم كَأَحمَرِ عادٍ ثُمَّ تُرضِع فَتَفطِمِ
Müharibənin nə olduğunu yaxşı
bilirsiniz. Dadına bələdsiniz. Müharibədən danışarkən zənnə, gümana qapılmaq
olmaz.
Müharibəni başlarkən, məzəmmət
doğurursuz. Siz ona alovlandırarkən, o (sizin özünüzü) atəşlə yandırar və (və
yaxud, siz bu şirə salam verərkən o sizi parçalayar).
Müharibə ağır dəyirman daşı kimi
Sizi üyüdər. O hamilə qalarsa, mütləq əkiz doğar.
Sizə bədbəxtlik gətirən məşum bir
oğul doğar. (Salehin dəvəsini öldürmüş) Əhmər Ad kimi birisini əmizdirib böyüdər.
İ. Filştinskinin fikrincə,
Zuheyrin hikmətamiz şeirləri qəbilə üzvlərinə təsir etmək, onları müharibədən,
düşmənçilikdən çəkindirmək məqsədi güdürdü. Bu səbəbdən, onun yaradıcılığında
didaktik istiqamət güclü olub və məhz buna görə də o şeirlərini sadə dildə,
anlaşıqlı yazıb (Filştinski, 90). Zuheyr şeirlənin asan başa düşülməsinin başqa
səbəbi onun mücərrəd mövzulara üstünlük
verməsidir. Ərəb şeirində ən çətin ifadələr vəsf janrına aiddir.
Xüsusilə səhranın təsviri ilə bağlı şeirlərin başa düşülməsi çətinlik törədir.
Şairlər sanki landşaftın kasıblığını bənzətmələrin bolluğu ilə kompensasiya etmək
istəyirlər. Xüsusilə səhra həyatına bələd olmaya oxucu bu şeirləri başa düşməkdə
çətinlik çəkir. Həyat fəlsəfəsi, zuhdiyyə şeiri, hikmətamiz fikirlər, hətta
qəzəl və nəsib hamı üçün qismən eyni dəyərləri ifadə etdiyindən,
dil daşıyıcıları olmayan oxucu da bu şeirləri vəsfdən daha yaxşı anlayır.
Cahiliyyət şeirinin əsas
mövzularından biri də həyatın və insan ömrünün faniliyidir. Bu mövzu ilə bağlı
şeirlərdə bir qayda olaraq, keçmişin
qüdrətli hökmdarları, onların məhv olmuş cah-calalı xatırlanır. Tubbəa nəslindən
olan Himyər hökmdarları, Zul-Qarneyn, Misir fironları, Ad qəbiləsi və
başqalarının izi itmiş səltənəti insanlara bir ibrət dərsi olaraq xatırladılır.
ألا
لا أرى على الحَوَادثِ باقِياً ولا خالِداً إلاّ الجِبالَ الرّواسِيَا
وإلاّ
السّماءَ والبِلادَ وَرَبَّنَا وأيّامَنَا مَعْدُودَة ً واللّيالِيَا
أراني
إذا ما شئتُ لاقيتُ آية ً تذكرني بعضَ الذي كنتُ ناسيا
ألم
ترَ أنَّ الله أهلكَ تبعاً وأهلكَ لقمانَ بنَ عادٍ، وعاديا
وأهلكَ
ذا القرنينِ، من قبلِ ما ترى وفرعونَ أردى جندهُ، والنجاشيا
ألا
لا أرَى ذا إمّة ٍ أصْبَحَتْ بِهِ، فتَترُكُهُ الأيّامُ، وهْيَ كما هيا
Həyat gəldi-gedər, baş verən hadisələr davamsızdır. Yerində möhkəm
dayanan ancaq dağlardır.
Bir də göylər, obalar və Rəbbimiz əbədidir.
Günlərimiz və gecələrimiz isə qabaqcadan sayılıb.
(Ətrafa) diqqətlə baxanda bir
zamanlar unutduqlarımı yenidən yadıma salan işarələr görürəm
Görmürsənmi ki, Allah Tubbəanı necə
məhv etdi? Loğman ibn Adı və düşmənlərini necə yox etdi?
Zül-Qarneynin, ondan əvvəl
yaşayanların, Fironun və ordusunun, Həbəş
hökmdarının axırına çıxmadımı?
Bir zaman nemət sahibi olanları dövran zəlil edib zavallı hala salır.
Zuheyrin poeziyası həm də yüksək bədiiliyi ilə
seçilir. İ.Filştinski diqqəti Zuheyrin metaforlar silsiləsinə cəlb edir.
Şair metaforlarının ardınca gedərək xəyalında zəncirvari obrazlar yaradır. Hərim
ibn Sinanın gözlərindən axan yaşlar iki vedrədən tökülən su kimi təsvir olunur.
Bu vedrələri dəvənin belində daşıyıb su novçasına tökürlər. Novçaya su tökülən
kimi qurbağalar boğulmaqdan qorxaraq kənara sıçraşırlar. (Filştinski, 91). Bir
qəzəlidə şair, sevgilisinin yolunda axıtdığı göz yaşlarını sapı qırılmış
mirvarilərə bənzədir. Hərim ibn Sinanı təriflərkən, Zuheyr maraqlı motiv
yaradır: O yanına bir təmənna ilə gələnə o qədər sərvət verir ki, həmən sərvəti
daşıya bilməyən adama “zülm etmiş olur”.
Zuheyr şeirinə qəzəl janrı da yad
deyil. O da qəsidələrini ənənəvi nəsiblə başlayır. Amma, Şauqi Dayfa görə, bu
şeirləri o, ənənə naminə yazır və öz real hisslərini deyil, oxucuya xoş gələcək
hissləri tərənnüm edir (Şauqi Dayf, 314). Mənim fikrimcə, on beş əsr öncə
yaşamış bir şairin hissləri barədə mühakimə yürütmək o qədər də düzgün deyil, hətta
o, duyğu və ehtiraslarını açıq bildirməkdən çəkinsə də. Aşağıdakı parçada biz şairin
qəzəl və xəmriyyə elementlərini üzvi surətdə birləşdirdiyini
görürük:
قامت
تبدَّى بذي ضالِ لتحزنني ولا محالة َ أنْ يشتاقَ من عشقا
بِجِيدِ
مُغْزِلَة ٍ أدْماءَ خاذِلَة ٍ من الظباءِ، تراعِي شادناً، خرِقا
كأنّ
رِيقَتَها بعدَ الكرَى اغتُبِقَتْ مِنْ طَيّبِ الرّاحِ لمّا يَعْدُ أن
عَتُقَا
شج
السقاة على ناجودها شبما من ماء لينة لا
طرقا ولا رنقا
Sevgilim Zu Daldə görsənərkən, məni kədər bürüdü;
aşiqin müştaq olmaması qeyri-mümkündür.
Boynu ceyran boynu kimi ağappaq və zərif idi. Dəstədən
ayrı düşmüş ahu balası kimi ürkək halda ətrafa baxırdı.
Səhər yuxudan ayılarkən ağız suyu su qatılmış gözəl
ətirli köhnə şərab kimi dadırdı.
Sanki saqilər bu şərabın üst qatını yığıb üzərinə Linə quyusunun saf və bulaşıqsız
suyunu qatmışlar.
Zuheyrin poeziyası özündən sonrakı şairlərin
yaradıcılığına böyük təsir göstərib, Bəzi poetik motivlərinə isə dönə-dönə
müraciət edilib. Onun bəzi beytləri
(Kuseyyir Uzzə, Tırımmah ibn Hakim, Nabiğə əl-Cə‘di, Kə‘b ibn Zuheyr kimi şairlər
tərəfindən cilalanıb yenidən işlənmişdir:
No comments:
Post a Comment