Saturday, January 16, 2016

Khutbah and Khatibs, Quss ibn Saida

XÜTBƏ SƏNƏTİ və XƏTİBLƏR

شوقي ضيف، النثر و مذاهبه في النثر العربي،القاهرة، 1960
سوقي ضيف، تاريخ الادب العربي، العصر الجاهلي، القاهرة، د.ت.
احمد حسن الزيات، تاريخ الادب العربي، القاهرة، د.ت.
ابن رشيق القيرواني، العمدة في صناعة الانشاء، بيروت، د.ت.
جاحظ، البيان والتبيبن،1-4، بيروت.

Malik Mahmudov, Klassik ərəb ədəbiyyatı, 2001.
Aida Qasımova, Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu, Bakı, Elm, 2007.
Фильштинский И.М. История арабской литературы. Москва, И.М. 1985.
Грязневич П.А. Развитие исторического сознания арабов – Очерки истории арабской культуры V-XIV вв. Москва, 1982
Ханна аль-Фахури. История арабской литературы. I-II Москва, 1959.
Reynold Nicholson, A Literary History of the Arabs, London, T. Fisher Unwin, 1907.
Clement Huart, A History of Arabic Literature, New York, 1903


  
Cahiliyyət dövrünün söz sənəti poeziya ilə məhdudlaşmırdı. Söz sənəti ilə bağlı digər mühüm tə­bə­qə xətiblər idi.  Xütbə söyləmək cəmiyyətdə geniş yayıl­dı­ğından, hər bir qəbilə başçısı, ordu sərkərdəsi  və yaxud ka­hinlər xütbələr söylədiyindən bu təbəqənin hüdudları da­ha geniş təsir bağışlayır. Bununla belə biz o dövrdə xütbə söyləməyi özünə peşə etmiş sənətkar xətiblərin olmasını da qeyd etməliyik. Cahiz «əl-Bəyan va əl-təbyin»də onların böyük bir qisminin adını çəkir. Müasir araşdırmalarda cahiliyyət dövrünün məşhur xə­tib­ləri sırasında Amir ibn Tufeylin, Xalid ibn Malikin, Rə­biə ibn Hüzarın, Xalid ibn Malikin və b. adının çəkil­di­yini görürük.
Xütbələr də şer kimi müxtəlif münasibətlə söylənilirdi. Ərəblər öz əsil nəcabətləri ilə öyünüb, düşmənlərini gözdən salarkən, özlərinin və qəbilələrinin gözəl xüsusiyyətlərini tə­rif edərkən xütbələrə müraciət edirdilər.  Müxtəlif qəbilələr arasında nümayəndə heyətlərinin gəlişi həmişə xütbələrlə mü­şaiyət olunurdu. Qəbilələrarası qohumluq əlaqələri, sül­hə çağırış, öyüd-nəsihət, hidayətə dəvət döyüşdən əl çəkmək və s. kimi məqsədlər xütbələrin əsas qayəsini təşkil edirdi. Şövqü Dayf göstərir ki, xətiblər insanları məhz sülhə çağır­dıq­larından onların hörməti döyüşə, qisasa çağıran şerlər söyləyən şairlərdən çox idi. Ümumiyyətlə, ərəb cəmiyyətin­də şairin, yoxsa xətibin yüksək qiymətləndirilməsi orta əsr filoloqlarının sevdiyi polemikalardan olub. Cahiz «əl-Bəyan va əl-təbyində» görkəmli filoloq, cahiliyyət ədəbiyyatının məşhur bilicisi Əbu Əmr ibn əl-Əlaya istinadən deyir:

Ərəb­lər cahiliyyət dövründə şairi xətibdən üstün tuturdular. Bu onların gözəl işlərini qeydə alan və şanlı əməllərini ucaldan, düşmənləri və istilaçıları qorxudan, düşmən cəngavərlərin ürəyinə xof salan şerə olan ehtiyacından irəli gəlirdi. Elə ki şer də, şairlər də çoxaldı, şairlər şeri qazanc vasitəsi etdilər və qa­ra camaatın yanına gedib qoşduqları şeri ərz etdilər, xə­ti­bin mövqeyi şairin mövqeyini üstələdi. (Cahiz, I. 241)

Cahiliyyət dövründə Məkkə və Mədinədə, eləcə də köçəri ərəblər içərisində bir çox xətiblər var idi.  Onların Məkkədə daim yığıldığı məclisi şöhrət tapmışdır. Burada qureyş qəbi­lə­sinin başçıları yığışıb öz mühüm problemlərini müzakirə edir, bu  vaxt xütbələr söylənilir, söhbətlər edilirdi. Onların xətibləri içərisində Suheyl ibn Əmr əl-Ələm çox  nüfuzlu idi. O İslama qarşı çıxdığından Ömər (r) həzrəti peyğəmbərə (s.ə.s.) məsləhət görür ki, xütbə söyləyə bilməsin deyə onun iki qabaq dişini çıxartdırsın. Ancaq peyğəmbər: «Mən pey­ğəm­bərəm və onu bu cür eybəcərləşdirə bilmərəm, onda  Al­lah da məni pis kökə salar. Yaxşı olar ki, sən onu İslama də­vət edəsən, ola bilər ki, sənin bəyəndiyin bir məqama yetər», - demişdir. Doğrudan da sonra Suheyl ibn Əmr islamı qəbul edib mömin müsəlman olub.
Cahiliyyət dövründə natiqlik sənətinin, xütbə söyləməyin yazılı qanunları olmasa da artıq həm xütbə söyləməyin zahiri tərzi, həm də xütbələrin özünün ədəbi-bədii keyfiyət­lə­ri barədə ənənə halını almış fikirlər mövcud idi. Xütbələr bir qayda olaraq uca yerdən söylənilirdi. Bir çox xətiblər də­və və ya at belində xütbə söyləməyi üstün tuturdular. Adə­­­tən bayramlar, mərasimlər zamanı, insanların çox oldu­­ğu yerdə xütbə demək münasib sayılırdı. Çox vaxt xətiblər əllərində əsa, çubuq və s. tutar, nitq prosesində onlara işa­rə­lər edərdilər. Xətibin səsi gur, cingiltili, nitqi aydın, söz­ləri səlis olmalı idi. Xütbə deyərkən təngənəfəs olmaq, tit­rə­mək, həyəcanlanmaq, dili dolaşmaq məqbul sayılmırdı. Xətib xütbə zamanı bığına,saqqalına toxunmamalı idi.
Cahiliyyət dövrünün xütbələrinin böyük əksəriyyəti itib batsa da dövrümüzə gəlib çatan azacıq nümunələr onların üslub cəhətləri barədə mühakimə yürütməyə imkan verir. Xüt­bələr adətən səc üslubunda olurdu. Qısa, ahəngli cüm­lə­lər işlənir, lakin onların  məna  tutumuna xüsusi diqqət ye­ti­ri­lirdi. Xütbələrdə hikmətamiz fikirlər, insanları düşün­dü­rən ifadələr ustalıqla işlənirdi. Təşbih və istiarələrə, müba­li­ğə­lərə müraciət edilirdi. Söylənilən xütbəyə xüsusi bir ahəng  vermək üçün sözlərin məxrəcinə, səslərin uyğunluğuna ay­rıca önəm verilirdi. Bu cəhətdən Quss ibn Səi­dənin xütbəsi daha məşhur idi.
VI –VII əsrlərin qovşağında yaşamış Quss ibn Səidə ərəblər içərisində bəlağətin rəmzi sayılıb. Ərəblər bir kəsin səlis, bəlağətli danışığını bildirmək istədikdə ابلغ من قس Qussdan daha bəlağətlidir – deyirdilər. Onu muammərun, yəni uzun ömür sürmüş ərəblərdən sayırlar. Müdriklikdə adı Loğman ibn Adla yanaşı anılır. Onun gah xristian, gah da hənif olması iddia edilir. Hər bir halda Quss hələ İslamdan öncə təkəllahlılıq yolu tutanlardandır. Quss ibn Səidə asketik həyat yolu tutub səhra­la­ra çəkilir, bəzi yemək növ­lə­rin­dən, xüsusilə bütlərə kəsilən qurban ətindən çəkinir, heyvanlar və quşlarla ünsiyyət edirdi.
Quss ərəblər içərisində ilk dəfə uca yerdən, dəvənin belindən və s. xütbə deyən olub. Xütbə deyərkən qılıncını və ya əsasını oynatmaq, ritm tutmaq adəti də ona aid edilir. Xütbəyə başlanğıc verib اما بعد ifadəsi ilə davam etmək, ilk dəfə isnadlar silsiləsi işlətmək də onun adına yazılır. Quss həm də şair və insanların mübahisəli məsələlərini həll edən arbitr kimi tanınmışdı.  Onun  bəzi hikmətamiz kəlamları ərəblər arasında dillər əzbəridir:

ولا تشاور مشغولا وإن كان حازما، ولا جائعا وإن كان فهما، ولا مذعورا وإن كان ناصحا

Ağıllı olsa belə bir işlə məşğul olan adamdan məsləhət alma. Anlayan birisi olsa da, ac adamdan məsləhət istəmə. Yaxşı nəsihət verən olsa da, qorxu içində olan adamdan məsləhət istəmə.

Hədisdə deyilir ki, Qussun mənsub olduğu Bəkr ibn Vail qəbiləsinin nümayəndələri İslama tapınmaq üçün  Peyğəmbərin (s.ə.s) hüzuruna gələrkən, Peyğəmbər onlardan Quss barədə soruşmuş, onun ölüm xəbərini eşitdikdə onun xütbəsini söyləmişdir. Bu, Qussun Məkkə yaxınlığındakı Ukaz bazarında söylədiyi məşhur xütbə idi. Peyğəmbərin həmin xütbəni məhz Ukazda eşitdiyi rəvayət edilir:



أيها الناس، اسمعوا وعوا، وإذا سمعتم شيئا فانتفعوا، إنه من عاش مات، ومن مات فات، وكل ما هو آت آت. إن في السماء لخبرا، وإن في الأرض لعبرا. ليل داج، ونهار ساج، وسماء ذات أبراج، وأرض ذات فجاج، وبحار ذات أمواج.
 ما لي أرى الناس يذهبون ولا يرجعون؟ أرضوا بالمقام فأقاموا أم تركوا هناك فناموا؟
يا معشر إياد، أين الآباء والأجداد؟ وأين المريض والعواد؟ وأين الفراعنة الشداد؟ أين من بنى وشيد، وزخرف ونجد؟ أين من بغى وطغى، وجمع فأوعى، وقال أنا ربكم الأعلى؟ ألم يكونوا أكثر منكم أموالا، وأطول منكم آجالا؟ طحنهم الثرى بكلكله، ومزقهم الدهر بطوله، فتلك عظامهم بالية، وبيوتهم خاوية، عمرتها الذئاب العاوية. كلا بل هو الله الواحد المعبود، ليس بوالد ولا مولود

Ey camaat! Dinləyin və anlayın! Bir söz eşitdikdə, ondan fayda götürün. Bilin ki, yaşayan bir gün öləcək.  Ölən bir dəfəlik yox olur. (Olacağa çərə yoxdur), başımıza bir iş gələcəksə, gələcək. Göylərdə bizim üçün xəbər (tale yazısı) var. Yerdə isə ibrət vardır. Gecələr qaranlıq, gündüzlər aydındır. Səmada bürclər var. Yer üzü dərəli-təpəlidir. Dənizlər dalğalıdır.
Görəsən insanlar nə üçün bu dünyadan köçür, bir daha qayıtmırlar? Getdikləri yeri bəyənib qalırlarmı, yoxsa sadəcə orda tərk edilib unudularaq yuxuya gedirler?
Ey İyad camaatı, Hanı atalarınız, babalarınız? Hanı xəstə və sağlamlarınız? Bəs o qüdrətli fironlar hanı? O uca binalar tikən, o binaları bəzəyənlər hardadır? İnsanlara pislik edib zülm verənlər hanı? Bir zamanlar xəzinələr yığıb var-dövlətini qoruyanlar hanı? O kəslər ki, insanlara “mən sizin ən uca rəbbinizəm” deyib (tanrılıq iddiası edirdilər).
Onların var-dövləti sizinkindən də artıq deyildimi? Onların cah-cəlalı sizinkindən də uca deyildimi?
Torpaq onları sinəsinə basıb üyütdü, çərxi-fələk onları pərən-pərən saldı.  Budur, artıq sümükləri belə çürüyüb. Boş qalmış evlərində bayquşlar ulayır.
Yox, ibadət ediləsi yalnız tək Allahdır. O nə doğmuş, nə də doğulmuşdur. 


Cahiliyyət dövrünün bəzi xətibləri həm də müdrik adam­lar kimi tanınmışlar. Onlardan Əksəm ibn Sayfini göstər­mək olar. O öz nitqlərində hikmətamiz kəlamlardan, zərb məsəllərdən dönə-dönə istifadə edən bir  kəs idi. Əksəmin Sa­sani hökmdarı Ənuşirəvanla görüşü məşhurdur. Rəva­yə­tə görə, bu görüşə qədər ərəblər barədə bədgüman olan  Sa­sa­ni padşahı Əksəmlə tanışlıqdan sonra demişdir: «Ərəblər içə­risində Əksəmdən başqası olmasaydı, yenə də  (onların ağıl və dərrakəsinə) kifayət edərdi».
İslamın yaranması ilə xütbə sənəti yeni bir mərhələyə qədəm qoyur; xütbələr məscidlərə yol açır, dini-siyasi mövzulara üstünlük verilir.
Cahiliyyət dövründə söz sənəti ilə bağlı zümrələr şair və xətiblərlə məhdudlaşmır. Səc üslubunda öncəgörmələr söyləyən kahinlər barədə ayrıca danışılacaq. Ərəblərin keçmişi, tarixi günləri, dini rəvayətləri barədə hekayətlər söyləyən qəssasları, eləcə də öz ailəsinin və qəbiləsinin nəsəbini öyrənib onu təhriflər­dən qoruyan  nəssabları da qeyd etmək lazımdır.  Ərəblər içərisində qəssasların ətrafına toplaşıb onların hekayətinə qulaq asmaq adəti sonrakı əsrlərdə də davam etmiş, ərəb xalq romanları da bu cür yaranmışdır.  Qəbilələrarası mü­ha­­ri­bələri əks etdirən Əyyəm əl-arab, Himyər hökmdarları, Mərib səddi, Xəndək əhli, Fil əhli, İbrahim və İsmail peyğəmbərlərin hekayətləri, Bilqeyslə Süleymanın əhvalatı, eləcə də Tövrat və İncildə əks olunmuş dini rəvayətlər ərəb­lər içərisində rəvac tapmışdır.
Ərəblərin  öz qəbilələrinə bağlılığı (əsəbiyyə) və bundan irəli gələn qəbilə ilə fəxr etmə, başqa qəbilələri tənqid etmə və s. nəssablara da daim ehtiram doğururdu.


No comments:

Post a Comment