Tuesday, December 29, 2015

LABID IBN RABIA

LƏBID IBN RƏBIƏ


Mənbə

ابن قتيبة، الشعر و الشعراء، قدم له الشيخ حسن تميم والشيخ محمد عبد المنعم، دار احياء العلوم، بيروت،1994
محمد ابن سلام الجمحي، تحقيق الشيخ محمد سدير، بيروت، دار احياء العلوم، د.ت.
ابو زيد محمد القرشي، جمهرة اشعار العرب، بيروت، دار صادر، 1963
سوقي ضيف، تاريخ الادب العربي، العصر الجاهلي، القاهرة، د.ت.

Malik Mahmudov, Klassik ərəb ədəbiyyatı, 2001.
Aida Qasımova, Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu, Bakı, Elm, 2007.
Крымский А.Е. Арабская поэзия в очерках и образцах. Москва, 1906.
Фильштинский И.М. История арабской литературы. Москва, И.М. 1985.
Большаков. О.Г История халифата. I. Ислам в Аравии. Москва 1989.
Грязневич П.А. Развитие исторического сознания арабов – Очерки истории арабской культуры V-XIV вв. Москва, 1982
Ханна аль-Фахури. История арабской литературы. I-II Москва, 1959
Reynold Nicholson, A Literary History of the Arabs, London, T. Fisher Unwin, 1907.
A.J. Arberry, The Seven Odes, London-New York,  1957.
Clement Huart, A History of Arabic Literature, New York, 1903

Müəlləqə sahiblərindən Ləbid İbn Rəbiə Bənu Amir qəbiləsindən idi. Bu qəbilə ərəblər arasında istedadlı şairləri ilə məşhurdur. Məcnun kimi tanıdığımız Qeys ibn Müləvvah da bu qəbilədəndir.   Ləbidin uzun ömür sürdüyü, təxminən 661-ci ildə, Əməvi xilafətinin yarandığı dövrdə vəfat etdiyi bildirilir, yəni o muammər (uzun ömür sürən) ərəblərdəndir. Arberri onu “The Centarian” (yüz il ömrü olan) adlandırır (Arberry, 119)  Mənbələr bəzən onun yaşı barədə ağlasığmaz rəqəmlər söyləyir. Məsələn, İbn Quteybə onun 157 yaşında vəfat etdiyini bildirir. Amma bu ağlabatan deyil. Bununla belə, şairin bir şeirində 90 il yaşı olmasını qeyd etməsi onun, həqiqətən, də uzun ömür sürdüyünü düşünməyə əsas verir. Təxminən 630-cu ildə İslama tapındıqdan sonra şeir söyləmədəyindən, sırf cahiliyyət şairi kimi tanınır. Rəvayət edilir ki, Ömər ibn ə-Xəttab Ləbiddən ona şeirlərindən birini söyləməyi xahiş edərkən, o, şeir əvəzinə əl-Baqara surəsini ona əzbər demişdir. (ibn Quteybə, 172)  Amma ölüm ayağında kiçik bir qitə söyləyib övladlarına vəsiyyət etməsi deyilir. Qeyd etmək lazımdır ki, Brokkelman Ləbidin İslama tapındıqdan sonra da ara-sıra şeirlər dediyini bildirib. (Brokkelman, XX) Ləbidin şeirləri fars əsilli filoloq Əbul-Həsən ət-Tusi (IX əsr)  tərəfindən toplanıb, müəlləqəsi Əz-Zauzaninin  (v. 1093) “Yeddi müəlləqənin şərhi” toplusuna daxil edilmişdir.  Şairə yaxın mənbələrdən İbn Səllamın əsərində onun barədə məlumat yox dərəcəsindədir.
Ləbid müəlləqə sahibləri içərisində ən cavanı sayılır. O dövrdə ərəb şeirinin bilicisi olan Nabiğə əl-Zubyani Ləbidin şeirini yüksək qiymətləndirib onun Ləxmilər sarayına yol açıb şeirini Neman ibn Münzirə oxumasına yardımçı olmuşdur. “Kitab əl-Əğani”yə görə Nabiğə Ləbidə baxan kimi, sənin gözlərindən şair olduğun bilinir” – demişdir. (cit. Arberry, 122) O vaxtadək Bənu Amir qəbiləsini çox da xoşlamayan Neman ibn Münzir Ləbidi dinlədikdən sonra həmin qəbiləyə olan münasibətini dəyişmişdir.
Ləbidin atası Bənu Amir qəbiləsinin öz səxavəti ilə tanınan şəxslərindən olub. Şair özü də olduqca səxavətli idi. Bir şeirində and içibmiş ki, hər səba küləyi əsəndə, acları doyuracaq. Deyilənə görə, o hər gün acları doyururmuş, hətta ölüm ayağında olanda da övladlarına iri qablarda məscidə yemək aparıb acları doyuzdurmağı vəsiyyət edib. (İbn Quteybə, 172-173) Ləbid İslama tapındıqdan sonra Kufədə yaşamışdır. Amma öz vəsiyyətinə uyğun, səhrada dəfn edilmişdir. Bu ona dəlalət edir ki, Ləbid şəhərdə yaşasa da, ruhən bədəvi olaraq qalmışdır.
Mədinə məscidində Peyğəmbərin (s.ə.s) onunla söhbət etməsi söylənilir. Peyğəmbər Ləbiddən “Ərəblərin ən yaxşı şairi kimdir”-deyə soruşarkən, o, “Əl-Məlik əl-dıllil” (Sərgərdən məlik, yəni İmruul-Qeys) deyib. Sonra o, ikinciliyi Tərəfə ibn əl-Əbdə verib, üçüncü yerdə özünün dayandığını bildirib.
Ləbidin divanı ilk dəfə 1880-ci ildə Venada nəşr olunub. Sonra alman dilinə tərcümə olunaraq 1891-ci ildə Leydendə nəşr olunub. Müəlləqəsi 88 beytdən ibarətdir, kamil bəhrində yazılıb.
Müəlləqəsində əsl bədəvi ruhunun olması, səhra həyatı ilə bağlı misilsiz təsvirləri Ləbidi Avropa şərqşünaslarının maraq göstərdiyi müəlliflərdən etmişdir. R. Nikolson onun yaradıcılığında “Səhra həyatının və mənzərəsinin orijinal şəklinin” olduğunu bildirir. (R. Nikolson, 119) Müəlləqə ənənəvi tərzdə tərk edilmiş obanın qalıqlarının təsviri ilə başlayır. Bu parçada şair bir sıra maraqlı obrazlar yaradıb; oba izlərinin gur yağış suları ilə yuyulduqdan sonra, sanki qələmlə yazılaraq kimi yenidən üzə çıxması maraqlı bir motivdir. 
Müəlləqənin ikinci hissəsi vəsfdir. Burada vəhşi inəyin və çöl eşşəyinin təsvirini  görürük. Xüsusilə inəyin təsvirində Ləbid məharət göstərir; balasını qurdların yediyiu inəyin dəlicəsinə ora-bura qaçmasını, balasını axtarmasını təsvir edir. Burada ovçularların inəyi görüb ovlamaq istəməsi, inəyin ov itləri ilə döyüşü də canlı boyalarla çəkilib. Əsərə fəxriyyə ünsürləri daxil edən şair öz igidliyindən, dözümlülüyündən, səxavətindən bəhs edir. Müəlləqədə şair atın təsvirinə də yer ayırır. 
Ləbidin divanında təxminən 50 qəsidə toplanıb. Bu mənada o, Cahiliyyət şairləri içərisində məhsuldarlığı ilə seçilir. Onun yaradıcılığında maraq doğuran şeirlərdən biri ögey qardaşı Ərbədə yazdığı mərsiyədir. Burada şair sadəcə itirdiyi bir şəxsin vəfatından doğan kədəri ifadə etməklə kifayətlənmir. O, ümumiyyətlə insan, onun həyatdakı missiyası, həyatın faniliyi, qəzavü-qədərin amansızlığı barədə mülahizələr yürüdür.


بلينا وما تبلى النجومُ الطَّوالِعُ     وتَبْقَى الجِبالُ بَعْدَنَا والمَصانِعُ
وقد كنتُ في أكنافِ جارِ مضنّة ٍ     ففارقَني جارٌ بأرْبَدَ نافِعُ
فَلا جَزِعٌ إنْ فَرَّقَ الدَّهْرُ بَيْنَنا     وكُلُّ فَتى ً يَوْمَاً بهِ الدَّهْرُ فاجِعُ
فَلا أنَا يأتيني طَريفٌ بِفَرْحَة ٍ     وَلا أنا مِمّا أحدَثَ الدَّهرُ جازِعُ
ومَا النّاسُ إلاّ كالدّيارِ وأهْلها     بِها يَوْمَ حَلُّوها وغَدْواً بَلاقِعُ
ومَا المَرْءُ إلاَّ كالشِّهابِ وضَوْئِهِ     يحورُ رَماداً بَعْدَ إذْ هُوَ ساطِعُ
ومَا البِرُّ إلاَّ مُضْمَراتٌ منَ التُّقَى     وَما المَالُ إلاَّ مُعْمَراتٌ وَدائِعُ
ومَا المالُ والأهْلُونَ إلاَّ وَديعَة ٌ     وَلابُدَّ يَوْماً أنْ تُرَدَّ الوَدائِعُ
وَيَمْضُون أرْسَالاً ونَخْلُفُ بَعدهم     كما ضَمَّ أُخرَى التّالياتِ المُشايِعُ
ومَا الناسُ إلاَّ عاملانِ: فَعامِلٌ     يتبِّرُ ما يبني، وآخرُ رافِعُ
فَمِنْهُمْ سَعيدٌ آخِذٌ لنَصِيبِهِ     وَمِنْهُمْ شَقيٌّ بالمَعيشَة ِ قانِعُ
أَليْسَ ورائي، إنْ تراخَتْ مَنيّتي،     لُزُومُ العَصَا تُحْنَى علَيها الأصابعُ
أخبّرُ أخبارَ القرونِ التي مضتْ     أدبٌ كأنّي كُلّما قمتُ راكعُ
فأصبحتُ مثلَ السيفِ غيرَ جفنهُ     تَقَادُمُ عَهْدِ القَينِ والنَّصْلُ قاطعُ
فَلا تبعدنْ إنَّ المَنيَة َ موعدٌ     عَلَيْكَ فَدَانٍ للطُّلُوعِ وطالِعُ
أعاذلَ ما يُدريكِ، إلاَّ تظنيّاً،     إذا ارتحلَ الفتيانُ منْ هوَ راجعُ
تُبَكِّي على إثرِ الشّبابِ الذي مَضَى     ألا إنَّ أخدانَ الشّبابِ الرّعارِعُ
أتجزَعُ مِمّا أحدَثَ الدّهرُ بالفَتى     وأيُّ كَريمٍ لمْ تُصِبْهُ القَوَارِعُ
لَعَمْرُكَ ما تَدري الضَّوَارِبُ بالحصَى     وَلا زاجِراتُ الطّيرِ ما اللّهُ صانِعُ

Biz çürüyüb məhv oluruq, sayrışan ulduzlar,  uca dağlar və qalalar məhv olmur.
Ərbədlə birgə olarkən özümü xeyirxah bir qonşunun himayəsində hiss edirdim. İndi həmin qonşu məni tərk edib.
Dəhrin (zəmanənin) bizi ayırması nədən bizi kədərləndirməlidir? Axı qəzavü-qədər günün birində hər igidi bədbəxt edir.
Mən ( o yaşdayam ki,) artıq fərəh məni nəşələndirə bilmir. Eləcə də zəmanənin bəlasından qorxmuram.
İnsanlar da məskən salıb yaşadıqları obalar kimidir. Günlərin bir günü onlar da tərk edilib tənha qalır.
İnsan necə də meteoritə bənzyir: Göydə bir an parlayıb, sonra külə dönür.
İnsanın xeyirxahlığı onun qəlbinin dərinliyindəki iman və təqva kimidir. Var -dövlət isə əmanətdən başqa bir şey deyil.
İnsanın var dövləti və ailəsi, övladları ona verilmiş bir əmanətdir; günün biri geri alınacaq.
İnsanların əməlləri iki cürdür; insan var tikilib ucaldılmışları uçurub məhv edir, insan var onları yenidən ucaldır.
İnsanlar arasında öz qismətini tapıb xoşbəxt olanlar da var, aza qane olub zavallı həyat sürənlər də.
Ölümüm uzaqda olsa da, arxamca gəlməkdədir. Belimi büküb, əsən əllərimlə əsama söykənirəm.
Danışanda keçmiş qövmlərdən xəbər verirəm. Yeriyəndə sanki sürünürəm, ayağa qalxanda isə, diz çökmüş kimiyəm.
Uzaq keçmişdə qalmış bir dəmirçinin hazırladığı qılınc kimiyəm. Qınım köhnə olsa da, ucum hələ itidir.
Nə qədəır qaçsan da ölüm səni haqlayacaq. Səhərin hər açılışında o bizə bir az  da yaxınlaşır.
Ey mənə məlamət edən! Sən hələ də zənn və güman içərisindəsən. Məgər anlamırsanmı ki, səfər edənlər bir daha qayıtmaz?
Dəhrin bu igid oğlanın başına gətirdiyindənmi kədərlənirsən? Axı hansı alicənab insan onun bəlasından qurtula bilib?
Allahın əmrini çətin başa düşərsən. Cınqıllarla fal açıb quşları hürkütsən belə , bu mümkün deyil.

Bu şeirdə maraq doğuran bir neçə məqama toxunmaq istərdik. Bunlardan biri şairin iltifat poetik ifadə vasitəsindən bəhrələnməsidir. Şair gah özünə müraciət edir, gah üçüncü şəxsdən danışır, gah də ikinci şəxsə müraciət edir. Bu ərəb ədəbiyyatında geniş yayılmış poetik fiqurdur. Bunun bariz nümunəsini əl-Fatihə surəsində görürük.  Digər maraq doğuran cəhət şairin orijinal bədii obrazlar, təşbih və metaforlar işlətməsidir. Bunlardan biri insanın meteoritə bənzədilməsidir. Bununla şair insan ömrünün qısalığına işarə edir. Qeyd etmək lazımdır ki, ərəb poetikasına həsr olunmuş bir sıra əsərlərdə Ləbidin bəzi beytləri dönə-dönə filoloqların nəzərini cəlb etmişdir. Onlardan biri اذا اصبحت بيد الشمال زمامها – Şimal küləyinin yüyəni əlində tutub gətirdiyi (ayrılıq günü)  ifadəsidir. İbn əl-Mutəzzdən tutmuş Əbdülqahir Curcaniyədək bir çox müəlliflər bu parçanı klassik istiarənin (istiarə-təşxisin) mükəmməl nümunəsi saymışlar.  Qeyd etmək lazımdır ki, əsrlər boyu ərəb şairləri Ləbidin mənalarından bəhrələniblər. İbn Qyteybə əl-Şeir va əl-Şüəra əsərində onun ayrı-ayrı beytlərindən  bəhrələnən bir çox şairlərin - əl-Əxtal, Tırımmah ibn Hakim, Nabiğə əl-Cədi və b.  adını çəkir.  (İbn Quteybə, 176-178).
Başqa diqqətiçəkən məqam şairin cahiliyyət dövründə yaşayan ərəblərin sınama və mövhumi təsəvvürlərindən xəbər verməsidir. Bunlardan biri  zəcr ət-tayrdır. Ərəblər, adətən, çökmüş bir quşu hürküdür, quş əgər sağa uçardısa bunu yaxşı, sola uçardısa  pis əlamət sayardılar. Ərəblər arasında quşla fala baxma (tatayyur) geniş yayılmışdı. Zaman-zaman  «tətayyur» sö­zü quş falı olmaqla bağlı həqiqi mənasından uzaqlaşıb sadəcə ol­araq «uğursuz­luq» məfhumunu ifadə etmişdir. Görünür quşlarla bağ­lı sınamalarda nəs yozum yaxşı yozumu üstələdiyindən sözün məna dəyişikliyi yaranmışdır. Qurani-Kərimin «Yasin» surəsində «tətayyur» özünün sırf bəduğurluluq anlamına gəlməsi müşahidə olunur (Yasin 18). Bundan əlavə, şair daş parçaları ilə fal növünü də xatırladır. Bu, rəml atmağa yaxın bir fal növü idi. İslam yarandıqdan sonra bu cür sınamalar və falabaxmalar pislənmişdir. Ləbidin şeirində də İslamın təsirini görürük. 

No comments:

Post a Comment