Wednesday, January 6, 2016

Cahiliyyet arablarinin sinama ve fal acmalari (Superstitions and foretellings in pre-Islamic Arabia)

CAHİLİYYƏT ƏRƏBLƏRİNİN SINAMALARI


Mənbə:

Malik Mahmudov. Xətib Təbrizi. Bakı. 1972
Aida Qasımova, Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu, Bakı, Elm, 2007
       Ханна аль-Фахури. История арабской литературы. I-II Москва, 1959
Мирча  Элиаде. Космос и история. Москва, 1987
Мифы народов мира. I-II т. Москва, 1982
 جواد علي، تأريخ العرب قبل الاسلام،  بغداد، المجلد السادس، 1993
ابو الفداء ابن كثير، تفسير القرأن العظيم، المجلد الثالث، بيروت، 1987
ابو عثمان عمرو بن البحر الجاحظ، الحيوان، المجلد الثالث، القاهرة
Bəşər sivilizasiyasının ilkin dövrlərində insan ətraf alə­mlə öz varlığı arasındakı bağlılığı duymuş, tə­biət­dəki müb­həm harmoniya, hadisələr və əşyalar arasın­da­kı ilişgilər çox zaman ayrı-ayrı təbiət hadisələrinin, bitki, hey­van və əşyaların ilahiləşdirilməsinə gətirib çıxarmışdır. Qız­mar günəşin yandırdığı ucsuz-bucaqsız səhralarda məs­kən salmış cahiliyyət ərəbləri də amansız təbiət qarşısında üzüntülü bir vahimə keçirirdi. Ətraf aləmin hər bir təza­hü­ründə qeyri-adi, ilahi bir qüvvə görən bədəvi ərəb ağac­ları, daşları, bulaqları, ayrı-ayrı heyvan və quşları müqəd­dəsləşdirirdi. Bu, bir tərəfdən onlar arasında bütpərəst­liyin rəvac tapma­sı­na gətirib çıxarır, digər tərəfdən də öncəgör­mə­lərin, sına­ma­ların, müxtəlif fal növlərinin yaranması ilə nəticə­lənirdi. Cahiliyyət ərəbləri arasında, xüsusilə quşlarla bağlı sına­ma­lar geniş yayılmışdı.
Ümümiyyətlə, qeyd etmək lazımdır ki, quş arxetipi müx­təlif xalqların mifik təsəvvürlərində, ədəbiyyatında, adət və ənənə­lərində dərin iz buraxmışdır. Mirça  Eliada göstərir ki, əsrarəngiz uçuş bir çox xalqları cəlb etmiş, Sibir şamanları ölülərin ruhunu göylərə yola salarkən özlərini quş gör­kə­minə salmışlar. «Riqveda»da «ağıl ən sürətlə uçan quşdur» – deyilir. «Arif adamın qanadları olur» kimi qədim hind hikmətini xatırlayan M.Eliade göstərir ki, quşlarla bağlı iki mifik motiv güclü olub: 1) quş ruhu ifadə edibr. 2) quş ölən kəslərin ruhunu axirətə müşayiət edib. (Eliade, 184) Bu ilk növbədə quşların öz uzaqlığı və əlçatmazlığı, heyrətamiz yeksənəkliyi və nəhən­g­li­yi, nəhayət anlaşılmazlığı ilə insanları daim heyran edən göylərə uçuşu ilə bağlı idi. Bədəvi ərəb heyranlıq və çaşqınlıq mənbəyi olan göylərə məhz quşların qanad çalıb uçmasına da ayrıca bir məna ve­rib, onlarla bağlı çalarlı yozum və sınamalar uydurmuşdur. Quş arxetipi əsatir­lərdə, nağıl və dastanlarda, quşlarla bağlı çalarlı mənaları olan sufi ədəbiyyatında mühüm yer tutduğu kimi müqəddəs kitablarda da əks olunub. Bəzi peyğəmbərlərin hekayə­tin­də (Adəmin oğulları Habil və Qabilin, Nuhun, İbrahimin, İsanın hekayətləri və s.) quşlarla bağlı ibrətamiz epizodlarla yanaşı İncildə və Qurani-Kərimdə quşun ruhla, ilahi başlanğıcla rəmzləşən bir mənasını da görürük. Mattanın incilində hz. İsanı vəftiz edən Yəhya göyün yarıldığını və oradan enən göyərçinə­bən­zər İlahi ruhun İsanın başı üzərində dayandığını görür (Matta III. 16-17). Qurani-Kərimin İsra surəsinin 13-cü ayəsində deyilir:


«Hər bir insanın boynundan (açıq bir kitab kimi) bir quş asar, sonra qiyamət günü onu çıxararıq» (əl-İsra, 13)
             Akad. Z.Bünyadov bildirir ki, Ərə­blərin təsəvvürlərinə görə, quş tale əlamətidir və o həmail kimi boyuna bağlanır. Hədisdə : طير كل عبد في عنقه (Hər bir Allah bəndəsinin quşu (əməl kitabı) boynundan asılmış­dır)-deyilir.
Ərəblərin quş uçuşu ilə bağlı sınama və falabaxmaları elmi ədəbiyyatda müxtəlif terminlərlə ifadə edilir. Bu cür sına­malar və falabaxmalar “tətayyur” adlanır. Geniş yayılmış terminlər həm də “iyafə” və “zəcrut-tayr”dır. İyafənin mahir bilicisinə “əyyaf” deyirlər. Bəzən də ərəblər sadəcə olaraq “zəcrut-tayr” (quş hürkütmə) terminini işlədirlər. Qeyd etmək lazımdır ki, zaman-zaman  “tətayyur” sö­zü quş falı olmaqla bağlı həqiqi mənasından uzaqlaşıb sadəcə ol­araq “uğursuz­luq” məfhumunu ifadə edib. Belə ki. ərəblər nəhs hesab etdikləri bü­tün əşya, gün və əlamətləri “tətay­yur” sözü ilə ifadə etmişlər. Belə əlamətlər isə çox olub bəzi günləri (çərşənbə) ayları (şəvval), soyuq küləyin əsməsini və s. əhatə edirdi.
Ərəblər, adətən, çökmüş bir quşu hürküdür, quş əgər sağa uçardısa bunu yaxşı, sola uçardısa  pis əlamət sayardılar. Bu cür fal növü qonşu xalqlar arasında da geniş yayılıb. Yunanlar yalnız quşlarin uçuşuna görə deyil, həm də on­la­rin adına, görkəminə, səs xüsusiyyətlərinə görə öncəgör­mə­lər söyləyirdilər. Bu sahədə məş­hur olan avqurlar öz nüfuzla­rı­na görə heç də münəccim­lər­dən geri qalmırdılar. Onlar Spar­tada hökmdarlara məs­ləhətlər verir, Romada isə bəzən qanun­ve­riciliyə belə təsir göstərirdilər. Fal prosesində avqurlar ağ paltar geyinir, başlarına tac qoyurdular. Qədim Romada  döyüşə getməzdən öncə hətta toyuq və xoruzlarla fal açır, bəzən xoruz döyüşdürürdülər.
Cavad Əli haqlı olaraq ərəblərin quş uçuşu ilə bağlı fala­bax­malarını qədim ərəblərin ruhun bədəni tərk etdikdən sonra quşa dönməsi ilə bağlı təsəvvürləri ilə bağ­la­yır və göstərirdi  ki, bir çox qədim xalqların ayrı-ayrı quş­ların ölmüş kəslərin ruhu ol­ması ilə bağlı inancları olmuş, onlar bu ruhların çox şeyləri bilməsinə və çox hadisə­lərdən xəbər verməsinə inanmışlar. (Cavad Əli, VI, 788) Bəzi insanlar “Məntiqut-tayr” ad­lanan quş dilini bilmiş, xüsusilə Süley­man peyğəmbərin bu sahədə böyük məharəti olmuşdur. Qədim etiqadlara görə, quşlar məhz ruhları təmsil etdiyindən on­lar insanlara doğru yol göstərmək və onları xətalardan çəkin­dir­mək qabiliy­yə­ti­nə malik olmuşlar. Buna görə də, quş dilini bilmək qey­bi bil­mək kimi rəmzi bir məna kəsb etmişdir. İntuitiv bir vəcdəgəlmə ilə qeybdən xəbərdar olmağa iddia edən sufilər “quş dili” anlayışından həm ilahi eşqi tərənnüm edən lirik parçalarda, həm də “Məntiqut-teyr”, “Bülbülnamə” (Fəri­dəd­din Əttar) “Lisənut-tayr” (Əlişir Nəvai) kimi məsnəvilərdə bol-bol bəhrələnmişlər.
Ərəblər arasında quş uçuşu ilə bağlı sınamalar zaman-zaman inkişaf etmiş, onlar quşların yalnız uçuşu ilə deyil, həm də adı, səciyyəvi xüsusiyyətləri ilə bağlı yozmalar aparmışlar. Məs.: Hüd-hüd quşu (şanapipik) onların nəzərində hi­da­yət, doğru yol anlamı kəsb edirdi. Cahiliyyət ərəbi səfərə çıxarkən qarşısına hüd-hüd çıxardısa, səfərin uğurlu olması gözlənilirdi.  Cahiz “Canlılar” əsərində göstərir ki, hüd-hüdün başın­dakı pipik Allah-təala tərəfindən ona anasına göstərdiyi xe­yir­xahlıq müqabilində bir nemət kimi bəxş edilmişdir. Ana­sı ölərkən hüd-hüd onun cəsədini aparıb digər ölü quşların atıldığı dərəyə atmayıb anasına başında qəbir düzəldibmiş.( Cahiz, 510) 
Göyərçinə gəlincə, o yunan mifologiyasında sevgi ilahəsi olan Afroditanın quşudur. Cahiliyyət ərəbləri göyərçinlə bağlı təzadlı müla­hi­zələr söyləyirdilər. Nuh peyğəmbərin hekayətində məhz göyər­çi­nin Nuhun gəmisinə meynə (və yaxud zeytun) yarpağı ilə qayıdıb quru­nun yaxın olmasını xəbər ver­məsi bu quşa xüsusi müqəd­dəs­lik verir. Dimdiyində yarpaq, ayaqları pal­çıqla qayıdan gö­yər­çinin boynundakı həmayilin  bu gözəl əməli müqabilində ona Nuhun duası ilə Allah-Təala tərə­fin­­dən əta edildiyi rəvayət edilir. Ayağındakı palçığın müqa­bi­lində onun ayaqları gözəl, qırmızımtıl rəngə boyanır. (Cahiz, 195)
Ərəblərin “ğurab” (qarğa) ilə bağlı bir sıra sınamaları da vardır. Qarğa-ğürab sözü öz-özlüyündə qərib an­lamına gəldiyindən onlar qarğa olan yerdə həsrət, fəraq olduğu­nu zənn edirdilər. Qarğanın uzun ömür sürməsi onu həm də müdriklik rəmzi etmişdir. Məhz buna görə də, o, üçqat hikmət sahibi sayılan Her­mesin quşu sayılmışdır. Bununla belə onun qara rəngli quş olması bu quşu qara saçlı gəncliyin də rəmzinə çevirmişdir. Ərə­b­lərin bir kəsin saçının ağarmasını (ayrılıq qarğası uçdu getdi) ifa­dəsi ilə bildirmələri də bundan irəli gəlir. Bəzən ərəblər qarğanın ancaq bir dəfə qarıldamasında uğur­suzluq görürdülər. Əgər o iki dəfə qarıldayardısa bunu yax­şılığa yozardılar. İslamda iyafənin digər növləri kimi qar­ğa ilə bağlı sınamalar da bəyənilməmişdir.
Cahiliyyət ərəbləri  ölən ada­mın ruhunun  bayquşa çev­ril­mə­sinə inanıblar. Xüsusilə, əgər bir kəs qətlə yeti­ri­lər­disə ruhu bayquş olub qəbrin ətra­fında hərlənər, «məni suvarın» (yəni məni qatilimin qanı ilə suvarın) deyə ulay­ar­dı.
Ölən kəslərin ruhunun quş şəklində təsəvvür edilməsi bir şox xalqlarda – şumerlərdə, yunanlarda, eləcə də Ba­bilistanda və Misirdə geniş yayılmışdı. Bəzən də quşları ruhların bələd­çisi hesab edirdilər. Yaponlar isə ruh bədəni tərk edərkən quş pırıltısına bənzər səs eşidildiyini bildirir­dilər. Romada impera­tor­lar ölərkən onların ruhu­nu göyə qaldırmaq  üçün quş uçur­dur­dular
Ərəblərin bitki və heyvanlarla bağlı bir sıra sınamaları olub. Onlar reyhan barədə yozumlar edirdilər. “Rey­han” (gözəl ətir) sözündən olduğundan onu uğurlu bit­ki sayır­dılar. Ancaq gözəl görsənib yaxşı ətir verməsinə bax­ma­yaraq, dadı acı olduğundan bəzən onun bədbəxtlik gəti­rə­cəyini düşü­nür­dülər. Eləcə də, dəvə ilə bağlı ərəblərin ziddiyyətli mülahizələri olmuşdur. Bütün bu sınamalar və yozumlar illərin sınağından keç­miş praktik təcrübələrə əsaslanırdı.
Heyvanlarla bağlı öncəgörmələrdən biri qara ciyərin oxunması ilə bağlıdır (Hepatscopy). Xü­su­silə kəlda­nilər öz tanrılarına kəsdiyi qurbanların qara ci­yə­rini oxumaqda uğur qazanmışlar. Sonra onlar bunu ağ ciyər və başqa bədən üzvlərinə də aid edirlər.  Bu mistik təcrübə ibranilərə, yunanlara, romalılara və misirlilərə də məlum idi. Ərəblər də lap qədim za­manlardan qara ciyərə böyük əhəmiyyət verirdilər. Qara ci­yərin qara rəngli olması, onun nifrət və qəzəbdən qaralması fikrinə gətirib çıxarmışdır. Ərəblər qurban kəsilən heyvanın daxili üzvlənə baxıb fal açırdılar. Bəzən də heyvanların çıxardığı səsləri və çabalamalarını yozurdular. Məs: . Sabilər qurban kəsilən  xoruz can verib ça­ba­layarkən, qeybə dair sirlərin onlara agah olduğunu bildirirdilər.
İyafətlə yanaşı, ərəblər arasında qiyafət də geniş yayılmışdı. Bu ayaq izləri ilə bağlı bilgilər idi. Ərəblər ayaq izlərinə görə canlıların cinsini, yaşını və s. müəyyən edə bilirdilər. Belə adamlara qəyyaf deyilirdi. Firasət isə, üz cizgiləri əsasında talenin qabaqcadan söylənməsidir. Qədimdə ərəblər övladlarını Ukaz bazarına aparıb ərraflardan onların taleyini soruşurdular. Əl-Ə‘şanın bir şerində ərəblərin əl izləri ilə fal açmasına da işarə edilib.

Ərəblər həm asqırığı həm də əsnəməni pis yozurdular. İmru’ul-Qeys şerlərindən birində göstərir ki, səhərlər camaat yatarkən tez­dən ova çıxır ki, heç kəs qarşısına çıxıb asqırmasın. Sonradan İslamda as­qırıq bəyənilmiş, ancaq əsnəmək bəyənilmə­miş­dir. Belə ki, asqırığın mələkdən, əsnəməyin şeytandan gəlməsi düşünül­müş­dür. Dini rəvayətlərdə Allah-Təala tərəfindən pal­çıq­dan ya­pıl­mış Adəmin ruh üfürüldükdən sonra asqırıb ayıl­ması göstərilir. (İbn Kəsir, I, 79) Ümumiyyətlə, İslamın zühurundan sonra cahiliyyət ərəb­­lə­rinin bir çox fal və sınamaları bəyənilməyib. Bu­nun­la belə, sözün sakral mahiyyəti ilə bağlı inamlar İslamda da özünə yer edib. Rəvayətə görə, Peyğəmbər (s) qarşı­sına çıxan adam­la­rın adlarına diqqət yetirib və müsəlman­la­rı övladlarına gözəl adlar verməyə, gözəl sözlər danış­mağa səsləyib.

No comments:

Post a Comment