Saturday, December 19, 2015

Əyyəmul-arab rəvayətləri

“Əyyəmul-Arab” rəvayətləri
(Aida Qasımovanın mühazirəsi)
Mənbə:Аравийская старина, Москва, 1983
محمد احمد جاد المولى ، ايام العرب في الجاهلية،
         “Əyyəmul-arab” (Ərəblərin günləri) rəvayətləri tarixi xronika ilə şifahi xalq ədəbiyyatı, əfsanələr arasında aralıq bir mövqe tutur. Yəni, bu rəvayətlətin əsasında real hadisələr dayanır və bu rəvayətlərin hamısı bu və ya digər şəxsin dilindən söylənilir. Bununla belə, hər bir rəvayətə xalq yaradıcılığına xas çalarlar vurulur.

Məlumdur ki, İslamdan əvvəl ərəb cəmiyyətinə xas cəhətlərdən biri qəbilələrarası müharibələr idi. Qəbilə quruluşunun qanunlarına görə, qəbilənin otlaqları, suları hamının bərabər malı sayılırdı. Amma İslamdan əvvəl cahiliyyə sistemi kimi, qəbilə quruluşu da tənəzzülə doğru gedirdi. Qəbilə şeyxləri özlərini hökmdar kimi aparırdılar. Həm öz qəbilə üzvlərinə, həm də başqa qəbilələrin üzvlərinə yuxarıdan aşağı baxır, qəbilə sərvətlərinin tam sahibi olmaq istəyirdilər. Bu da istər-istəməz narazılıqları artırır, bəzən də qəbilələrarası müharibələrə gətirib çıxarırdı. Əslində ərəblərin həyat şəraiti, onların daim otlaq və su axtarışları qəbilələrarası müharibələrin əsas şərtlərindən biri idi. Bundan əlavə, qisasçılıq, qan intiqamı da əsas amillərdən idi və bəzən müharibələrin on illərlə davam etməsinə gətirib çıxarırdı. Təbii ki, cahiliyyə dövründə qəbilələrarası müharibələr yazıya alınmamışdır. Bu müharibələr haqqında məlumatlar rəvayətlər şəklində şifahi şəkildə ağızdan – ağıza dolanırdı. Ərəblərin bu rəvayətləri 8-ci əsrdə Əbu Ubeydə adlı bir filoloq tərəfindən toplanılıb yazıya alındı. Onun iki toplusu olmuşdur. Bu toplulardan birində təxminən 70, o birisində isə 1200 rəvayət toplanmışdır. Amma təəssüf ki, bu toplular biri zəmanəmizədək gəlib çatmamışdır. Həmin toplular itsə də, “Ərəblərin günləri” ibn əl-Əsirin “Əl-kəmil fit-tərix” əsərində, əbul-Fərac əl-İsfahaninin “Kitəbul-əğani” əsərində və başqa mənbələrdə hifz olunub, dövrümüzədək gəlib çatmışdır.
         Bu rəvayətlər içərisində ikisi, “Bəsusun dəvəsi uğrunda müharibə” və “At yarışı müharibəsi” xüsusi maraq doğurur.

Bəsusun dəvəsi uğrunda müharibə         Bu müharibə Bəkir və Təğlib qəbilələri arasında baş vermişdir. İslamdan əvvəlki əsrdə Təğlib qəbiləsi çox güclənir. Bu qəbilə xristian məzhəbli qəbilə idi və bir çox digər qəbilələri öz tərkibinə qatmışdır. Hətta ərəblər arasında belə bir deyim də var idi ki, “Əgər İslam gəlməsəydi, Təğlib camaatı yeyərdi”. Təğlib qəbiləsinin öz tərkibinə qatdığı qəbilələrdən biri də Bəkr qəbiləsi idi. Təğlib qəbiləsinin başında duran Kuleyb özünü qədim qəbilə şeyxi kimi aparmır, əsl hökmdarlıq iddiası edirdi. O, nəinki digər qəbilələrin, hətta öz qəbiləsinin də sıravi üzvlərini bəyənmirdi. O, bir yerdə oturarakən, heç kəs onun yanından keçib getməyə cəsarət göstərməzdi. O, ən yaxşı otlaqları, su hövzələrini öz əlinə keçirmişdi, özü də qürurlu cəngavər idi, özündən başqa heç kimin təriflənməsinə dözə bilmirdi. Onun arvadı Cəlilə Bəkr qəbiləsinin şeyxinin qızı idi. Cəlilənin on igid qardaşı var idi. O, bu qardaşları içərisində Cəssasla xüsusi fəxr edirdi, xüsusilə Cəsassı çox sevir, onu tez-tez tərifləyirdi ki, bu da Kuleybi özündən çıxarırdı. Günlərin bir günündə Cəlilə yenə qardaşı Cəssası tərfiləyərkən Kuleyb əsəbi vəziyyətdə alaçıqdan çıxır ki, bu zaman yaxınlıqda bir cüt dəvə görür. Bu dəvələr Cəssasın xalası Bəsusun dəvələri idi. O, əsəbiləşib bala dəvəni öldürür, amma anasını ağır yaralayır. Bəsus “zəlalət!”, “zəlalət!” deyə qışqırır. Xalasını sakitləşdirməkdən ötrü Cəssas özünün ən yaxşı dəvəsini Bəsusa bağışlayır. Amma qadın qisas istəyir. Cəssas ona on dəvə bağışlayır, yenə sakitləşmir. Belə olduqda, Cəssas gedib Kuleybi öldürür və iki qəbilə arasında qan düşür. Bu zaman Bəkr qəbiləsinin ağsaqqalları Təğlib qəbiləsinin ağsaqqallarına qan bahasının verilməsi və ya bir neçə bəkrlinin öldürülməsi ilə müharibənin yerindəcə dayandırılmasını təklif edir, lakin, Kuleybin qardaşı Mühəlhil barışığa razı olmur, və iki qəbilə arasında 40 ildən çox davam edən müharibə baş verir. Bu müharibədə çoxlu qan tökülür və müharibəni dayandırmaqdan ötrü üçüncü tərəf, yəni Ləxmilər hökmdarı cəhd göstərir. Amma 531-ci ildə Mühəlhilin vəfatınadək bu cəhdlər heç bir nəticə vermir. Ancaq Mühəlhilin ölümündən sonra bir ara sülh olur, amma günlərin bir günündə Təğlibli gənclər səhrada susuz qalarkən, onları görən bəkrlilər onlara su vermir; gənclər ölürlər. Və beləliklə, yenidən müharibə baş qaldırır. İkinci dəfə müharibınin yatırılmasında Hirə hökmdarı Əmr ibn Hind rol oynayır. O, bir münsiflər heyəti yaradır və hər qəbilənin şairi gəlib şeir söyləyir.“Bəsusun dəvəsi uğrunda müharibə” ərəb qəbilə quruluşunun böhran içərisində olmasından və ərəb yarımadasında yeni bir sistemin yaranmasına olan ehtiyacdan xəbər verir. Belə bir sistem isə İslam dini oldu.

Harbus-sibaq: Cıdır müharibəsi    Əgər birinci rəvayətdə müharibəyə səbəb ictimai-siyasi ziddiyyətlər idisə, ikinci rəvayətdə o dövr ərəblərinə xas yekəxanalıq, özü ilə qürrələnmək və s. idi.  Bu müharibə Əbs və Zubyən qəbilələri arasında baş verir. Əbsli olan Qeys ibn Zuheyrin iki atı var idi. Bunlar bütün yarışlarda qalib çıxan Dahis və Ğəbra idi. O, öz atları ilə daim fəxr edir və bununla da təkəbbür sahibi digər ərəbləri qıcıqlandırırdı. Bu ərəblərdən biri Zubyan qəbiləsinin Fəzara qolundan olan Huzeyfə idi. O, nə yolla olur olsun, ibn Zuheyrin atlarını ələ keçirmək və ya onları məğlub etmək istəyir. Bir dəfə o, ibn Zuheyrə yarışmaq təklif edir. Hər tərəf iki at çıxarmalı idi. Yarış zolağının axırında bir gölməçə var idi; kimin atı oraya tez çatıb gölməçədən su içsəydi, o qalib sayılırdı. Məğlub tərəf 100 dəvə verməli idi. Ümumiyyətlə, bu dövrdə var-dövlət dəvələrin sayı ilə ölçülürdü. 100 dəvəsi olan ərəb 100-cü dəvəsinin qulağını çərtirdi, bu, onun varlandığına bir işarə idi. 1000 dəvəsi olan adam 1000-ci dəvəsinin gözünü çıxarırdı, bu artıq onun varlı adam olması anlamına gəlirdi.
         Beləliklə, yarış başlayır. Huzeyfə bir hiylə edir, o, yolda, pusquda bir nəfəri qoyur. Həmin adam da ibn Zuheyrin atı Dahisi hürküdür, at, üzərindəki cavan oğlanla birlikdə yıxılır. Nəticədə, finişə birinci Zuheyrin o biri atı Ğəbra, sonra Huzeyfənin 2 atı və daha sonra isə Dahis çatır. Bu yarışdan kimin qalib çıxması məsələsi haqqında mübahisə başlayır. Özünü qalib sayan Huzeyfə bir gün oğlunu ibn Zuheyrin yanına, udduğu dəvələri almağa göndərir. Ibn Zuheyr bunu görüb əsəbiləşir və rəqibinin oğlunu öldürür. Bununla da, “harbus-sibaq” və ya “harbu Dahis və Ğəbra” başlayır. Bu, ərəblərin ən uzun sürən müharibələrindən biri olur. Bu müharibədə Əbs qəbiləsindən olan Əntərə cəngavər adı qazanır. Müharibə çox qanlara səbəb olur, nəhayət, Qətəfan qəbiləsindən olan iki ərəb – Harim ibn Sinan və Haris ibn Auf hərəsi 1000 dəvə verib bütün qan bahasını ödəyir və iki qəbilə arasında sülh yaradırlar. Məşhur şair Zuheyr ibn əbu Sulmə öz müəlləqələrində bu məsələləri əks etdirmişdir.


No comments:

Post a Comment