Monday, May 22, 2017

Maqamat


Məqamələr

Гасымова Аида, Средневековая арабская плутовская новелла, Баку, 2007.
Борисов В.М., Долинина А.А. Абу Мухаммед аль-Харири. Вступительная статья к книге аль-Харири «Макамы». М., 1987, с.3-14.
Киктев М.С. Арабская литература. – Литературный энциклопедический словарь. М., 1988, с.32-34.
 Фильштинский И.М. История арабской литературы X-XVII вв. М., 1991
Ханна аль-Фахури. История арабской литературы, I-II тт. М., 1961
Шамусаров Ш.Г. Макамы аль-Хамадани как памятник арабской художественной прозы. Автореф.канд.дисс. М., 1988


 الهمداني بديع الزمان . رسائل . بيروت 1980.
الهمداني بديع الزمان . مقامات.شرح محمد عبده.بيروت 1983.
شوقي ضيف .المقامة .القاهرة. 1954. 
عبد الستار الفوزي. السجع و اطوار استعماله في ادب العرب. بغداد 1966.
عبد النافع طليمات. اهل الكدية ابطال المقامات في الادب العربي.حمص 1957.
مارون عبود. بديع الزمان الهمداني. 1954.
مرتاض عبد الملك . فن المقامات في الادب العربي. القاهرة1965 .
عائدة قاسموفا، نوابغ نهضة الاسلام، دراسة في سيرة المتنبي و بديع الزمان الهمذاني، باكو، 2013
ابو منصور الثعاليبي، يتيمة الدهر في محاسن اهل العصر، الجزء الرابع، بيروت، 1983


Ərəb ədəbiyyatı tarixində poeziya öz inkişafı ilə nəsri üstələmişdir. Hələ cahiliyyət dövründən nəsrin xütbə və kahin səci kimi nümunələri poeziyanın möhtəşəm inkişafı önündə kölgədə qalırdı. İslamın yaranması ilə dini ədəbiyyat nəsrin mühüm qolunu təşkil etdi. Tədricən elmi-fəlsəfi, dilçilik və ədəbiyyatşünaslıq sahəsində əsərlər yarandı, ensiklopedik xarakterli tabaqat əsərləri, eləcə də bioqrafik materiallarla zəngin müntəxəbatlar meydana çıxdı. Ədəb əsərlərinin yaranması ilə nəsr bir növ təlim-tərbiyə xarakteri kəsb etdi. Bu əsərlərdən məqsəd dövrünün dini və dünyəvi elmlərindən xəbərdar ziyalı yetişdirmək idi. Cahiz yaradıcılığı bunun bariz nümunəsi idi.
X əsrə qədər nəsr bədii təxəyyüldən uzaq idi. Belə ki, ədiblər ən ağlasığmaz hadisələri belə sənədli şəkildə, rəvayətçilər silsiləsi ilə təqdim edirdilər. Bu silsilənin son halqası həmin hadisəni şəxsən görüb eşidən şəxs idi. X əsrdə vəziyyət tamamilə dəyişir. Məqamə janrının yaranması ilə ərəb bədii nəsri yaranır və ərəb novellasının əsası qoyulur. Məqamənin başqa xarakter cəhəti mövzu etibarı ilə həyatın dibinə enib binəsib təbəqələrin və kələkbazların həyatını əks etdirdiyi halda forma etibarı ilə yüksək bədiiyyata meylli olub yuxarı təbəqələrin estetik tələblərinə uyğunlaşması idi. Məqamələr qafiyəli səclə yazılırdı; onların mətni bədii təsvir və ifadə vasitələrinin bolluğu ilə seçilirdi. Mətn daxilində poetik nümunələrdən istifadə məqamələrə xüsusi poetiklik verirdi. Bu janrın digər səciyyəvi cəhəti ərəb leksikoqrafiyası üçün maralı mənbə olmasıdır; məqamələrdə həyatın ayrı-ayrı sahələri ilə bağlı sözlər ərəb arxaizmlərini öyrənmək üçün mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, məqamələrin məhz ərəb dilinin incəliklərini öyrənmək arzusunda olanlar üçün, tədris məqsədi ilə yazılması zənn edilir.
 “Məqamə” sözü ilk vaxtlar  “məclis” , “yığıncaq” anlamınbda işlənib hələ İslamdan əvvəl ərəb qəbilələrindəki məclisləri ifadə edirdi.  Zuheyrin şeirində göstərilir ki,  bu cür məclislərdə adamlar söhbətlər edir, vaxtlarını keçirirdilər. Yaxşı məclisi olmaq qəbiləyə şərəf gətirirdi:

فيها مقامات حسان وجوهها      و اندية ينتابها القول و الفعل


Onların gözəl məclisləri var. Klublara yığılıb vaxtlarını söhbətlə və işlə keçirirlər.

Qurai Kərimdə məqamənin “yer”, “vəziyyət” mənasında işlənməsini görürük (Məryəm, 72; Duxən, 50)
Zaman-zaman məqamə yer, məclis anlamı ilə yanaşı, bu məclislərdə söylənilən söhbətləri, çıxışları də əhatə edir və beləliklə, sözün bir termin kimi ədəbi janrla əlaqələndirilməsinə zəmin yaranır. Əməvi və Abbasi xəlifələrinin sarayında bu cür çıxışların dinlənməsi adi hal idi. X əsrdə bu söhbətlər saraylardan xalq kütlələri arasına yol açır və Brokkelnmanın sözləri ilə desək “dilənçilərin möizəsinə” dönür. Bu əsrdə xilafətin siyasi süqutu ardınca özünü göstərən müharibələr, ağır iqtisadi durum cəmiyyətdə binəsiblər təbəqəsinin artımı ilə müşahidə olunur. İnsanlar arasında bir tikə çörək qazanmaq üçün hər cür kələkbazlığa əl atan xüsusi təbəqə yaranır. Bunlar “Əhl əl-kuydə” və ya “Bənu Sasan” adlanırdı. Bu insanlar müsəlman dünyasını qarış-qarış gəzir, maddi tələbatlarını ödəmək üçün yüz cildə girirdilər. Onları heyvan təlimçisi, sehrkar, din xadimi. Sufi, dilənçi, cəngavər və b. obrazlarda görmək olurdu. Təəssüf ki, onların içərisində olduqca savadlı ziyalılar, şeir, sənət adamları da var idi. Bunlara misal olaraq  Əbu Dulaf əl-Xəzrəcini və Əhnəf əl-Ukbərini göstərə bilərik.
Məqamə janrının banisi Bədi əz-Zaman əl-Həmədani 969-cu ildə (h. 358) Həmədan şəhərində dünyaya gəlib. Ticarət yollarının üzərində yerləşən bu şəhərdə o zaman farslar, ərəblər və türklər birgə yaşayırdılar. Həmədan müsəlman imperiyasının mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi.  Ədibin əsl adı Əbu l-Fadl Əhməd ibn əl-Hüseyn ibn Yəhyadır. “Bədi əz-Zaman” ədibin ləqəbi olub “zəmanənin” möcüzəsi” adlamına gəlir. Bu ləqəb ona hədsiz yaradıcılıq qabiliyyətinə və zəkasına görə verilmişdi.
Bədi əz-Zaman ömrünün ilk 20 ilini doğma şəhərdə keçirir, ilk təhsilini burada alır. Bu illərdə o bir çox tanınmış alimlərdən elm öyrənir. Onların içərisində görkəmli dilçi alim Əbul-Hüseyn Əhməd ibn Farisi (v. 999) xüsusi qeyd edə bilərik. Məktublarından birində ədib öz soy kökünü Təğlib qəbiləsinə bağlayır. Onun əsərlərindəki ərəb təəsübkeşliyi ruhu ədibin etnik mənşəcə həqiqətən də ərəb olmasını zənn etməyə əsas verir.
Həmədanda bir çox dini və elmi biliklərə yiyələnən ədib səyahətlərə başlayır. O dövrdə səyahət dövrün alimləri və görkəmli adamları ilə tanışlığın, ən əsası isə elm öyrənməyin əsas vasitəsi idi. Səyahət həm də ziyalının özünü tanıtmaq üsulu idi. Bədi əz-Zaman ilk olaraq Reyə, Buveyhilərin məşhur vəziri Sahib ibn Əbbadın sarayına öz tutur. Sahib ibn Əbbad özü də görkəmli ədib və filoloq idi. O, həm də şeir, sənət, elm adamlarının himayəçisi kimi tanınırdı. Bir qədər Reydə qalan Bədi əz-Zamanı buradakı vəziyyəti də qane etmir. O, daha artıq hörmət və ehtiram gözləyirdi.  Bu zaman o, artıq söz sənətində möcüzələr göstərən bir sənətkar kimi tanınılrdı. Əbu Mənsur əl-Səalibi onun barəsində yazır ki “Həmədan möcüzəsi”, “zəmanənin nadir incisi” olan Bədi əz-Zaman qeyri-adi yaddaş sahibi idi. O, 50 beytlik bir qəsidəni bir dəfə dinləməklə başdan ayağa olduğu kimi əzbərdən deyə bilirdi, və yaxud beş, altı səhifəlik vərəqlərə bir dəfə göz gəzdirməsi kifayət idi ki, orada yazılanları olduğu kimi təkrarlasın. O, istənilən mövzuda bədahətən şeir deyə bilirdi. O, istənilən nəsr əsərini nəzmə, nəzm əsərini isə nəsrə çevirirdi.” (əs-Səalibi, 293)
Bir müddət sonra Bədi əz-Zaman Curcana, Kabus ibn Vuşmgirin (v. 912) sarayına yollanır. Amma burada da çox qalmayıb Nişapura səfər edir. Sonradan Bədi əz-Zaman məktublarının birində qəddar bir hakim obrazı yaradır ki, bunun Kabus ibn Vuşmgir olması zənn edilir.
Nişapura getməkdə Bədi əz-Zamanın məqsədi o dövrün böyük ədibi Əbu Bəkr əl-Xarəzmi ilə görüşmək, onun sənətindən faydalanmaq və onun sayəsində məşhurlaşmaq idi, amma Əbu Bəkr əl-Xarəzmi də ona qarşı laqeydlik göstərir. Nişapur yolunda quldur basqılnına məruz qalan ədib demək olar ki, heç bir yaşayış vəsaiti olmadan zavallı bir hala düşür; “onun yeganə libası bədəninin dərisi idi”. (Rəsail, 106)  O, Əbu Bəkr ək-Xarəzmiyə məktub yazıb vəziyyətini izah edir və ondan kömək umur. Ancaq öz şöhrətinin zirvəsində olan Əbu Bəkr əl-Xarəzmini gənc bir yazarın maddi problemləri çox da maraqlandırmır. Belə olduqda, Bədi əz-Zaman yaxşılıq kimi qazana bilmədiyini rəqabətlə qazanmaq fikrinə düşür. O, Əbu Bəkr əl-Xarəzmini ədəbi yarışmaya dəvət edir.  Bu yarışma o dövrdə Nişapurun həyatında mühüm mədəni hadisəyə çevrilir və Bədi əz-Zaman məhz dövrün böyük ədibi ilə yarışıb ədəbiyyat aləmində şöhrət tapır. O, öz məktublarında Əbu Bəkr əl-Xarəzmini tam məğlub etdiyini, hətta əl-Xarəzminin öz məğlubiyyətinə dözməyib yarış zamanı özündən getdiyini iddia edir. Mənbələrdə bir-neçə gün davam edən yarışmada hər ədibin öz tərəfdarlarının olması bildirilir. Yarışda Bədi əz-Zamanın şərt kimi irəli sürdüyü tələblər isə artıq X əsrdə ərəb nəsrinin əl-Cahiz realizmindən uzaqlaşıb tam formalizmə yuvarlanmasına dəlalət edir:
§  Elə bir məktub yazmaq ki, əvvəldən oxuyanda suallardan, axırdan əvvələ oxuyanda isə bu suallara cavablardan ibartət olsun
§  Elə bir məktub yazmaq ki ال artikli işlənməsin
§  Elə bir məktub yazmaq ki orada zəif hərflər  و ي olmasın
§  Elə bir məktub yazmaq ki, bütün sözlər م -lə başlayıb ج –lə bitsin
§  Elə bir məktub yazmaq ki həm tərif, həm də tənqid kimi yozula bilsin

Bu şərtləri eşidən əl-Xarəzmi “bunlar bir oyunbazlıqdır”  ( شعبذة)- deyir. Bu yarışma əl-Xarəzminin vəfatı ilə bitir.
Nişapurda olarkən Bədi əz-Zaman özünün məşhur məqamələrini yazır.  Bir qədər Nişapurda qaldıqdan sonra Bədi əz-Zaman Sicistana yola düşür. O, Sicistan hakimi Xələf ibn Əhməd (v. 1003)  tərəfindən hörmətlə qarşılanır. Bədi əz-Zaman Xələf ibn Əhməd şərəfinə şeirlər qoşur və bəzi məqamələrində ona təriflər deyir. Bədi əz-Zaman Sicistanla kifayətlənməyib bir mox şəhərləri qarış-qarış gəzir, Qəznəyə gəlib Sultan Mahmud Qəznəvinin və onun vəziri Əbu l-Abbas əl-İsfəraininin rəğbətini qazanır. Çox gəzdikdən sonra ədib, nəhayət, Heratda evlənib qərar tutur. O, Heratın adlı-sanlı ailələrindən biri ilə qohum olur.
Bədi əz-Zaman 1008-ci ildə dünyasını dəyişir. Mənbələrdə ölüm səbəbi müxtəlif cür izah edilir. Bəzən zəhərlənib öldürüldüyü bildirilir. İbn Xəllikan göstərir ki, əslində Bədi əz-Zaman bir ürək krizisi keçirərkən onu ölü bilib dəfn etmişlər. Qəbirdə özünə gələn ədib qışqırıb kömək istəyir. Adamlar qəbirdən səs gəldiyini eşidib qəbiri açarkən onun saqqalından yapışmış vəziyyətdə ürəyi partlayıb öldüyünü görürlər.
Bədi əz-Zamanın ədəbi irsi 233 məktubu və 51 məqaməni əhatə edir.
Bədi əz-Zamanın məktubları dövrünün alim və ədiblərinə, tanınmış dövlət adamlarına ünvanlanıb. Məktublarından birində o, Herat şəhərinin faciəli günlərini təsvir edir: Kasıblıq, aclıq şəhərdə əsl faciəyə çevrilib. İnsanlar yaşamır, sadəcə günlərini sayıb nə zaman öləcəklərini gözləyirlər. Onlar yeriyərkən, zəiflikdən kor kimi büdrəyirlər.  Qiymətlər günü-gündən artır, adamlar ərzaq qıtlığından heç nə ala bilmirlər.
Görünür, Bədi əz-Zaman ölkələrin ağır durumunu hökmdarların yarasızlığında görüb. O, məktublarından birində despot obrazını təsvir edir. Kabus ibn Vuşmgir olması zənn edilə hökmdar belə təsvir edilir: O, elə bir hökmdardır ki, qəzəblənəndə rəhmə yer qalmır. Onun xeyirxahlığı ilə qəzəbi arasında məsafə gödək olduğu kimi, qəzəbi ilə qılıncı arasında da məsafə çox gödəkdir. Onun sarayında həyat ölümlə qol-boyun gəzir. O, insanın həqiqətən günahkar olması, yoxsa şərlənməsi ilə qətiyyən maraqlanmır.  Onun iki qulağı var; biri böhtana açıq, o biri insanın öz günahsızlığı barədə gətirdiyi dəlillərə qapalıdır. İki əli var; biri ilə qan tökür, o biri ilə günahsızları boğub öldürür. İki gözü var; biri ilə cinayətləri görür, o biri məsumluğa qarşı kordur. Onu ancaq bir şey maraqlandırır: Edam! Onun bir tərbiyə metodu var ki, o da ölümdür.
Bədi əz-Zamanın ərəb ədəbiyyatı tarixində ən böyük xidməti onun novella janrının , yəni məqamələrin əsasını qoymasıdır. Qeyd etdiyimiz kimi, o məqamələrini Nişapurda yazmağa başlamış, sonra Sicistanda davam etdirmişdir. Məqamələrin böyük əksəriyyəti kələkbazlıq mövzusundadır.
Bədi əz-Zaman məqamələrinin baş qəhrəmanı Əbü l-Fəth əl-İskəndəridir. Bütün məqamələr ravi İsa ibn Hişamın dilindən nəql olunur. Hər məqamə İslam dünyasının bir ərazisində baş verir və adətən baş verdiyi ərazinin adı ilə adlanır. Bəzi məqamələr haqqında söhbət gedən şəxsin (əl-Cahiziyyə. əl-Bişriyyə) və yaxud məqamənin əsas mövzusunun adı ilə (əl-Madiriyyə) adlanır.
Məqamələırdə İsa ibn Hişam obrazı ikili xüsusiyyət daşıyır: o bir ravi kimi gördüklərini, yəni Əbü l-Fəth əl-İskəndərinin başına gələnləri söyləyir. Amma bəzi məqamələrdə onu əl-İskəndərinin dostu, hadisələrin fəal iştirakçısı kimi görürük (əl-Mausuliyyə, əl-Bağdadiyyə və s.). Məqamələrdə İsa ibn Hişamın bir tacir olduğunu görürük. Bu peşə onun müxtəlif şəhərləri gəzib dolaşmasına haqq qazandırır. Çünki, qeyd etdiyimiz kimi, məqamələrdə hadisələr müsəlman şərqinin müxtəlif ərazilərində baş verir.
Məqamələrin ümumi süjeti təxminən belədir: İsa ibn Hişam ticarətlə bağlı hər hansı bir şəhərə gedir. Səfər etdiyi yerlərdə o, Əbü l-Fəth əl-İskəndərini müxtəlif qiyafətlərdə görür. Əl-İskəndəri ya zahid, ya dilənçi, ya sehrbaz, ya şair və s. kimi çıxış edib adamlardan pul qoparır. Adətən İsa ibn Hişam əl-İskəndərini məqamənin sonunda tanıyır. O, Əbü l-Fəth əl-İskəndərinin ardınca düşüb özünü ona çatdırır, kələkbazlıq etdiyi ücün əl-İskəndərini danlayır. Əl-iskəndəri isə günahın onda deyil, onu bu hala salan zəmanədə olduğunu bildirir.
Əsərdə hər iki obrazın, həm ravinin, həm də baş qəhrəmanın yaşı dəyişkən verilir; onları gah ahıl insan, gah da gənc oğlan kimi görürük. Bədi əz-Zaman Əbü l-Fəth əl-İskəndərini orta boylu, iri qara gözlü, gur qara saqqalı, saçları çiyninə tökülən bir insan kimi təsvir edir. Məqamələrin əksəriyyətində o bəlağətli səslə dilənib insanlardan pul alır. Adətən insanların qəlbini rəhmə gətirmək üçün özü və ailəsi barədə müxtəlif əhvalatlar uydurur. Əbü l-Fəth əl-İskəndərinin mühüm xüsusiyyətllərindən biri onun ərəb dilini və ədəbiyyatını gözəl bilməsi, dini və dünyəvi elmlərdən baş çıxarmasıdır. Bu cür savad və bacarıq sahibi cəmiyyətə xeyir verə biləcəyi halda, cəmiyyəti aldatmaq yolu tutur. İstedad və bacarığını onu qiymətləndirməyən mühirtin əleyhinə yönəldir.
Qeyd etdiyimiz kimi, Əbü l-Fəth əl-İskəndəri bir fenomen kimi fərdi hadisəni deyil, cəmiyyətdə geniş hal almış prosesi – savadlı adamların qiymətləndirilməməsini, məhrumiyyətlərə düçar olmasını əks etdirir.   
Bu obrazı həm də insan psixologiyasının bilicisi kimi görürük. O, bir gəmidə insanların tufana düşdüklərindən vahimə içərisində olmasından məharətlə istifadə edir; hamı ağlayıb Allaha yalvararkən əl-İskəndəri nümayişkəranə bir tərzdə sakit dayanır. Adamlar səbəbini soruşduqda, özündə bir tilsim olduğunu bildirir. Bu elə tilsimmiş ki, sahibi heç bir zaman suda boğulmazmış. O, vahimə içərisində olan insanları “xilas etmək” üçün onlara da bu tilsimdən satır. Tufan dayanır. Gəmi sağ-salamat sahilə yan alır. Yalnız bu zaman adamlar, o cümlədən İsa ibn Hişam, şərtləşdikləri kimi pulun ikinci hissəsini verərkən İsa əl-İskəndərini tanıyır. Yenə də onu əliəyriliyinə, dələduzluğuna görə danlayır və “gəmi batsa nə olacaqdı?” deyə soruşur. Əl-İskəndəri “hamı ilə birgə öləcəkdim”, deyir. Gördüyümüz kimi, baş qəhrəman hər iki halda ziyan görməyəcəyi bir oyuna girir və nəticədə insanları aldadıb pul qazanır. Məqamələrin sonunda əl-İskəndərinin dilində səslənən şeirlər zəmanənin məzəmməti ruhundadır. Zəmanənin qəddarliği əl-iskəndərini bir buqaləmuna döndərir; o, cilddən-cildə düşür, məsciddə molla, kilsədə rahib olur. Bir tikə çörək naminə dilənçilik edir.
Məqamələrin obrazlar aləmi İsa ibn Hişam və Əbü l-Fəth əl-İskəndəri ilə məhdudlaşmır. Burada digər maraqlı surətlər də var. Bunlardan biri “əl-Madiriyyə” məqaməsindəki tacirdir. Əbü l-Fəth əl-İskəndərini evinə, əl-madira (ətli şorba) yeməyə çağıran bu tacir var-dövlət hərisi, qiymətli əşyalar həvəskarıdır. O, evinə qonaq gələn əl-İskəndərini ev əşyaları ilə tanış edir. Qonağın aclığına məhəl qoymadan bir-bir hansı ev əşyasını haradan aldığını, onu dəyərini bildirir, həmin əşyanı ağız dolusu tərifləyir. Əl-İskəndəri bezib onun evini tərk edərkən, tacir “ ya Əbü l-Fəth, hara gedirsən, əl-madira, əl-madira” deyib ardınca qışqırır. Küçədə oynayan uşaqlar əl-İskəndərinin adının əl-Madira olduğunu düşünüb, “əl-Madira” deyə qışqıraraq, onun ardınca düşürlər. Əl-İskəndəri əsəbiləşib yerdən daş götürüb tullayır ki, uşaqlar ondan əl çəksin. Daş təsadüfən oradan keçən bir nəfərin başını yarır. Nəticədə əl-İskəndəri iki il müddətinə həbs olunur.
Gördüyümüz kimi, bu məqamə tam fərqli bir süjet təklif edir. Burada əl-İskəndərini kələkbaz kimi deyil, insan acgözlüyünün qurbanı kimi görürük. Tacir obrazı isə olduqca real boyalarla təsvir olunub.
Maraqlı məqamələrdən biri də öz süjet xətti ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini xatırladan Mosul məqaməsidir. Burada əsas tənqid hədəfi dini fanatizmin kor etdiyi dindarlardır. Maraqlıdır ki, bu məqamədə İsa ibn Hişam hadisələrin fəal iştirakçısı, Əbü l-Fəth əl-İskəndərinin dostudur. Əsəri məşhur “Ölülərlə” yaxınlaşdıran cəhət şeyx obrazına girən əl-İskəndərinin “ölü diriltmək” iddiası ilə avam kənd camaatını aldatmasıdır. Bu məqamədə iki süjet üzvi şəkildə birləşdirilir. Birinci hekayətdə əl-İskəndəri öz dostu İsa ibn Hişamla ölü diriltmək iddiası edir. İkinci hadisədə isə, onlar quraqlıqdan əziyyət çəkən avam insanlara yağış vəd edirlər. Neçə gün kənddə yeyib içdikdən sonra adamlar çay kənarına, ümumi namaza aparır, hər rükətdə səcdəni bir qədər uzadır, axırda avam camaatı bu cür səcdədə qoyub aradan çıxırlar.
Bədi əz-Zamanın orta əsrlərdə bu cür yalançı şeyx obrazı yaratması böyük cəsarət tələb edirdi. Ədibin məktublarından onun özünə bir sıra Sufi kəramətləri aid etməsini görürük. Bədi əz-Zaman bütün bunları rədd edir. Mosul məqaməsində ədibin insanları kəramət iddiası ilə aldadan sufi şeyxlərinə qarşı çıxan görürük.
Məqamələr qafiyəli nəsrlə, səc üslubundadır. Burada Qurani-Kərimdən, hədislərdən, ərəb şeirindən iqtibaslar mühüm yer tutur. Nəsr-nəzm nöbvbələşməsi səc üslubu ilə birlikdə məqamələrə xüsusi bədiilik verir.
Məqamələrdəki mükəmməl səc nümunəli bir parça ilə tanış olaq:

امشي و انا حافي و اتبع الفيافي و عيني سخينة و نفسي رهينة و كاني مجنون قد افلت من دير و عير يدور في الحير اشد حزنا من الخنساء على صخر و من هند على عمرو و قد تاه عقلي و تلاشت صحتي و فرغت صرتي و فر غلامي و كثرت أَحْلامِي… اظهر بالليل و اخفى بالنهار

«Ayaqyalın səhraları dolaşıram, gözlərim qüssəli, qəlbim girov düşmüş kimidir. Mən monastırdan qaçmış dəli kimiyəm, yolunu azıb hərlənən uzunqulaq kimiyəm. Mən Saxrı irirmiş əl-Xənsadan, oğlu Əmri itirmiş Hinddən daha kədərliyəm. Artıq ağlım dumanlanıb, səhhətin pozulub, pul kisəm tükənibdir. Nökərim belə məndən üz döndərib. Mənim tərəf müqabilim ehtiyacdır. Hər yanda bəla məni təqib edir. Mən gündüzlər gizlənir, gecələr evdən çıxıram. (Məqamat, 210-211)

Bütün bədii məziyyətlərinə baxmayaraq, məqamələr ilk növbədə orta əsr şəhərlərinin real mənzərəsini yaradan realist əsərlər kimi dəyərlidir. Hadisələrin vahid bir qəhrəman ətrafında cəmlənməsi isə iri həcmli nəsr əsərlərinin yaranması yolunda böyük addım idi.
Məqamələr həm də ərəb adət-ənənələrini əks etdirmək baxımından maraq doğurur. Burada ərəblərin bir sıra mövhumi təsəvvürləri öz əksini tapıb. “Əl-Bəlxiyyə” məqaməsində ərəblərin zəcr ət-tayr (quş hürkütmə) adlanan fal təcrübəsi əks olunub.
Bədi əz-Zaman öz məqamələri ilə gözəl bir ənənənin əsasını qoyur. Ondan sonra bir çox ədiblər qələmlərini bu janrda sınayır. Məqamə janrı ərəb ədəbiyyatının sərhədlərini adlayıb fars və yəhudi ədəbiyyatlarına da təsir göstərir. İspaniyada çiçəklənən yəhudi ədəbiyyatının nümayəndəsi əl-Hərizi öz məqamələrini yaradır. Məqamə janrının İspaniyada kələkbazlıq romanlarlarının yaranmasına təsir göstərdiyi bilinir. Ərəb ədəbiyyatı tarixində Bədi əz-Zaman əl-Həmədanidən sonra məqamələrin ən məşhur  ustası Əbu Muhamməl əl-Qasim əl-Həriri (1054-1122) sayılır. 


Əbu Muhamməd əl-Qasim əl-Həriri 1054-cü ildə Bəsrədə anadan olub. O zəngin bir ailənin övladı idi. Atasından əl-Həririyə 80 min xurması olan bir bağ miras qalmışdı. Əl-Həmədanidən fərqli olaraq əl-Həriri sərvət və şöhrət ardınca hakimlərin sarayını gəzmək ehtiyacı duymayıb. Öz dövrünün ədibi kimi, əl-Həriri ərəb dili və ədəbiyyatına mükəmməl bələd olub. O, əyan və ziyalıların danışıq dilində işlətdiyi səhvlərə dair درة الغواص في اوهام الخواص (Elitanın danışığındakı səhvlərə dair qəvvasın dürr kitabı) bir əsərin müəllifidir.
Əl-Həriri ipəkçi deməkdir. Çox güman ki, ailəsi ipək ticarəti ilə məşğul olub. Hər halda maddi ehtiyac nə olduğunu bilməyən ədib özünü büsbütün elm və ədəbiyyata həsr etmək imkanı tapır. Ərəb dili və ədəbiyyatını mükəmməl mənimsəmək üçün əl-Həriri bir müddət bədəvi ərəblər arasında yaşayır, onlardan təmiz ərəb sözlərini öyrənir. (Dolinina, 3)
 Onun yaradıcılıq yolu maraqlı və ziddiyyətlidir. İlk məqaməsi olan “əl-Haramiyyə” (Oğru) əsərinin yazılması konkret bir hadisə ilə bağlanır. Oğlunun qeyd etdiyinə görə, əl-Həriri bir dəfə Bəsrə məscidində olarkən, məscidə yaşlı bir dilənçi daxil olur. Dilənçi bəlağətli səslə öz vəziyyətini insanlara izah edib kömək istəyir. Onun qızının Bizans əsirliyində olması aydınılaşır. Qocanın ağır vəziyyətini görənlər ona yardım edirlər. Əl-Həriri onunla söhbət edir, adını soruşur. Qoca adının Əbu Zeyd əl-Səruci olduğunu bildirir. Bu insan sonradan əl-Həriri məqamələrinin baş qəhrəmanının prototipi  olur. Məqamənin ravisi isə əl-Haris ibn Həmmam adlanır.
Əl-Həriri məqaməsini bir çox əyan və ziyalılara göstərir. O dövrdə İraqda Səlcuqilər hakimiyyətdə idi. Əslən türk olan bu sülalə özünü elm və ədəbiyyatın himayədarı kimi göstərirdi. Onlar universitetlər açır, ortodoks sünni məzhəbinin möhkəmlənməsinə can atırdılar. Əl-Həriri bacardığı qədər siyasi həyatdan kənarda qalmağa çalışırdı. Hakim sülalə ilə xoş münasibət qura bilən ədib Bəsrədə “Sahib əl-xəbər” vəzifəsi tutur. Bu bir növ poçt müdiri kimi bir vəzifə idi.
Əl-Həririnin ilk məqaməsini göstərdiyi şəxslər arasında Səlcuqilərin vəziri Ənuşirvan ibn Xalid də var idi. O, əl-Həririnin məqaməsini bəyənir və ədibi bu işi davam etdirməyə həvəsləndirir. Əl-Həriri özünün bu sahədə ustadı bildiyi əl-Həmədaninin yolu ilə gedərək 50 məqamə yazmaq qərarına gəlir. O, əl-Həmədanidən fərqli olaraq məqamələrini yazılma ardıcıllığına görə nömrələyir. Qırx məqaməsi hazır olduqdan sonra o, Bağdada gedib məqamələrini ədəbi dairələrə təqdim edir, amma bu dəfə onun işləri uğurlu alınmır. Ədibin bu məqamələri özünün yazmadığı, dünyasını dəyişmiş bir nəfərin sandığından oğurladığı barədə söhbətlər gəzir. Bəzən də onun bu məqamələri əlinə keçirmiş bir dəftərdən alması söylənilir. Guya bu dəftəri o karvanlara basqın edən bir quldurdan satın alıbmış. Söhbət o qədər böyüyür ki, əl-Həririyə öz sənətini əyani sübut etmək təklif olunur. O qırx gün bir mənzildə oturur ki, yeni məqamələr yazıb özünü təsdiq etsin; lakin nə qədər edirsə bir məqamə də yaza bilmir. Bunun səbəbini onun əlinin altında bu zaman Bəsrədəlki kimi zəngin şəxsi kitabxana, izahlı lüğətlər olmaması ilə izah edirlər. Həqiqətən də söz oyunbazlığı əsasında qurulmuş məqamələri əlavə vəsaitsiz yazmaq mümkün deyildi. Əl-Həriri kor-peşman Bəsrəyə qayıdır. Çox keçmir ki, o daha on məqamə yazdığını bildirir, beləliklə haqqında gəzən dedi-qoduya son qoyur. Ədib özünün “əl-Hulvaniyyə” məqaməsində təxminən buna yaxın bir hadisəni əks etdirib.
Əl-Həriri öz məqamələrini təxminən 10 il müddətinə, 1101 – 1110-cu illər arası yazıb. O, əsərinin elmdən uzaq, cahil adamlar tərəfindən pislənə biləcəyini, lakin elm və ədəb adamları tərəfindən şübhəsiz bəyəniləcəyini yazırdı (bax.Nicholson, 331)
Bədi əz-Zaman məqamələrində olduğu kimi, əl-Həriri məqamələrində də hadisələr iki obraz ətrafında cərəyan edir. Əl-Haris ibn Həmmam  əl-Həriri məqamələrinin ravisidir. O da İsa ibn Hişam kimi tacir, həm də savadlı bir adamdır. Tacir olması səbəbindən müxtəlif şəhərləri gəzir, və gəzdiyi yerlərdə Əbu Zeyd əs-Sərucinin fırıldaqları ilə üzləşir.
Əl-Həriri məqamələrinin bəzilərində ədibin müxtəlif həyat hadisələri ilə bağlı mülahizələri əks olunub. Bəzi məqamələrdə eyni hadisəyə və ya əşyaya müxtəlif münasibətlər əks olunub. Bu baxımndan “Dinar” məqaməsi diqqəti cəlb edir: Bir dəfə Əl-Haris ibn Həmmam ziyafət zamanı əyin-başı köhnə bir qoca görür. Onun bəlağətli sözlərlə dilənçilik edən qocaya yazığı gəlir. Qocanı yanına çağırıb ona bir dinar göstərir və deyir ki, bu dinarı ürəyim istəyən kimi tərifləsən, onu sənə verəcəm. Qoca dinarı mədh edir; o, dinarın parlaq rəngini vəsf edir, onun sərvət mənbəyi olmasını, pul kisəsi dinarla dolu olanlarda qüdrət və əzəmət olmasını, cingildəyərkən səsinin insanı valeh etdiyini tərif edir. Əbu Zeyd əs-Səruci bildirir ki, dinarla dolu pul kisəsi göydəki ayı belə diz çökdürə bilər.
Əl-Haris ibn Həmmam qocanın tərifini bəyənir və dinarı ona bağışlayır. Sonra o, başqa bir dinar da çıxarıb qocaya deyir: “Bu dinarı ürəyim istədiyi kimi həcv etsən, onu da sənə bağışlayacam.” Qoca dinarı həcv edib deyir ki, dinar lənətə gəlsin. O, yalançı və mənfurdur. Sarı sifəti nifrət oyadır. Dinarı sevən mütləq Allahın qəzəbini doğuran cinayətlər işlədir. Əgər dinar olmasaydı insanların sağ əli biləkdən kəsilərdimi? Dinarı sevdiyindən xəsis adam onun yanına diləyə gələnləri rədd edir. Dinar olmasaydı insanlar həsəddən çəkinib Allaha sığınmazdılar. Dinar şər mənbəyidir.”
İ. Filştinski haqlı olaraq bildirir ki, burada Əbu Zeyd əs-Səruci saray məddahlarının ümumiləşmiş obrazı kimi canlanır. Belə ki, onlar da şəraitə uyğunlaşmağı bacarır, öz hüsn-rəğbətlərini asanlıqla dəyişə bilirlər. (Filştinskiy, 309) Həqiqətən də, saray məddahları siyasi vəziyyətə müvafiq bu gün tərif etdikləri insanı sabah pisləyirlər. Və yaxud, mədh etdikləri adam onların şeirinə ürəklərincə pul və hədiyyə vermədikdə, onları həcv edirlər.
Əl-Həmədani məqamələrindən fərqli olaraq əl-Həriri məqamələri polemik ruhdadır. Qəhrəmanlar nəyin üstün olması barədə bir-birləri ilə mübahisə edirlər. Məs., cavan qıza evlənmək yaxşıdır, yoxsa dul qadına? Dəftərxana məmuru olmaq yaxşıdır, yoxsa vergi məmuru?
Əl-Həriri məqamələri əl-Həmədani məqamələrindən üslubca da fərqlənir. Əl-Həmədani məqamələri daha sadə təsir bağışlayır. Əl-Həriri isə məqamələrində maraqlı mövzuları sırf formal məsələlərə riayət və söz hoqqabazlığı ilə əlaqəli təqdim edir.  Məsələn o, axırdan və əvvəldən eyni cür oxunan ifadələr işlədir:
كبر رجا اجر ربك
Allahu Əkbər de ki, Rəbbin səni mükafatlandırsın.
Bəzi mətnlər heç nöqtəsi olmayan hərflərdən tərtib olunduğu halda, bəzilərinin bütün hərfləri nöqtəlidir. Bu cür söz oyunbazlığı, çətin ifadələr, arxaik sözlər, Quran və hədislərdən, atalar sözlərindən iqtibaslar əl-Həriri məqamələrinə forma gözəlliyi verir ki, bu da həmin dövrün estetik tələblərini əks etdirirdi.
Əl-Həriri məqamələrinə bir çox şərhlər yazılıb. Bu şərhlər içərisində ən məşhuru əş-Şərişinin şərhidir. Məqamələr əş-Şərişi şərhi ilə 1867-ci ildə Misirdə nəşr olunub. əl-Həriri məqamələri ərəb-islam dünyasında yüksək qiymətləndirilib. Əl-Zəməxşəri deyirdi:

  أقسم بالله وآياته ومشعر الحج وميقاته أن الحرير حري بأن نكتب بالتبر مقاماته

Allaha, onun müqəddəs ayələrinə, həcc ayininə və məbədə and olsun ki, əl-Həriri məqamələri qızıl suyu ilə yazılmağa layiqdir.
Məqamə janrına ərəb nəsrinin inkişafı boyu dönə-dönə müraciət edilir. Hətta  yeni dövr ədəbiyyatının Nasir Yazıci, Məhəmməd əl-Müveylihi kimi nümayəndələri bu janrda qələmlərini sınamışlar. Orta əsr kələkbazlıq novellası olan məqamələr müasir ərəb nəsrində novella janrının yaranmasına da təsir göstərmişdir.


1 comment: