Saturday, March 5, 2016

The Prophetic Hadith

HƏDISLƏR

Mənbə
Alexander Knysh, Islam in Historical Perspective, London-New York, 2016
Vasim Məmmədəliyev, Ərəb dilçiliyi, Bakı,
Robson, J.. "Ḥadīth." Encyclopaedia of Islam, Second Edition.
Ислам, Энциклопедический словарь, Москва 1991
Aida Qasımova , Islamın yaranması dövründə ərəb ədəbiyyatı, Ərəb ədəbiyyatının tədrisinə dair metodik göstəriş. Bakı Dövlət Universiteti Nəşriyyatı. Bakı, 1998
Aida Qasımova, Ərəb ədəbiyyatına dair müntəxəbat, M. Mahmudov, Klassik Ərəb ədəbiyyatı, Bakı, 2001, s. 216-254.

(İllər öncə bu mühazirəni hazırlayarkən, rəhmətlik Zahid Hüseynov mənə istifadə üçün türk və ərəb dillərində bəzi kitablar vermişdi. Təəssüf ki, kitabların məzmunu yadımda qalsa da, adlarını unutmuşam.)

Məhəmməd peyğəmbərin kəlamları, bu və ya digər hərəkəti, bu və ya digər hadisəyə münasibəti ilə bağlı deyimlər “hədis” (söhbət, kəlam) adlanır. Hədis Qur’ani Kərimdən sonra İslam dininin ikinci əsas mənbəsidir. Hədisə “sünnə” (adət edilmiş yol) və “xəbər” də deyilir. “Xəbər” adətən bir termin olaraq şiə mənbələrində işlənir.
Peyğəmbər öz zamanında hədislərin yazıya alınmasını qadağan etmişdi. Bəzən müsəlmanlar tək Qur’anı deyil, onun dediyi bütün sözləri qeydə alırdılar. Peyğəmbər bu halda öz kəlamlarının Qur’an ayələri ilə qarışıq düşə biləcəyindən ehtiyatlanırdı. O, “Mənim dediyim sözlərdən  Qur’andan başqa heç nə yazmayın, kim nə yazıbsa, pozsun!” -göstərişini verir. Çünki, özünün də qeyd etdiyi kimi, o, digər peyğəmbərlər kimi, özü barəsində də rəvayətlərin çoxalacağını bilirdi. O, “Mənim barəmdə nə eşitsəniz, onu Qur’anla müqayisə edin, uyğun gələrsə, mən demişəm, uyğun gəlməzsə, mənə aidiyyəti yoxdur,”- deyirdi. Beləliklə, ilk nümunələri yazıya alınan, əvvəl suhuf, sonra müshəf şəklində mövcud olan Qur’andan fərqli olaraq hədislər uzun müddət  yazıya alınmır. Xəlifə Ömər ibn əl-Xəttabın vaxtında bəzi müsəlmanlar hədisləri yazıya almaq təşəbbüsü göstərirlər, lakin Ömər buna icazə vermir.
Xəlifə Osman dövründə Qur’anın vahid nüsxəsi tərtib edildikdən sonra, hədislərin Qur’an ayələrinə qarışa bilməsi təhlükəsi aradan qalxır. Digər tərəfdən, Qur’an günü-gündən genişlənən müsəlman imperiyasının  heç də bütün məsələləri əhatə etmirdi. Zəkatın, namazın, oruc və həcc ziyarəti kimi mühüm məsələlərin təfsilatı hədislərdə əks olunub. Qur’anda yalnız “zəkat ver”, “dəstəmaz al”, “namaz qıl”, söylənilirsə, hədislər bu hökmlərin qaydalarını verir. Müsəlman imperiyasının böyüyüb bir çox xalqları əhatə etməsi, Qur’anda əks olunmayan problemlərin meydana çıxması cəmiyyətdə Qur’anla yanaşı ikinci bir qayda-qanun toplusunun olmasını da vacib edirdi. Məhz hədislərin sayəsində İslam dini yeni ictimai-siyasi vəziyyətə uyğunlaşdı, tənzimlənən qayda-qanunlar sistemi yaratdı.
Əgər Qur’an Tanrı kəlamıdırsa, hədis Peyğəmbərin kəlamıdır. Bəzi alimlər Qur’anın xristianlıqdakı qarşılığı kimi İsa ibn Məryəmi görürlər. İsa və Qur’an – hər ikisi Tanrı kəlamıdır. Belə olduqda, Peyğəmbərin kəlamlarını, həyatını, insanlarla davranışını əks etdirən hədislər İncillərə bənzədilir. İncilləri hz. İsanın şagirdləri söylədiyi kimi, hədisləri də hz. Məhəmmədin səhabəsi söyləmişdi. Bu mənada hədis bir növ Peyğəmbərin tərcümey-i halı olan sirə ədəbiyyatına yaxın bir anlamdır. (A. Knış, 86)
Zaman-zaman səhabənin vəfatı, nəsillərin bir-birini əvəz etməsi ilə hədislərin yazıya alınması tələbatı da artır. Məhəmməd peyğəmbərin mübarək üzünü görmüş hər bir müsəlman səhabə adlana bilər. Hədis elmində səhabə hədisi bilavasitə eşidənlər, hədisin bilavasitə şahidi olanlar və söyləyənlərdir. Səhabə içərisində hədis söyləməkdə dörd Raşidi xəlifəsi ilə yanaşı, Aişə, Əbu Hureyrə, Ənəs ibn Malik, Abdulla ibn Abbas məşhur olub. Hədisi səhabədən eşidənlərə tabiun deyilir. Hədisi tabiundan eşidənlər ətbau tabiundur.
Hədislərin mətni iki hissəyə - isnad və mətn hissələrinə bölünür. İsnadda hədisi kimlərin bir-birinə söylədiyi sadalanır. Hədislərin mötəbərliyinin müəyyənləşməsində isnadın böyük rolu var. İsnadda hədisi bir-birindən eşidən şəxslərin həyatda görüşə bilmək ehtimalı, onların müsəlman kimi şəxsi keyfiyyətləri böyük önəm daşıyır. İslam şərqində “Tabaqat” adlı əsərlər,görünür, məhz bu məqsədlə geniş yayılıb.
Hədislər mətnə görə qövlü, feli, təqriri və qüdsi hədislərə bölünür.
Qövlü hədislər – Peyğəmbərin müxtəlif münasibətlə söylədiyi sözlərə deyilir. Hədislərin böyük əksəriyyət qövlü hədislərdir. Məsələn:

انما الاعمال بالنيات     Əməllər niyyətlərə görədir.
ان اولادنا اكبادنا              Övladlarımız bizim ciyərparələrimizdir.
            اعدى عدوك نفسك           Sənin ən qatı düşmənin nəfsindir.
            حب الوطن من الايمان      Vətən sevgisi imandandır.

Feli hədislər – Peyğəmbərin gördüyü işlər, dəstəmaz alması, namaz qılması, həcc ayinlərini yerinə yetirməsi və s. ilə bağlı hədislərdir. Bu hədislər Qur’an ayələrinin izahı baxımından böyük əhəmiyyətə malikdir. Təfsir ədəbiyyatında belə hədislərə geniş yer ayrılır.

Təqriri hədislərdə Peyğəmbərin bu və ya digər hadisəyə münasibəti bildirilir. Bu münasibət bir kəlmə sözlə, gülümsəməklə, sükutla, qaş-qabaqla və s. ilə ifadə edilir. Məsələn, Peyğəmbər Əmr ibn əl-Asın su ilə dəstəmaz almaq əvəzinə təyəmmüm etməsini (qumla təmizlənmə) eşidərkən bunu gülümsəməklə qarşılamışdır. Başqa bir misal: Səhabədən Usamə ibn Zeyd çox qara, atası isə ağbəniz bir adam olub. Buna görə də, adamlar arasında dedi-qodu gəzirdi. Bir dəfə onlar məsciddə üstləri örtülü, yalnız ayaqları açıq yatıbmışlar. Bu zaman qiyafət elmindən başı çıxan bir nəfər (yəni, ayaq izlərinə görə insanın nəsəbini söyləyən qəyyaf) məscidə daxil olur və açıq ayaqları görüb “Allaha and olsun ki, bu ayaqlar bir-birindən yaranmışdır” – deyir. Bunun müqabilində Peyğəmbərin üzündə sevinc görünür.

Hədislərin bir növü də qüdsi hədislərdir. Qüdsi hədislərin vəhylə bağlı olub Allah Təala tərəfindən Peyğəmbərə təlqin edildiyi söylənilir. Belə olan təqdirdə “bəs bu cür hədislərin Qur’an ayələrindən fərqi nədir?” sualı meydana çıxa bilər. Qur’anda həm söz, həm məna Allaha məxsusdur. Qüdsi hədisdə isə mənanın Allaha, sözün Peyğəmbərə məxsus olması bildirilir. Lakin bu özü də mübahisəli məsələdir və ilahiyyat alimləri bu barədə müxtəlif mülahizələr söyləyirlər. Bəzi üləmanın fikrincə, qüdsi hədisdə söz də Allahdandır, sadəcə olaraq onlar Qur’an ayəsi kimi nazil olmayıb. Şərq poeziyasında dərin iz buraxmış bəzi qüdsi hədislərlə tanış olaq:

كنت كنزا مخفيا اردت ان اعرف خلقت الانس والجنة لاعرف
Mən bir gizli xəzinə idim, tanınmaq istədim, insanları və cinləri yaratdım ki, məni tanısınlar.

Başqa bir qüdsi hədisə görə Allah-Təala merac zamanı Məhəmməd peyğəmbərə demişdir:

و لولاك ولولاك لما خلقت الافلاك
Əgər sən olmasaydın, əgər sən olmasaydın, fələkləri yaratmazdım.

Qur’ani Kərimə münasibətdə hədisləri üç qrupa bölmək olar:

1)    Hədis Qur’an ayəsini təkrarlayır. Məsələn,
ان اكرمكم عند الله اتقاكم
“Allah yanında ən kəramətliniz ən müttəqi olanınızdır” həm Qur’an ayəsi (əl-Hucurat 13) həm də hədisdir.

2)    Hədis Qur’anı izah edir. Bura dəstəmaz, namaz, oruc tutma, həcc ayinlərini yerinə yetirmə və s. ilə bağlı bir çox hədislər aiddir. Qur’ani Kərimdə bu məsələlər bir hökm olaraq keçsə də, onlara necə əməl olunması məhz hədislərdə izah edilir. Bəzi ayələr ətrafında həddindən artıq çox hədislər söylənilir. Məs. Merac hadisəsinə əl-İsra surəsinin yalnız birinci ayəsində işarə edilib. Bu ayə ətrafında söylənilən hədislər isə geniş esxatoloji ədəbiyyat təsiri bağışlayır.
3)    Hədis Qur’anda olmayan bir hökm verir. Məsələn,
لا يرث القاتل
Qatil varis ola bilməz
Bu fikir Qur’anda əks olunmasa da, buradakı hökm öz ruhu ilə İslama uyğundur.

Hədis elmində ən vacib problem hədisin səhihliyidir. Tarix boyu müxtəlif dini-siyasi qruplar öz mənafelərinə uyğun hədislər uydurmuşlar. Bu səbəbdən, hədislərlə yanaşı, hədisin həqiqiliyini müəyyənləşdirən ilm əl-hədis (hədis elmi) də yaranmışdır.
Səhihlik baxımından mühəddislər hədisləri üç qrupa bölür:

1)    Səhih hədislər. Rəvayətçilər silsiləsində əxlaq və möminlik baxımından şübhə doğuran şəxslər olmayan hədislər səhih sayılır.
2)    Həsən hədislər, bəzi mühəddislərin qəbul edib, bəzilıərinin qəbul etmədiyi hədislərdir.
3)    Zəif hədislər rəvayətçilər silsiləsində əxlaq və möminlik baxımından şübhə doğuran şəxslər olduğundan, bir çox mühəddislərin qəbul etmədiyi hədislərdir.

Rəvayətçilər silsiləsi özü “tarıq” adlanır. Bir çox tariqi olan hədislər mütəvatir hədislərdir. Mütəvatir hədislər məntiq baxımından ən səhih hədislərdir. Burada eyni hədis onu eşidən müxtəlif səhabənin və tabiunun dilindən söylənilir. Bəzən cüzi deyim fərqləri olsa da, məna eyni olur. Üç tariqi olan hədislərə məşhur, iki tariqi olan hədislərə əziz, bir tariqi olan hədislərə əhadi hədislər deyilir.

Əsrlər boyu müxtəlif məzhəb və təriqətlər öz mənafelərinə uyğun hədislər uydurublar. Peyğəmbər, yuxarıda qeyd etdiyimiz kimi, hədisin səhihliyini Qur’anla müəyyənləşdirməyi tapşırırdı. Sonradan sünni və şiə məzhəblərində səhihlik anlamı iki fərqli metodla müəyyənləşir. Sünnilərə görə, hədisdə ən əsas rəvayətçilər silsiləsinin imanca möhkəmliyi, əxlaqca təmizliyi idi. Şiələrin fikrincə, o hədis səhih sayılır ki, rəvayətçilər silsiləsində mütləq imamlardan biri və ya onlara çox yaxın adamlar olsun. Sünni hədis elmi rəvayətçilər silsiləsindəki insanların bir-birini görməsini vacib bilir. Şiə ənənəsinə görə, imamlar gizli bir ilhamla böyük zaman fasiləsində belə Peyğəmbərdən sözlər, hökmlər eşidə bilərdilər.

Qeyd etdiyimiz kimi, hədis ədəbiyyatı öz məzmununa görə sirə ədəbiyyatına yaxındır. Artıq ibn İshaqın (v. 767) “Sirət əl-nəbi” əsərində bir çox hədislər rəvayətçilər silsiləsi ilə yer alır.  Mālik b. Anasın (v. 795) fiqhə dair “əl-Muvatta” toplusu da hədislər əsasında tərtib edilib.   Ilk mühəddislərdən ibn Şihab əl-Zuhrinin (v. 741) böyük nüfuzu olub.
Məşhur hədis topluları bunlardır:
1)    əl-Buxarinin (v. 870), “Sahih” toplusu. Müəllif 600 000 hədis toplayıb bunlardan təxminən 9000 –ni səhih toplusuna salıb.
2)    Müslimin “Səhih” toplusu. Təxminən 300 000 hədis toplayıb bunlardan 10 000 hədisi topluya salıb
Bu iki toplu birlikdə “Sahihan” (İki səhih) adlanır. Təkrarlanan hədisləri çıxsaq, müəlliflər 2600 hədisi səhih kimi təqdim edir.

3)    Əbu Davudun (v. 889) “Sunən” toplusu. Burada təx. 4800 hədis toplanıb.
4)    İbn Macənin  (v. 887)“Sunən” toplusu. Burada təx. 4000 min hədis toplanıb.
5)    əl-Nəsainin (v. 915) “Sunan toplusu. Burada təx. 5000 min hədis toplanıb.
6)    Əl-Tirmizinin (v. 892) “əl-Cəmi əl-kəbir” toplusu. Burada təx. 3950 hədis var.

Şiələrin məşhur hədis topluları Əbu Cəfər əl-Kuleyninin (v. 941) “əl-Kafi fi ilm əl-din”, ibn Babaveyh əl-Qumminin (v. 991)  “Kitab mən lə yahduruhu əl-faqih”, əl-Tusinin (v. 1067) “Təhzib əl-əhkam” toplularıdır. Bu toplularda hədislərlə yanaşı, imamların kəlamları da toplanıb.
Hədislərdən nümunələr
             
ارحموا عزيزا ذل وغنيا افتقروعالما ضاع في زمن الجهال
            Zəlil оlmuş bir qüdrət sаhibinə, kаsıblаşmış vаrlıyа və cаhillər zəmаnəsində məhv оlаn аlimə rəhm еdin.

  اذا احب الله عبدا ابتلاه                                                   
            Аllаh bir bəndəsini sеvərsə, оnu bəlаlаrа düçаr еdib sınаyаr.

العلم خزائن ومفاتيحه السؤال
            Еlm bir хəzinə, аçаrlаrı isə suаldır.

من سن سنة حسنة فله اجرها واجر من عمل بها الى يوم القيامة. من سن سنة سيئة فعليه وزرها ووزر من عمل بها الى يوم القيامة
            Kim gözəl bir аdət bаşlаyаrsа, оnа bu işə görə həm özünün, həm də qiyаmətə qədər bu аdətə əməl edən kəslərin sаvаbı nəsib оlаr. Kim pis bir аdətin əsаsını qоyаrsа, оnа həm öz günаhı, həm də qiyаmətə qədər bu аdətə əməl edən kəslərin günаhı yаzılаr.

حصنوا اموالكم بالزكاة و داؤوا مرضاكم بالصدقة         
Mаl-dövlətinizi zəkаtlа qоruyun, хəstəliyinizi sədəqə ilə müаlicə еdin

قال رسول الله: من رأني في المنام فقد رأني.فإن الشيطان لا يتمثل بي
Məni yuхudа görən еlə özümü görmüşdür. Çünki şеytаn mənim surətimdə görsənə bilməz.

                                           نعم سلاح المؤمن الصبر والداء
Möminin ən yахşı silаhı səbr və duаdır.

            لله كنوز تحت العرش ومفاتحها ألسنة الشعراء  
           Allah-Təalanın ərşinin altında gizli xəzinələri vardır ki, onların açarı şairlərin dilidir.

            الرؤية الصالحة جزء من ستة واربعين جزءا من النبوة
Gerçək yuxu peyğəmbərliyin qırx altıda bir hissəsidir .

اجتنبوا السبع الموقبات: الشرك بالله والسحر، قتل النفس التي حرم الله الا بالحق والرباء واكل مال اليتيم  والتولى يوم الزحف وقذف المحصنات المؤمنات الغافلات

            Yеddi böyük günаhı işlətməkdən çəkinin: Аllаhа şərik qоşmаq, sеhrbаzlıq еtmək, Аllаh Təаlаnın öldürülməsini qаdаğаn еtdiyi bir kəsi qətlə yеtirmək, sələmçilik еtmək, yеtim mаlı yеmək, döyüş zаmаnı gеri çəkilib qаçmаq, nаmuslu, mömin, ağlına zina gəlməyən qаdınlаrа böhtаn аtmаq.

No comments:

Post a Comment