Tuesday, February 20, 2018

Muhammad (short biography)



Məhəmməd peyğəmbərin həyatı

Məhəmməd peyğəmbər kimi tanıdığımız Əbu l-Qasım Muhamməd ibn Abdullah ibn Abd əl-Muttəlib ibn Haşım ( ابو القاسم محمد بن عبدالله بن عبد المطلب بن هاشم)  bəşər tarixində ən nüfuzlu şəxslərdən biri sayılır. Məhəmməd peyğəmbər əslən Qureyş qəbiləsinin Bənu Haşim qolundan idi. Bu qol çox zəngin olmasa da, kifayət qədər nüfuzlu sayılırdı. Nəsəb elminə çox meylli olan ərəb tarixçiləri və sirə ədəbiyyatı müəllifləri Peyğəmbərin nəslini Adəmə kimi sayırlar. O, ata xətti ilə İsmayıl peyğəmbərin nəslindən idi.
Peyğəmbərin həyatını öyrənmək üçün ən mühüm mənbə Quran Kərim və hədislərdir.  Onun ilk sirə yazarı fars əsilli məvali ibn İshaq (v. 768) olub. İbn İshaqın əsəri orijinalda deyil, ibn Hişamın (v. 833) təqdimində zəmanəmizədək gəlib çatıb. Ərəb orta əsr mənbələri, xüsusilə tabaqat və tarix kitabları Peyğəmbərin həyatın və şəxsiyyəti barədə məlumatları  hifz edir. Bundan əlavə o dövrün poeziyasında da bu barədə bəzi məlumatlar var.
Məhəmməd peyğəmbər tarixi bir şəxsiyyət olmaqla heç bir zaman qeyri-adilik iddiasında olmasa da, sirə müəllifləri və tarixçilər onun tərcümeyi-halını əsrarəngiz boyalarla təsvir etməyə çalışıb. Məsələn, Orta əsr mənbələrində göstərilir ki, həniflərdən olan Varaqa ibn Naufəlin qiyafət elmindən başı çıxan bacısı Abdulla ibn Abd əl-Müttəlibin üzünə baxarkən, onun belindən bir peyğəmbər gələcəyini duyub Abdulla ilə yaxınlıq etmək istəmiş, lakin buna münasib imkan tapmamış, nəticədə Abdulla Əminə ilə evlənmişdir. Varaqanın bacısı növbəti dəfə Abdullanı görərkən artıq onun üzündəki ilahi parıltını sezmədiyindən, onunla yaxınlığa maraq göstərmir; belə ki, o parıltı bir nütfə olaraq Əminənin bətnində yerləşmişdi. Ayrıca olaraq, İslam alimləri qədim yəhudi və xristian kitablarında peyğəmbərin gəlişinə bəzi işarələr olmasını bildirməkdə iddialıdırlar.
Peyğəmbərin adı – Muhamməd cahiliyyət zamanında geniş yayılan adlardan olmayıb. Peyğəmbər həm də anası Əminənin adına yaxın olan Əmin kimi tanınıb. Bu ad onun düzgünlüyü və etibarlı insan olması ilə əlaqəlidir. Atası Abdulla Muhamməd hələ ana bətnində olarkən dünyasını dəyişir. Əslən Yəsribdən olan anası vəfat edərkən onun 6 yaşı var idi. Əvvəl babası Abd əl-Muttəlibin, sonra əmisi Əbu Talibin (Abd əl-Manaf) himayəsində olub. Quran-i Kərimdə onun yetim olması barədə xəbər hifz olunub: Duha surəsində (6-8) deyilir:

لَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى* وَوَجَدَكَ ضَالًّا فَهَدَى* وَوَجَدَكَ عَائِلا فَأَغْنَى

Varlı qadın Xədcə ilə evləndikdən sonra Peyğəmbərin maddi vəziyyəti yaxşılaşır. Onun dörd qızı, üç oğlan övladı olub. Oğlan övladları südəmər ikən vəfat ediblər. Qızlarından yalnız Fatimə atasından sonra (6 ay) vəfat edib. Digər üç qızı (Zeynəb, Umm Külsüm, Ruqiyyə) atasının sağlığında dünyasını dəyişib.
Muhammədin gəncliyində artıq Ərəbistan yarımadasında mühüm dəyişikliklər baş verməkdə idi; bütpərəslik öz dövrünü başa vurmuş görsənirdi. Ərəblər bütlərə inanmır, hətta onları təhqir etməkdən belə çəkinmirdilər. Yəhudi və xristian icmaları bir-birinə düşmən kəsilmişdi; Yəhudi məzhəbli Himyər hökmdarının xristianları Nəcranda diri-diri xəndəkdə yandırması, buna cavab olaraq xristian Həbəşistanının Yəmənə qoşun çıxarması yaxın keçmişin hadisələri idi. Cəmiyyətdə yeni bir ideologiyaya ehtiyac olması göz önündə idi. Həniflər İbrahimin monoteist dinini dirçəltməyə can atırdılar. Ancaq onlar sayca az idilər; mənbələrin hənif kimi qeyd etdiyi şəxslərin siyahısı çox zaman Quss ibn Səidə, Usman ibn Huvayris, Zeyd ibn Əmr, Uməyyə ibn Əbi əl-Salt və Varaqa ibn Naufəldən o yana keçmirdi. Bəzən bu şəxslərinin bəzilərinin adının xristianlıqla da əlaqələnməsini görürük. Cəmiyyətdə kahin, ərraf və şairlər fövqəltəbii qüvvələrlə əlaqəli xüsusi təbəqə sayılırdı. Onların dilində səslənən qafiyəli vəznli nümunələrin cinlər tərəfindən təlqin olunmasına inanırdılar.
Muhamməd tez-tez Nur dağına, Hirə mağarasına çəkilib meditasiyalara qapılırdı. Bu cür meditasiyaların birində Cəbrail ona Qurani Kərimin ilk ayələrini, əl-Alaq surəsinin ilk beş ayəsini nazil edir. Peyğəmbərin ilahi bir qüvvə ilə təmasına əl-Nəcm(9-8-ci ayələr) surəsində işarə edilib:
وَهُوَ بِالأُفُقِ الأَعْلَى * ثُمَّ دَنَا فَتَدَلَّى * فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى * فَأَوْحَى إِلَى عَبْدِهِ مَا أَوْحَى

Beləliklə, vəhy prosesi başlayır. Bu proses özündə mələk Cəbrail vasitəsi ilə Quran ayələrinin Peyğəmbərə təlqin edilməsini əks etdirirdi. İslama ilk iman gətirən şəxsin bəzən Xədicə, bəzən də Əli ibn Əbi Talib olması bildirilir. Vaxtilə əmisi Əbu Talibin himayəsində yaşamış Muhamməd Əlini öz evinə gətirməklə Əbu Talibin ailə yükünə yardımçı olmaq istəmişdi.  Peyğəmbər həyatının bu dövründə Zeyd ibn Harisəni oğulluğa götürür. Bu arada Kəbə məscidinin bərpasında iştirakı onun nüfuzunu artırır. Belə ki, Kəbəni təmir edən qureyşlilər arasında Qara Daşı yerinə yerləşdirmək üstündə mübahisə düşür. Hər kəs bu şərəfli işi özü görmək istəyir. Bu zaman onlar bu işi məscidin qapısından ilk daxil olan adama həvalə etmək barədə razılığa gəlilər. Bu adam isə Muhamməd olur.
 İlk vəhydən sonra üç il Muhammədə heç bir ayə nazil olur. Muhamməd peyğəmbərlik missiyasının həqiqiliyi barədə şübhələr və çaşqınlıq içində ikən ona Müddəsir surəsi nazil olur. Bu surədə ona öz missiyasına başlayıb insanları vəhdaniyyətə çağırmaq hökmü verilir (1-3 ayələr):

يا أَيُّهَا الْمُدَّثِّرُ * قُمْ فَأَنذِرْ * وَرَبَّكَ فَكَبِّرْ * وَثِيَابَكَ فَطَهِّرْ

Bundan sonra Muhamməd öz missiyasına başlayır. O, çoxallahlılığa qarşı çıxıb insanları tək Allaha inanmağa səsləyir. Missiyanın başlanması ilə İslamın bəzi prinsipləri də məlum olur:

فَأَمَّا الْيَتِيمَ فَلا تَقْهَرْ* وَأَمَّا السَّائِلَ فَلا تَنْهَرْ *

Yeni din insanları ibadətə, vəhşi adətlərdən çəkinməyə çağırır. Qız uşaqlarının diri-diri basdırılması pislənir. Qan intiqamına müəyyən hədd qoyulur. Əsəbiyyə (qəbiləyə bağlılıq) pislənir. İnsanların din birliyinə əsaslanan ümmət yaranır.
Qureyş əhli yeni dində öz rifahları üçün böyük təhlükə görürdülər. Bütpərəstliyin baş panteonu olan Kəbə məbədgahının Məkkədə yerləşməsi həcc ziyarəti zamanı məkkəlilərə gəlir gətirirdi. Həcc həm də Məkkə ticarətinin inkişafına təkan verirdi. Bu səbəbdən, Məkkə müşrikləri Muhammədin peyğəmbərliyini qəbul etmir, onu gah kahin, gah sehrbaz, gah da şair adlandırırdılar.  Bunun müqabilində, Quranda (əl-Nəcm surəsi, 2-4 )  Muhammədə bir mələk vasitəsilə vəhy göndərilməsi bildirilir:

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى * وَمَا يَنطِقُ عَنِ الْهَوَى * إِنْ هُوَ إِلاَّ وَحْيٌ يُوحَى * عَلَّمَهُ شَدِيدُ الْقُوَى

Məkkəlilərin təzyiqləri nəticəsində Muhamməd kənarda özünə dayaq axtarmağa başlayır. O həm də öz tərəfdarlarını qorumağın qayğısına qalır. Bir qrup müsəlman Usman ibn Affanın başçılığı ilə Həbəşistana göndərilir. Müsəlmanları qəbul edən həbəş hökmdarı Məryəm surəsini dinləyib feyziyab olur.
Hicrətdən bir neçə il öncə Peyğəmbərin zövcəsi Xədicə və əmisi Əbu Talib vəfat edir. Peyğəmbər Taifə səfər edib orada tərəfdarlar axtararkən tam ümidsizlik içində geri dönəsi olur. Onun taiflilər tərəfindən daş-qalaq edilməsi bildirilir. Həyatının bu dövründə Merac hadisəsi baş verir: Rəvayətə görə o möcüzəli bir şəkildə Buraq adlanan minik heyvanının belində Məkkədən Yerusəlimə aparılır, oradan meracla (nərdivanla) göyün yeddi qatını gəzir, cənnət və cəhənnəmi seyr edir və Allah Təala ilə birbaşa ünsiyyətdə olur. Merac zamanı ona arada vəhy mələyi olmadan əl-Baqara surəsinin son iki ayəsi nazil olur, gündə beş dəfə namaz buyurulur və onun ricası ilə Qiyamət günündə müsəlman ümmətinin bəzi günahları bağışlanır. Təfsir ədəbiyyatına görə, əl-İsra surəsinin birinci ayəsində və əl-Nəcm surəsinin 13-16-cı ayələrində meracla bağlı xəbərlərin əks olunması bildirilir:

وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَى * عِندَ سِدْرَةِ الْمُنتَهَى * عِندَهَا جَنَّةُ الْمَأْوَى * إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَى

Bu zaman o, ana tərəfindən müəyyən qohumluq əlaqələrinin olduğu Yəsribə diqqət yetirir. Taif dərsindən sonra Peyğəmbər bu işə ehtiyatla başlayır, əvvəl özünə tərəfdarlar toplayır. Aqaba adlanan yerdə iki dəfə həcc ziyarətinə gələn yəsriblilərlə görüşüb müsəlmanların Yəsribə hicrəti ilə bağlı razılaşma əldə edir. Bundan sonra müsəlmanlar yavaş-yavaş Məkkəni tərk edib Yəsribə yönəlir. Ən axırda Muhamməd özü Əbu Bəkrlə Məkkəni tərk edir. Muhammədin getməsindən xəbərsiz müşriklər onu öldürməyə qalxarkən yatağında Əlinin yatmış olduğunu görürlər.Məkkəlilər dərhal Muhammədi təqib edib öldürmək istəyirlər. Amma Muhamməd və Əbu Bəkr Məkkənin cənubundakı bir mağarada üç gün gizlənib sonra yola düşdüklərindən məkkəlilər onları tapa bilmir. İslam ədəbiyyatında mağaranın girişini hörüb mağarada gizlənənləri möcüzəli şəkildə xilas edən bir hörümçəklə bağlı rəvayət söylənilir.
622-ci ilin rabi əl-avval ayının 1-də (24 sentyabr) Peyğəmbər Yəsribə, Quba adlanan məhəlləyə qədəm qoyur. Həmin gün müsəlman hicri təqviminin başlanğıcı sayılır. Həmin vaxtdan Yəsribin adı dəyişib Mədinət əl-nəbi olur.
Mədinədə müsəlman dövlətinin əsasları yaranır. İslamın mühüm ehkam və ayinləri bərqərar olur. İlk məscid tikilir, azan səsləri eşidilir, qiblə müəyyənləşir və s. Məkkəli mühacirlərin ehtiyacını ödəmək üçün ənsarlar adlanan Mədinə müsəlmanları ilə qardaşlaşmalar yaranır. Hicrətin başlanması ilə Mədinədə yaşayan iki böyük qəbilənin Xəzrəc və Aus qəbilələrinin illərlə davam edən düşmənçiliyinə tədricən son qoyulur.
Muhammədin qüdrəti artdıqca, ərəb qəbilələri nümayəndə heyətləri göndərib İslama tapınırlar. Müsəlman ümməti güclənər-güclənməz ilk döyüşlər başlayır. Muhamməd Nəxlə adlanan yerdə Məkkəlilərin karvanlarına basqın edir. Halbuki, bundan əvvəl ərəblərin müqəddəs saydıqları aylarda karvan basqınları baş vermirdi. Bununla İslam cahiliyyət ərəblərinin adətlərindən tamamilə uzaqlaşdığını nümayiş etdirir. 624-cü ildə müsəlmanlar Bədr döyüşündə məkkəlilərin böyük qüvvəsini məğlub edirlər. Bu döyüşdə Muhammədin qatı düşməni Əbu Cəhl də ölənlər arasında idi. Bir çox məkkəlilər əsir tutulur. Əsirlərdən iki nəfər Nadr ibn əl-Haris və  Uqba ibn Əbi Muayt edam edilir. Bunun ardınca 625-c i ildə Uhud döyüşündə məkkəlilər qalib gəlir. Bu döyüşdə Peyğəmbərin əmisi Həmzə şəhid olur. Bədr döyüşündə yaxın qohumlarını itirən Hind bint Uqba (Əbu Sufayanın arvadı) Həmzənin ciyərlərini dişlərinə çəkir.[1] Məkkə qadınları müsəlmanların qulaq və burunlarından boyunbağı düzəldib yaxalarına taxırlar. 626-cı ildə məkkəlilərin Mədinəyə hücum planı Muhammədin Salman əl-Farisinin təklifi ilə şəhər ətrafında xəndək qazdırması səbəbindən reallaşmır. Müsəlmanlar məkkəlilərlə yanaşı Mədinənin Bənu Nadir, Bənu Qurayza və Bənu Qaynuka kimi yəhudi qəbilələrinin bir çox üzvlərini məhv edilir, sağ qalanlar şəhərdən qovulur; səbəb onların məkkəlilərlə gizli danışıqlar aparıb müsəlmanlara qarşı çıxması idi.
Bütün bu qələbələr müqabilində Məhəmməd Məkkəni özünə tabe etdirmək planına başlayır. 628-ci ildə Hudeybiyyə sazişi əsasında müsəlmanlar Kəbəyə ümrə ziyarəti razılığı əldə edir. Qəlbən doğma şəhərinə bağlı olan peyğəmbər bu şəhəri İslamın mühüm ibadət mərkəzi etməklə həm Məkkə elitasının maraqlarını güdür, həm də öz qəbiləsinə böyük yaxşılıq etmiş olur.
Təxminən bu ərəfədə Xeybərin fəthi müsəlmanlara böyük gəlir gətirir. Xeybər vadisində məskunlaşmış yəhudilərin var-dövləti onların əlinə keçir. Yəhudi və xristianlarla sonrakı münasibətləri tənzimləmək üçün cizyə sistemi tətbiq edilir.
Görünür, Muhammədin uğurlarından həvəslənən başqa şəxslər də peyğəmbərlik iddiası ilə çıxış edir. Əl-Əsvad, Museylimə, Tuleyhə İslam tarixində “yalançı peyğəmbər” kimi tanınır.  Onların fəaliyyəti uğursuzluqla nəticələnir.
Sağlığında yeni dini ideologiyanın və insan birliyinin – müsəlman ümmətinin yaradıcısı olan Muhamməd həm də ilk müsəlman dövlətinin əsasını qoyur. Bu dövlətin əsas prinsipləri Qurandan və hədislərdən başqa, həm də Mədinə konstitusiyası sayılan sənəddə təsbit olur.
Muhamməd hicrətin 9-cu ilində Rəbi əl-avval ayının 13-də (8 iyun, 532) vəfat edib. Onun vəfatından sonra İslam tarixində Raşidi xəlifələri dövrü başlayır.




[1] Kannibalizmin bu növü eksokannibalizm adlanır.

No comments:

Post a Comment