Friday, February 19, 2016

AL-QUR'AN

QUR’ANİ-KƏRİM

Mənbə
ابو الفداء ابن كثير، تفسير القرآن العظيم، 1-4، بيروت، 1987
ابن جرير الطبري، جامع البيان في تفسير القرآن؟ 1-30، القاهرة، 1323-1329 ه
شوقي ضيف، تاريخ اللادب العربي، العصر الاسلامي، القاهرة
يحيى الجبوري، شعر المخضرمين،  واثر الاسلام فيه، بغداد، 1964


V.Məmmədəliyev, “Müqəddimə”, Qur’ani-Kərim. Bakı, 1991. (Bu yazıda Qur’ani-Kərimin Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən edilən tərcüməsinə istinad edilir.)
Qasımova Aida, Qur’an qissələri XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya-bədii qaynaqlarından biri kimi,Bakı: Nurlan, 2005.
Ефим Резван, Коран и его мир, Санкт-Петербург: Петербургское востоковедение, 2001
Ислам, Энциклопедический словарь, Москва 1991
Коран, Пер. И. Ю. Крачковского, Москва, 1963
О.Г.Большаков, История халифата, I. Ислам в Аравии, Москва, 1989


Qur’ani-Kərim insanların həyatında dərin iz buraxmış nadir kitablardandır. Islam dunyasında Qur’anin təsiri cəmiyyət həyatına dərindən nüfuz etmiş, siyasət, mədəniyyət, incəsənət, hüquq sistemi, məişət və həyatın digər sahələri birbaşa Qur’anla bağlanmışdır. Qur’an, demək olar ki, hər bir müsəlmanı dünyaya göz açdığı andan qəbir evinədək müşayiət edir. Bismillahla və Qur’an ayələri ilə dünyaya gələn körpənin adını da çox zaman Qur’andan seçirlər. O, Qur’an öyrənə-öyrənə yazib-oxumağı öyrənir, Qur’an ayələri ilə yaşayır, onları bir tilsim kimi üzərində gəzdirir, binaların divarlarında, ev əşyalarının və parçaların üzərində Qur’an ayələrini görür. Onun hər gün minarələrdən, minbərlərdən eşitdiyi də Qur’an olur. Hər bir müsəlman gündəlik namazında Qur’an ayələrini təkrarlayır, sevinəndə sevincini, kədərlənəndə kədərini, qorxanda qorxusunu Qur’anla dilinə gətirir.  Müsəlman can verərkən belə onun ruhunun fani dünyadan üzülüşməsini asanlaşdırmaq üçün başı üzərində oxunan Yasinin sədalarını eşidir. Onun cəsədi üzərində Fatihə səslənir, bəzən onun qəbir daşına da Qur’an ayələri həkk olunur.
Qur’anın özündən qaynaqlanan dini elmlərdən başqa İslam dünyasının dilçilik, ədəbiyyatşünaslıq, hüquq kimi elm sahələri, təhsil sistemi, məhkəmələr, əsas incəsənət növü sayılan xəttatlıq ilk növbədə Qur’anla bağlı idi.
Qur’ani-Kərimin əsas ideyasını tövhid təşkil edir. “Qur’ani-Kərim bütün kainatın yaradıcısı, hər şeyin xaliqi Allah Təalanın birliyini, onun qüdrət və əzəmətini, əbədi və əzəli varlıq olmasını tərənnüm edən ilahi bir kitab, müqəddəs bir himndir. (V. Məmmədəliyev) Qur’an insanları Qiyamət gününə, axirət dünyasına inanmağa səsləyir, cənnət və cəhənnəmin təsvirini verir, bəşər tarixini peyğəmbərlər tarixi kimi təqdim edir, haqq yolunu tutmayan qövmlərin acı taleyini göstərir. Qur’an həm də müsəlmanın həyat tərzini, əxlaq normalarını müəyyənləşdirən bir kitabdır.
Bir ədəbi abidə, söz sənəti nümunəsi kimi, Qur’ani-Kərim öz ideya və məzmunu, yüksək bədii üslubu və fəsahəti ilə ərəb ədəbiyyatının sonrakı inkişafında dərin iz buraxmışdır. Qur’ani-Kərimin ədəbiyyatla bağlı digər təsiri isə bu oldu ki, o, ərəbləri tamamilə Qureyş ləhcəsinə yönəltdi. Cahiliyyət dövründə bu ləhcə şimal ərəbləri arasında poeziya dili kimi geniş yayılsa da, ərəblərin hər bir qəbiləsi öz ləhcəsində danışırdı. Qur’ani-Kərim hətta cənub ərəblərinin əsas ləhcəsi sayılan himyər dilini də sıxışdırıb aradan çıxardı. Qureyş ləhcəsi əsasında yaranmış ərəb ədəbi dili Orta Asiyadan tutmuş Atlantik okeanı sahillərinədək böyük bir ərazidə yayıldı. (Dayf, 309-310)

Qur’ani-Kərimin adları

Qur’anın bir sıra adları var. Təfsir kitablarından hər bir adın özünəxas cəhətlərə malik olub öz aralarında fərqləndikləri anlaşılır. Müfəssirlər bəzən Qur’anın bir sıra xüsusiyyətlərini bildirən məcid, kərim, əziz və s. sifətlərini də adlar cərgəsinə qoşaraq onun doxsan doqquz adı olmasını bildirirlər. Bu adlar içərisində ən geniş yayılmışları Qur’anla yanaşı Müshəf, Fürqan , Lövh-i Məhfuz, Zikr, Tənzil, Nur, Kitab və Hudadır.
Qur’an  قرأsözündən alınmışdır. Bu sözün iki mənası vardır: oxumaq və toplamaq. Qur’ani-Kərimin ilk ayələri – əl-Alaq surəsinin ilk beş ayəsi إقرأ (oxu!) sözü ilə başlayır. Ancaq Qur’an sözünün mənası ilə bağlı başqa fikirlər də vardır. Məs. əşərilərin fikrincə Qur’an قرن (birləşdirmək, bir-birinə bağlamaq) sözündəndir. Iman Şafii isə Qur’anı heç bir kökə bağlanmayan xüsusi ad kimi  həmzəsiz (قرآن deyil  قران) oxumuşdur.
Müshəfdə kitabın özü, səhifələri, tərtib olunmuş bir nüsxəsi nəzərdə canlanır. Qur’anda Müshəf sözünə deyil, ona yaxın suhuf sözünə rast gəlinir (Taha,133; əl-Əla, 19 və s.). Əgər Qur’an deyərkən, Kəlamullah – Allahın sözü anlaşılır, ilk öncə onun qiraəti, yadda saxlanılması düşünülürsə, Müshəf deyərkən vərəqləri, yazısı, üz qabığı və s. olan konkret bir kitab  nəzərimizdə canlanır. Qur’an daha ümumi, daha abstrakt, daha səmavi olub Lövh-i Məhfuza və metafizik anlamlara daha yaxındır. Qur’an daha səmavi olub, Mütləq Ağıla, Ruha, Loqosa bənzər bir məfhumdur. Bəzən alimlər Qur’anın xristianlıq dinindəki qarşılığının Hz. İsa olduğunu söyləyirlər. Hər ikisi Allahın kəlamıdır, və hər ikisi bakirə bir zəmində yarandı: Hz İsanı bakirə Məryəm ana dünyaya gətirdi. Qur’an isə ümmi peyğəmbər Məhəmmədə nazil oldu.  Beləliklə Qur’an daha mücərrəd və səmavi bir anlamdır. Müshəf isə daha maddi, daha konkret bir kitabdır.
 Arami kökündən olan Furqan (əl-Baqara,185; əl-Furqan,1 və s.) sözünün mənası “fərqləndirib ayırmaq” deməkdir. O, haqqı batildən ayıran kitab olaraq dəyərləndirilir. Bəzən Fürqanı Qur’anla yanaşı müqəddəs kitabın ən mühüm adlarından sayırlar. Qur’ani-Kərimdə Bu söz yalnız Qur’anın adı kimi deyil, həm də Tövratın adı (əl-Baqara, 53; əl-Ənbiya, 48) kimi işlənir.  İnsanlara haqqı batildən ayırmağı öyrədən Fürqanın aydın, hökmü bəlli ayələrə aid işləndiyini zənn edənlər də var. Ayrıca olaraq, sufilər bu ada önəm verirdilər. Onların fikrincə, Qur’an elmləri bütöv, cəm halında ehtiva edir, Fürqan isə onları bir-birindən ayırıb fərqləndirir.
Lövh-i Məhfuz bütün müqəddəs kitabların əsasında dayanan meta-kitab, arxetipdir.  Əl-Buruc surəsinin 22-ci ayəsində Qur’an barədə, “O, Lövh-i məhfuzda (Qorunan lövhədə) saxlanan şanlı Qur’andır,” –deyilir. Bir çox sami dillərində işlənən لوح  sözü “yazı taxtası”nı, “lövhə”ni bildirir. “Lövh” sözünün ərəb dilindəki məna qatlarında həm bədən, həm də hava, səma, göylərlə bağlı çalarlara rast gəlinir. Qur’anda bəzən “lövh” sözü ilə arxetipik kitab deyil, peyğəmbərlərə nazil olan konkret kitab başa düşülür. (Əl-Əraf, 145) Əl-Qəmər surəsində (ayə 13) sözün fərqli bir mənası ilə rastlaşırıq: burada Nuhun gəmisinin lövhələrdən hazırlandığı bildirilir.
Qur’ani-Kərimdə kitab arxetipi yalnız Lövh-i məhfuzla məhdudlaşmır. Əl-Vaqiə surəsinin 78-ci ayəsində Qur’ani-Kərimin gizli saxlanılan kitabda (كتاب مكنون) saxlanıldığı göstərilir və müqəddəs kitabımızın əbədi və əzəli bir kitabın bir növ surəti olduğuna işarələr edilir. Bəzən ام الكتاب (Kitabın anası) da əbədi və əzəli bir kitab mənasında işlənir (məs. Al-i İmran, 7). Əl-Hadid surəsinin 22-ci ayəsində  deyilir: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamişdan əvvəl o bir kitabda (lövhi məhfuzda) yazilmamiş olsun. Bu, Allah üçün çox asandir.”
Umm əl-Kitab kitab arxetipi olmaqla bərabər, həm də Fatihə surəsini bildirir. Tənzil isə Qur’anın nazil olmasını, özü də bir dəfəyə deyil, hissə-hissə nazil olmasını bildirir (əl-Şüəra, 192; əl-Kəhf, 106). Həm də surələrin birinin adı olan Nur müqəddəs kəlamın nurla, işıqla əlaqələndirilməsindən doğur. Ümumiyyətlə, Huda, Nur, Bəyan Qur’anın funksiyası, insanları Haqq yoluna çıxarması ilə bağlı adlardır. Ayrıca olaraq Kitab (əl-Baqara, 213; Al-i İmran, 81) Kitab sözü isə كتب yazmaq ilə bağlı olub Qur’anın yazılı abidə olmasını vurğulayır, bununla da,  şifahi oxu ilə yazılı qeydləri fərqləndirir.

Vəhy
Qur’anın mahiyyətini anlamaq üçün ilk növbədə vəhy  وحيanlamını başa düşməliyik. Çünki, Qur’ani-Kərim Allahın Məhəmməd peyğəmbərə vəhylə göndərdiyi bir kitabdır. İslamın zühurundan sonra bu dinə qarşı düşmən mövqedə olan müşriklər vəhylə nazil olan Qur’anı kahin səci və şeir hesab etmiş, Avropanın bir sıra ateist alimləri isə Məhəmməd peyğəmbərin yaşadığı vəhy prosesini bir ruhi patologiya, xəstəlik kimi təqdim etmişlər. Ancaq XX əsrdə bir çox alimlər bu prosesi sağlam bir insan olan peyğəmbərimizin şüurunun intensivləşməsi, dəyişmiş forması kimi təqdim edir. (Bu barədə E. Rezvanın “Qur’an və onun dünyası” kitabında ətraflı məlumat var.)
Vəhyin ağır bir proses olması Qur’anın özündə də əks olunub:

Ya Məhəmməd!) Əgər biz bu Qur’ani bir dağa nazil etsəydik, sən dağın (Allahin) qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin.(əl-Həşr, 21)

Vəhyin növləri çoxdur. Peyğəmbərimizə vəhy çox vaxt mələk vasitəsilə nazil olub. Vəhy mələyi bəzən insan görkəmində görünür. Peyğəmbər demişdir: “Bəzən mələk mənim yanıma insan surətində gəlib mənimlə danışır, mən də onun söylədiklərini öyrənirəm. Bu, mənim üçün vəhyin ən asan gəlişidir”. Bəzən də vəhyin gəlişi zamanı peyğəmbəri titrəmə tutur, o, ağır bir vəziyyətə düşürdü. Onun qulaqlarında uğultu eşidilər, o, başını aşağı endirər, alnından tər axar, nəfəsi təngiyərdi.  Vəhy daha çox gecəyarısı, səhərin açılmasına yaxın nazil olurdu.
Vəhyin başqa bir növü gerçək yuxudur. 23 illik vəhy prosesinin altı ayında Peyğəmbərimiz vəhyi gerçək yuxu şəklində qəbul edib. Buna görə də, yuxu peyğəmbərliyin qırx altıda bir hissəsi sayılır. Bir sıra hədislərdə peyğəmbərlərin yalnız gözlərinin yatdığını, qəlblərinin isə oyaq qaldığını bildirmişdir. Peyğəmbərlərin röyaları da əslində bir vəhydir. Belə ki, İbrahim əleyhissəlama oğlu İsmailin (ə.) qurban kəsilməsi barəsində göstəriş ona yuxusunda agah olmuşdur. Eləcə də, Yusuf peyğəmbər öz gələcək taleyini yuxuda görmüşdür. Bir hədisdə deyilir: “Mənə - ey Məhəmməd, gözlərin uyusun, qulaqların eşitsin, qəlbin əzbərləsin – deyilmişdi
Peyğəmbərimizin iki dəfə arada vəhy mələyi olmadan Allah Təala ilə ünsiyyətdə olması göstərilir. Buna əl-Nəcm surəsində işarə edilib. Burada Peyğəmbəin Allah Təaladan (və yaxud vəhy mələyi Cəbraildən) iki yay uzunluğunda məsafədə olması bildirilir (قاب قوسين

Əl-Baqara surəsinin son iki ayəsinin birbaşa vəhylə nazil olması bildirilir. Vəhy əksər vaxt eşitmə hissi ilə realaşırdı, amma bəzən görüntülü də olurdu. Bəzən Allah-taala ilə birbaşa əlaqənin yuxuda da baş verdiyi söylənilir. Məhəmməd peyğəmbərdən söylənilən bir hədisdə deyilir: “Mən yuxuda ikən Rəbbimi ən gözəl surətində ikən gördüm.” Ümumiyyətlə, Peyğəmbərin Allah Təalanı görməsi barədə müxtəlif hədislər mövcuddur. Bir hədisdə deyilir:“ Ey rəsulullah, Rəbbini görmüsənmi? Peyğəmbər dedi: mən bir nur görmüşəm”. Başqa bir hədisdə isə deyilir ki, Peyğəmbər Allahı gözləri ilə deyil, qəlbi ilə iki dəfə gördüyünü söyləmişdir.
Qur’ani-Kərimdə başqa peyğəmbərlərin vəhyi qəbul etməsi də əks olunub. Allah Musa peyğəmbərlə yanar ağac arxasından danışıb. İsaya gəlincə, Allah onun dili ilə insanlara müraciət edib. Ona görə də İsa “kəlimətullah” (Allahın kəlamı) adlanıb. (Al-i İmran, 45)

 Qur’anın quruluşu

Qur’ani-Kərim 23 il müddətində peyğəmbərimizə nazil olmuşdur. Onun ilk ayələri əl-‘Alaq surəsinin ilk beş ayəsidir, son ayəsi isə əl-Maidə surəsinin üçüncü ayəsidir ki, Vida həcci zamanı nazil olub. Qur’an 30 cüz, 60 hizb, 114 surə, təxminən 6232 ayədən ibarətdir. Qur’anda tərtib baxımından ilk olaraq yeddi ayədən ibarət əl-Fatihə surəsi gəlir. Namaz zamanı təkrarlandığından buna “təkrarlanan yeddi” (سبع المثاني) deyilir. Fatihədən sonra surələr həcm etibarilə bəzi istisnalarla böyükdən kiçiyə doğru düzülür. Qur’andaki hökmlər 3 qrupa bölünür: hamının anladığı hökmlər, b) ancaq peyğəmbərin anladığı hökmlər,c) sirri ancaq Allaha aid olan hökmlər.  
Ayə sözünün hərfi mənası “gizli işarə”, “möcüzə” anlamlarına gəlir. Sözün etimologiyasını müəyyənləşdirməlk çətindir. Ərəb dilində müvafiq kök olmadığı kimi, digər sami dillərində də eyni şəkildə olan müvafiq söz yoxdur. Qur’anın özündə bu söz təxminən 400 dəfə işlənir. Qur’anın bəzi ayələri – ayət əl-Kürsi (əl-Baqara, 255), ayət əl-Nur (əl-Nur, 35) xüsusilə uca tutulur və dua kimi işlənir. Eləcə də əl-Baqara surəsinin son iki ayəsinin insanlara xoşbəxtlik gətirəcəyinə inam var.
Qur’an ayələrinin bəzilərinin hökmü yeni bir ayə ilə əvəz olunur (əl-Baqara 106; əl-Nəhl, 101). Bu cür ayələr mənsux ayələr adlanır. Onları əvəz edən ayələrə isə nasix ayə deyilir. Mənsux ayələr üç qrupa bölünür.
a)  Hökmü ləğv edilib mətni qalan ayələr. Buna misal olaraq, şərab barədə olan ayələri (əl-Baqara, 219; əl-Nisə, 43; əl-Maidə, 90) göstərə bilərik. Əl-Baqara surəsində şərabda həm ziyan, həm də xeyir olduğu bildirilir, əl-Nisədəki ayə sərxoş halda namaz qılmağı qadağan edir, əl-Maidə surəsi isə şərabı şeytan əməli sayır. Əl-Maidə surəsindəki hökm şərabda həm də mənfəət olması barədəki hökmü (əl-Baqara, 219) ləğv edir.
b)  Hökmü saxlanılıb ləfzi pozulan ayələr. Adətən buna rəcmlə bağlı ayəni aid edirlər. Qur’anda zina barədə deyilir ki, zinakarları yüz qamçı zərbəsi ilə cəzalandırmaq lazımdır. (əl-Nur, 2). Hz. Ömər bu ayədə ləfzi-mənsux olduğunu iddia edib. Yəni, zinakarları daş-qalaq etmək barədə hökm qalıb, ancaq onun ləfzi pozulub. Bu məsələdə müxtəlif məzhəblər və hüquq sistemləri arasında fərq var.
c)  Həm ləfzi, həm də hökmü mənsux ayələr. Guya belə bir ayə olub:

 ولا يملأ جوف ابن آدم إلا التراب لو كان لابن آدم واديان من مال لابتغى ثالثا،
 İnsan övladının iki vadi sərvəti olsa, o üçüncüsünü də istəyər. Onun qarnını ancaq torpaqla doyuzdurmaq olar.

Nasix-mənsux məsələsi İslamda həmişə mübahisə obyekti olub. Mübahisəyə mənsux ayələrin tilavəti, Qur’an ayəsinin hədisi, hədislərin isə ayəni nəsx etməsi və s. məsələlər də daxildir. Bu məsələdə çoxsaylı məzhəb və təriqətlərin öz yolu olub. Məsələn, sufilərin çox sevdiyi və Allahla bağlı sufiyanə mülahizələrə geniş meydan açan  aşağıdakı ayə bəzi mühafizəkar üləma tərəfindən bəyənilmir, onlar bu ayənin mənsux olduğunu iddia edirlər:
Şərq də, Qərb də Allahindir. Hansi tərəfə yönəlsəniz (üz tutsaniz) Allah oradadir. şübhəsiz ki, Allahin mərhəməti genişdir və O hər şeyi biləndir (əl-Baqara 115)
Bu ayənin müsəlmanlara üzlərini əl-Məscid əl-harama çevirmək buyurulan ayə ilə əvəz edildiyi bildirilir (əl-Baqara, 144)

Qur’an ayələrinin başqa bir təsnifatı onların nə dərəcədə anlaşıqlı olması ilə bağlıdır. Hökmü bəlli ayələr “muhkəmat” adlanır. Hökmü qaranlıq olub bir çox şərhlərə yol açan ayələr mutəşəbihat adlanır. Əl-Nur surəsinin 35-ci ayəsi buna misal ola bilər.

        Surələr

Surə sözü Qur’anda on dəfə işlənir.  Siryani mənşəli   “surta” sözündən  alınıb , “müqəddəs yazı”, “qiraət” anlamına gəlir. Qur’ani-Kərimdə 114 surə var. Ən böyük surə əl-Baqara, ən kiçik surə isə Kövsər surələridir. Bəzi surələr yüksək üslubu və bədiiliyi ilə seçilir. Məsələn əl-Rəhman surəsində فَبِأَيِّ آلاء رَبِّكُمَا تُكَذِّبَانِ  ifadəsinin surə boyunca 31 dəfə təkrarlanması və qafiyə sisteminin mükəmməlliyi bu surəyə xüsusi harmoniya və axıcılıq verir. Yusuf və əl-Fatihə və bəzi kiçik surələr istisna olmaqla, surələrdə vahid süjet xətti gözlənilmir və bir surə bəzən mənaca uyğun gəlməyən, müxtəlif tərzdə söylənilən  bir-neçə əlaqəsiz hissəni birləşdirir. Yusuf surəsi süjetli hekayət təsiri bağışlayır.
 Xronologiya baxımından surələr Məkkə və Mədinə surələri olmaqla iki qismə bölünür. Bəzi surələrdə həm Məkkə, həm də Mədinədə nazil olan ayələr cəmlənib. Məkkə dövrü 90 surədən ibarətdir. Bu surələr özü üç mərhələni əks etdirir (bax. Məmmədəliyev, VII):

1)              Birinci Məkkə dövrü. Bura 48 surə aiddir. Bu surələrdə Allahın təkliyi ideyası dönə-dönə bildirilir, insanlara Qiyamət günü və axirət dünyası barədə xəbərdarlıq edilir, cənnət və cəhənnəmin təsviri verilir. Bu surələrdə səc üslubu (qafiyəli, vəznli nəsr) daha bariz görsənir, qafiyə ilə yanaşı  ritmikaya da fikir verilir.
2)              İkinci Məkkə dövrü 21 surəni əhatə edir. Bu surələrdə birinci qrupa daxil olan surələrdəki yüksək pafosun yerini sakit mülahizələr tutur. Peyğəmbərlərin qissəsinə, xüsusilə Musa peyğəmbərin hekayətinə yer ayrılır. Bu surələrdə dalğınlıq, fikir və düşüncə hakimdir. Allahın varlığını iddia edən hökmlərdə möcüzə və ilahi ayətlərdən bəhs edilir. Bu surələrdə Allaha Rəhman deyə müraciət edildiyindən, onlar Rəhman surələri adlanır.
3)              Üçüncü dövrdə 21 surəni əhatə edir. Bu surələrdə qısasul-ənbiyaya əsas yer verilir. Bu qrup surələr həcmcə daha böyükdür və bu surələrdə “eyyhə-n-nəs” (Ey İnsanlar!) müraciəti daim təkrarlanır.
Mədinə dövrü surələri iyirmi dörddür. Bu dövrdə müraciət edilən auditoriya dəyişdiyindən və müsəlman icmasının özəyi yarandığından, nazil olan surələr də fərqli xarakter daşıyır. Dini öhdəliklər, hüquqi məsələlər, ailə, məişət, vərəslik, əxlaq problemləri, başqa icmalara, xüsusilə kitab əhlinə münasibət bu surələrdə əks olunub. Üslubda bədiiyyat o qədər də güclü deyil.
 Bir sıra surələr müsəlmanın inanc sistemində xüsusi şəfaverici və ilahi mərhəmət və yardımla əlaqələndirilir. (əl-Fatihə, əl-Vaqiə, əl-İxlas, əl-Falaq, əl-Nəs və s) İslam dünyasında əl-Falaq, əl-Nəs  surələrinin tilsimdən və bəd-duadan qorumasına, əl-Vaqiə surəsinin isə ruzi gətirməsinə dərin inam var.
Qur’ani-Kərim yüksək bəlağət  və fəsahət nümunəsidir. O, insanların onu yadda saxlaması üçün münasib bir şəkildə nazil olmuşdur. Əl-Qəmər surəsinin 17-ci ayəsində deyilir: “Biz Qur’anı zikr üçün nazil etdik.”

Qur’ani-Kərimin yazıya alınması

Qur’an nazil ola-ola (610-632) səhabələr onu əzbərləmiş, vəhy katibləri Qur’anı yazıya almışlar. İlk vaxtlar Qur’an ayələri perqament, papirus, xurma ağacı yarpaqları, heyvanların kürək sümükləri üzərində yazılırdı. Əbu Bəkrin dövründə Qur’an Zeyd ibn Sabitin başçılığı ilə vahid bir kitab halında yazılıb tərtib olunur. Bu zaman həm qarelərin yaddaşında hifz olanan Qur’andan, həm də əldə olan yazılardan istifadə olunur. Rəvayət olunur ki, Qur’anı yaddaşında hifz edən bəzi səhabənin Yəməmə döyüşündə şəhid olması Qur’anın taleyi ilə bağlı Ömər ibn əl-Xəttabı narahat etmiş, o, xəlifə Əbu Bəkrə Qur’anın kitab halına salınmasını məsləhət bilmişdir. İlk əvvəl nə Əbu Bəkr nə də Zeyd ibn Sabit “Biz peyğəmbərin özünün etmədiyi işi necə edək?” – deyib tərəddüdlərini biruzə vermişlər. Ömər onları Qur’anı vahid kitabda toplamağın zərurətinə inandırdıqdan sonra bu işi görüb səhabənin yaddaşında, perqament, xurma yarpaqları, kətan parça və sümüklər üzərində olan suhufu (səhifələri) kitab halına salmışlar. Həmin nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərdə qalmış, Ömər dünyasını dəyişərkən onu saxlamağı Peyğəmbərin dul qadını, öz qızı Hafsəyə tapşırmışdır.
Ancaq Qur’anın müxtəlif qiraət formaları uzun müddət cəmiyyətdə çaşqınlıq yaradırdı. Azərbaycanda olan yürüşlərin birində yarısı Abdulla ibn Məsudun, yarısı Ubeyy ibn Kəbin qiraətini üstün tutan əsgərlər arasında çaxnaşma düşür, nəticədə onlarla əsgər tələf olur. Beləliklə, Qur’anın vahid bir nüsxəsini yaratmaq zərurəti meydana çıxır. Bu nüsxənin əsasında Əbu Bəkrin vaxtilə Yəməmə döyüşündən sonra tərtib etdirdiyi, Ömərin qızı Hafsədəki nüsxə dayanırdı. Osman nüsxəsi adlanan bu nüsxə indi əlimizdə olan müqəddəs kitabımızdır. Onun nüsxələri Kufəyə, Bəsrəyə, Dəməşqə və Məkkəyə göndərilir. Bəzən yeddi əlyazma hazırlanıb nüsxələrin  Misir və Orta Asiyaya da göndərilməsi bildirilir.
Görünür, Qur’anın Osman tərəfindən vahid nüsxədə tərtibi zamanı səhabədə müqəddəs kitabın səhifələr toplusu deyil, kitab (müshəf) olaraq bir çox  nüsxələri olmuşdur. Rəvayətə görə, Osman nüsxəsi tərtib edilməzdən əvvəl peyğəmbərin zövcələrindən Aişə, Hafsə və  Umm Salamada, eləcə də Əbu Bəkr, Ömər, Osman və Əlidə, müsəlman təfsir elminin banısı sayılan Abdulla ibn Abbasda, bəzi qarelərdə Qur’an nüsxələri var idi. Vahid nüsxə tərtib olunduqdan sonra bu nüsxələr Osmana verilmiş və onlar yandırılmışdır. Yalnız məşhur Qur’an qaresi, şiəliyə meylli Abdulla ibn Məsud öz nüsxəsini verməkdən imtina etmiş, “ağzından süd iyi gələn” Zeyd ibn Sabitin başçılığı ilə yeni nüsxə tərtib olunmasını bəyənməmişdir. Deyilənə görə, ibn Məsudun nüsxəsində əl-Fatihə surəsi və muavvazateyn adlanan əl-Fəlaq və əl-Nəs surələri olmayıb. Kanonik nüsxədən fərqli olaraq, Abdulla ibn Məsudun nüsxəsində doqquzuncu surə də bəsmələ ilə başlayır. Ubeyy ibn Kəbin nüsxəsində isə iki əlavə surə olub; üç ayədən ibarət الخلع  və yeddi ayədən ibarət   الحفد surələri. Sonradan yaranmış xarici təriqəti nümayəndələri isə Yusuf surəsini bəyənməyib Qur’andan çıxarmışlar.
Qur’an müshəf olaraq ilk vaxtlar perqament üzərində yazılmışdır. Adətən üst-üstə beş iri dəri qoyulur, ortadan bərkidilir, on səhifəli iri bir Qur’an alınırdı. Sonra papirus üzərində ilk dəfə hicazi xətlə şaquli yazilib. Sonra kufi xətlə üfüqi istiqamətdə yazılmağa başlanıb.  
Qur’ani-Kərim bir çox elmlərin inkişafına təkan vermişdir. İlk öncə ərəb orfoqrafiyası təkamül etdi. Əvvəllər ərəb yazısında nöqtə və hərəkələr yox idi. Bu bir sözün bir neçə oxunuşunu yaradır və Qur’anın düzgün qiraətini çətinləşdirirdi. Əbu l-Əsvad əl-Duali (688) qırmızı mürəkkəblə nöqtələr şəklində hərəkələri təsvir edir. Fəthəni hərfin üzərində, kəsrəni hərfin altında, dammanı hərfin yanındakı qırmızı nöqtə bildirirdi. Deyilənə görə, ona bu dəyişiklikləri etməyi Əli ibn Əbu Talib, başqa bir versiyaya görə Ziyad ibn Əbihi tapşırmışdır. Kufi əlifbası ilə iri hərflərlə yazılan qədim Qur’an nüsxələrində əl-Dualinin yazı sistemi müşahidə edilir. Ərəb orfoqrafiyasinda ikinci böyük dəyişiklik hərflərin nöqtələrlə fərqləndirilməsi oldu. İlk nöqtələrin də əl-Duali tərəfindən tətbiqi göstərilir, amma indiki işlətdiyimiz şəkildə nöqtələmə sisteminin əməvi valisi Həccac ibn Yusifin göstərişi ilə Nasir ibn Asimin tərtib etməsi bildirilir. Üçüncü dəyişiklik Xəlil ibn Əhməd əl-Fərahidi tərəfindən edildi. O Əbu l-Əsvad əd-Dualinin nöqtələri əvəzinə indi işlətdiyimiz hərəkələri – fəthə, kəsrə, damma, sukun, şəddə və məddəni yaratdı.
Qur’anın əzəli olub olmaması barədə İslam dünyasında mübahisələr baş verib. Mötəzililər onu məxluq saymış, yəni onun Allah Təala tərəfindən xəlq edildiyini iddia etmiş, ortodoks sünni üləması isə Qur’anı Tanrı kəlamı olaraq əbədi bilmişlər. Xəlifə Məmunun dözründə mötəzililik rəsmi ideologiya olduğundan “mihnət-i xalq-i l-Qur’an” (Qur’anın xəlq olunması sınağı) adlanan repressiya dalğası başlayır və Qur’anın Tanrı kəlamı kimi əbədi olmasını bildirən alimlər təqib olunur.
İslam dünyasında Qur’an Həzrəti Məhəmmədin ən böyük möcüzəsi sayılır. Qur’an bütün zamanların kitabıdır. Onun təhriflərdən, ixtisar və əlavələrdən uzaq olması birmənalı şəkildə qəbul olunur.

 Təfsirlər

Qur’ani-Kərim nazil olduğu  gündən onun şərhinə, təfsirinə ehtiyac duyulub. Təfsirlərdə adətən bu və ya diğər ayənin, və ya surənin nazil olma səbəbi, tarixi göstərilıir, arxaik sözlər izah edilir, nasix-mənsux ayələr barədə məlumat verilir, qısa bir işarə ilə kifayətlənilən əhvalatlar (məs. İsra və Merac) geniş şərh edilir, şəriətlə bağlı bir sıra ayələr izah edilirdi. Təfsirlərdə həmçinin qisslərə geniş yer verilirdi. Bəzi təfsirlər qrammatika və leksikoqrafiya məsələlərinə, bəziləri rəvayət və əhvalatlara geniş yer ayırırdı.
Qur’anın ilk müfəssiri peyğəmbər özü idi. Onun bu və ya digər ayə ilə bağlı verdiyi izahlar sonradan sünnə və təfsir ədəbiyyatının əsasında dayandı. Peyğəmbərdən sonra onun səhabəsinin Qur’anın təfsirində böyük rolu olub. Əslində Qur’ani-Kərimin bir dəfəyə deyil, hissə-hissə nazil olması onun izahı, təfsiri üçün lazım idi (əl-Furqan, 33)
Ümumiyyətlə, müsəlmən eqzegetikasının banisi Peyğəmbərin əmisi oğlu Abdulla ibn Abbas sayılır.  Hicrətdən üç il öncə dünyaya gəmiş Abdulla hələ gənc yaşlarından Qur’anın bilicisi idi. O, bu və ya digər ayənin şərhində ərəb şeirinə müraciət edir, çətin sözləri beytlərlə izah edirdi. Onun bu üsulu sonradan təfsir ədəbiyyatında xüsusi bir ənənənin əsasını qoydu və qədim poeziyaya olan marağı artırıb onun toplanmasını zəruri etdi. İbn Abbasın adına bir sıra təfsirlər aid edilsə də, onun orijinal əsəri zəmanəmizədək gəlib çıxmayıb, amma sonrakı təfsirlərdə ona dönə-dönə istinad edilib. Təfsirlərlə bağlı xəlifə Ömərin orijinal mövqeyi olub. O, ayrı-ayrı məzhəblərin təfsir vasitəsi ilə Qur’anı istədikləri kimi yozacağından ehtiyatlanaraq təfsirin əleyhinə olub. Bubunla belə, mənbələrdən görünür ki, Ömər Qur’anın leksik səviyyədə şərhini, yəni ancaq arxaik sözlərin mənasının açılmasını bəyənib və bu məqsədlə ərəb şeirinə müraciət etməyi lazım bilib.
Qur’an təfsirləri islamda məzhəbçiliklə sıx bağlı olub. İlk təfsirlərin sünni və yaxud şiə məzhəbi ilə bağlılığı görünür. Bunlar sünni əl-Məkkinin (v.722) və şiə əl-Cufinin (v.746) təfsirləri idi. Mərkəzi Kufə olan şiə təfsir ədəbiyyatı batinilyə meyli, sünni şərhlərində yer almayan rəmzi mənalara diqqət yetirilməsi ilə fərqlənirdi.  Nəticədə Qur’anı hərfi mənada qəbul edən zahiri və ayələrdə gizli mənalar axtaran batini hərəkatları yarandı. Bunlarla yanaşı, təfsir elminə mötəzililər də öz üsulllarını, şəxsi rəyə əsaslanan rasional təfsiri metodunu gətirirlər. Bu təfsirlərin ən məşhuru Cərullah əl-Zəməxşərinin (1144) digər məzhəblər tərəfindən də qəbul olunan “Kəşşaf” təfsiri idi.
Qur’ani-Kərimin məşhur müfəssirlərindən biri Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəridir (v.923). Onun təfsiri  جامع البيان في تفسير القرآن  (Qur’anın təfsirində əhatəli izahat) adlanır. Bu təfsirin əhəmiyyəti onunla müəyyən edilir ki, Təbəri bu və ya digər ayəni şərh verərkən, geniş təfsilata varır, hadisələri incəliklərinədək təsvir edir, şərhdə müraciət etdiyi hədis və xəbərlərin müxtəlif istinadlara əsaslanan bir çox variantlarını verir. Bu variantlar, əsasən, bir-birini təkrar etsə də, bəzən kiçicik bir fərq belə mühüm məna daşıyır.
 Əbu-l-Fida Ismail ibn Kəsir əd-Dəməşqinin (v.1372)  تفسير القرآن الكبير (Böyük Qur’anın təfsiri) əsərinin də xüsusi əhəmiyyəti vardır. Bu əsər öz mükəmməlliyi, əhatəliliyi ilə bəzən İbn Cərir əl-Təbərinin təfsiri ilə yanaşı tutulur. Öz əsərində əsas mənbə kimi Təbəri təfsirinə əsaslanan İbn Kəsir yeri gəldikcə, başqa mənbələrə də istinad edir. İbn Kəsir, öz təfsirinə böyük bir müqəddimə ilə başlamış, burada Qur’ani-Kərim və onun təfsiri ilə bağlı mülahizələrini söyləmişdir. Bundan əlavə Abdulla ibn Ömər əl-Beyzavinin (v.1286)                                                                         "Qur’anın nuru və onun izah edilməsi sirləri",  Əbul-Qasim Məhəmməd ibn Ömər əz-Zəməxşərinin 1074-1144) كشاف عن حقائق غوامض القرآن (Qur’anın qaranlıq yerlərinin həqiqətlərinin aşkar edilməsi) təfsirlərini də bu sahədə mükəmməl əsərlər kimi qeyd edə bilərik.
Beləliklə, hər bir təfsirin ümumi məzmunu müfəssirin dini məzhəb və baxışı ilə bağlı idi. Sufilər və şiələr daha çox gizli mənaların açılmasına, batini şərhə meylli idi. Batinilyə meylli təfsirlər təvil adlanır. Al-i İmran surəsnin yeddinci ayəsində Qur’an ayələrinin muhkəmat (hökmü bəlli) və mütəşabihat (hökmü qaranlıq) olduğu, bu cür qaranlıq ayələrin ancaq elmdə möhkəm biliyi olanlara (الراسخون في العلم) aydın olması göstərilir.  Şiələr burada gizli elmlərdən xəbərdar olan imamların nəzərdə tutulduğunu iddia edirlər. Onların nəzərində Qur’anın hamı üçün məlum zahiri tərəfi ilə yanaşı gizli elm sahibləri üçün batini tərəfi də var. Batinin dərki varlığın ilkin sirlərinin dərkindən (təvil -- əvvələ qayıtma)  keçir.  Şiə və sufi təsfirlərində alleqorik izahlar, rəmzi mənalar geniş yer tutur. Hürufilik, sufizm, ismaililik və s. təriqətlər Qur’anın bu cür batini şərhini üstün tutur, onu öz fəlsəfələrinə uyğun tərzdə yozurlar. Məsələn, Tur surəsində müqəddəs kitabın aşılanmış dəri üzərində yazılması bildirilir: “Aşılanmış dəri üzərində yazılmış kitaba and olsun ki” – deyilir.و كتاب مستور في رق منشور (əl-Tur, 2-3). Hürufilər bu ayəni öz təlimlərinə müvafiq bir tərzdə yozub burada aşılanmış dəri ilə üzərində ilahi hikmətlər yazılmış insan simasının nəzərdə tutulduğunu bildirirlər.
Təfsir elmi daim inkişaf edən, zamana müvafiq yeni istiqamətlər doğuran bir elmdir. XX əsrdə İslam dünyasında yaranan maarifçilik və reformasiya hərəkatının təsiri ilə Məhəmməd Əbdoh və Rəşid Ridanın əl-Manar kimi yeni təfsiri meydana çıxdı. Hal-hazırda İslam dünyasında Misirdə “Müsəlman qardaşları” təşkilatının və bir çox ekstremist qrupların  ideoloqu sayılan Seyyid Qutubun (v. 1966) في ظلال القرآن (Qur’anın kölgəsində) təfsiri maraqla qarşılanır.

Qissələr

Qur’ani-Kərimin ədəbiyyatşünaslıq baxımından ən çox maraq doğuran hissəsi qissələrdir. Hərfi mənası a) bir kəsin izi ilə getmək, b) bir xəbəri söyləmək, hekayət etmək v) kəsib qısaltmaq (məs. saçı) olan "qassa"  (قصّ) felindən yaranmış qissə (قصّة) sözü müəyyən bir hadisəni, baş vermiş olayı, xəbəri bildirməklə yanaşı, həm  də bir ədəbiyyatşünaslıq termini kimi hekayə anlamına gəlib,  ya xəyali, ya da gerçək hadisələri nəql edən bir ədəbi növdür. Qur’ani-Kərimdə keçmişə aid olaylar "qissə" sözü ilə yanaşı ona sinonim kimi işlənən "nəbə", "xəbər", "məsəl" sözləri ilə də bildirilir (əl-Ənam 24, əl-Maidə 27, Hud 49, əl-Əraf 101, əl-Ənkəbut 43 və s.). Heç də bütün qissələr Qur’anda əks olunduğu şəkildə ədəbi növ hesab edilə bilməz. Qur’anda yalnız Yusuf peyğəmbərin qissəsi hadisələrin ardıcıllıqla nəql edildiyi, müəyyən süjet və kompozisiyaya malik dolğun hekayət təsiri bağışlayır. "Əzm və səbat sahibi olan" (اولو العزم ) peyğəmbərlərdən Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə) və İsanın (ə) qissələri Qur’anda nisbətən geniş olsa da, onlar ayrı-ayrı surələrdə epizodlar şəklində əks olunmuşlar. Bu epizodlar içərisində bəzən təkrarlara rast gəlinir, bəzən də müəyyən epizod yalnız bir dəfə xatırlanır. Məsələn, Musanın hekayəti təkrarlanan epizodlar halında əl-Əraf (103-172), Taha (9-101) əl-Qasas (3-43) və b. surələrində əks olunur. Onun Xızrla olan əhvalatına yalnız əl-Kəhf surəsində (60-82), "İnfilaqul-bəhr" - (dənizin yarılması) epizoduna isə əl-Şüəra (63) surəsində rast gəlinir. Bəzi peyğəmbərlərin Qur’ani-Kərimdə yalnız adı çəkilir (İdris, əl-Yəsə, Zul-Kifl), bəzisinin isə adı belə çəkilmir. Xızr peyğəmbərin Qur’anda adı çəkilməsə də, Kəhf surəsindəki "ilmun min lədun"dan  (dərgahımızdan olan elmdən) xəbərdar olan Allah bəndəsinin Xızr olduğu zənn edilir.
  Bəzi qissələrə Qur’ani-Kərimdə qısaca bir işarə edilmişdir. Məsələn, təfsirlərdə geniş yer alan Harut-Marut hekayətinə əl-Baqara surəsinin 102-ci ayəsində, Şərq poeziyasında rəngarəng obrazlar doğurmuş Süleyman üzüyü və div hekayətinə Sad surəsinin 34-cü ayəsində, Əyyubun hekayətinə əl-Ənam (84), əl-Ənbiya (83-84), Sad (41-44) surələrində qısa bir işarə edilib.
  “Qissə" deyərkən, biz ancaq Qur’ani-Kərimdəki epizod və işarələr deyil, zaman-zaman xəyali əhvalatlarla zənginləşmiş və təfsir ədəbiyyatında geniş yer almış bitkin hekayətləri başa düşürük.   Əsas qayəsini Allah-Təalanın təkliyinə inam (tövhid), peyğəmbərlərə inam (nübüvvət) təşkil edən, insanları mö'min, xeyirxah, səbrli, təvazökar olmağa səsləyən, nəfsə uymağı, təkəbbürü, səbrsizliyi, əxlaqsızlığı pisləyən qissələr bir örnək, öyüd-nəsihət, ibrət olaraq nazil olmuşlar. Bu səbəbdən Qur’ani-Kərimdə peyğəmbərlərin “hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır" - deyilir (Yusuf , 111)
  Qur’an qissələrini mövzu dairəsinə görə aşağıdakı şəkildə qruplaşdırmaq olar:
  - qısasul-ənbiya - peyğəmbərlərin qissələri;
  - ərəblərin islamaqədərki tarixi ilə bağlı  qissələr;
  - bəzi müdrik adamlar və qəhrəmanlarla bağlı  qissələr;
  - ayrı-ayrı ibrətamiz  qissələr;
  - Məhəmməd peyğəmbərin həyatı  ilə bağlı  qissələr.
Qısasul-ənbiya - Qur’an rəvayətlərinin böyük bir hissəsini təşkil edir. Hədislərdə yüz iyirmi  dörd min peyğəmbər olduğu göstərilsə də, Qur’ani-Kərimdə yalnız iyirmi altı peyğəmbərin adı çəkilmişdir: Adəm (ə), Nuh (ə), Hud (ə), Saleh (ə), Şüeyb (ə), Ibrahim (ə), Ismail (ə), Ishaq (ə), Lut (ə), Yaqub (ə), Yusuf (ə), Əyyub (ə), Yunus (ə), Musa (ə), Harun (ə), Talut (ə), əl-Yəsə (ə), Zul-Kifl (ə), Davud (ə), Süleyman (ə), İlyas (ə), İdris (ə), Yəhya (ə), Zəkəriyyə (ə), İsa (ə), Məhəmməd (ə).
Qur’an qissələrinin böyük bir qismini əhatə edən qısəsul-ənbiyada tövhid və nübuvvətlə bağlı məsələlərə xüsusi diqqət yetirilmiş, peyğəmbərlərin məsumluğu və möcüzələrlə çıxış etmək qabiliyyəti, bir çox ümmətlərin öz peyğəmbərinə inanmayıb onu inkar etməsi kimi məsələlər əks olunmuşdur.
  Ərəblərin islamaqədərki tarixinin əks olunması baxımından Qur’ani-Kərimdə Səba dövləti, Ərim seli ilə bağlı rəvayətlər maraq doğurur (Səba, 15-17). Eləcə də əl-Buruc surəsinin 4-9-cu ayələrində əks olunmuş "Əshabu-uxdud" (xəndək sahibləri) və əl-Fil surəsində əks olunmuş Əshabu-fil (Fil sahibləri) rəvayətləri də islamaqədərki ərəb tarixi ilə bağlı bəzi hadisələrə toxunduğundan diqqətəlayiqdir.
Qur’ani-Kərimdə müdrik adamlar və qəhrəmanlarla bağlı hekayətlərə gəlincə, İskəndər Zülqərneyn və Loğmanın hekayətini, Həbib Nəccarla əlaqələndirilən "Əshabul-qaryə" (Kənd sakinləri) qissəsini göstərmək olar.
Bəzən Qur’ani-Kərimdə tarixi şəxsiyyətlər - peyğəmbərlər, padşahlar, müdrik adamlarla bağlı olmayan ayrı-ayrı ibrətamiz hekayətlər də verilir. Belə hekayətlərdən iki bağ sahibi ilə bağlı rəvayət maraqlıdır. Əl-Kəhf surəsinin 32-44-cü ayələrində əks olunmuş bu rəvayət dərin ibrətamiz mənaya malik olub insanları Tanrının bəxş etdiyi nemətlərlə öyünməməyə, allahsevərliyə və xeyirxahlığa səsləyir.
Qur’ani-Kərimdə Məhəmməd peyğəmbərin həyatı ilə bağlı bir sıra hadisələr də öz əksini tapmışdır. Digər rəvayətlərdən fərqli olaraq, Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatı ilə bağlı əhvalatlar müqəddəs kitabda çox qısa və ötəri əks olunub. Yalnız təfsirlərdə bu qissələr hərtərəfli verilir. Peyğəmbərimizin həyatı ilə bağlı İsra və Merac (əl-İsra,1), şaqqul-qəmər (ayın parçalanması) (əl-Qəmər,1), əhlu l-ifk (böhtan əhli) hadisələri (əl-Nur,10-17) ilə bağlı rəvayətlər maraq doğurur.

Qur’an və poeziya

Bütün peyğəmbərlər kimi Məhəmməd peyğəmbər də öz missiyasını yerinə yetirərkən müəyyən çətinliklərlə üzləşmişdir. Təkallahlılığı qəbul etmək istəməyən müşriklər peyğəmbərə və bu dini qəbul etmiş ilk müsəlmanlara qarşı açıq-aşkar düşmənçilik mövqeyinə keçirlər. Hətta bəzi valideynlər öz müsəlman övladlarını evdə zəncirləyib saxlayırdılar ki, onlar Məhəmməd peyğəmbərin çıxışlarını dinləməyə getməsinlər. Bütpərəsrt ərəblər, onların əsrlər boyu ibadət etdiyi bütlərə qarşı çıxıb Vahid Allaha iman gətirməyə çağıran peyğəmbəri başa düşmür, onun ideyalarını qəbul etmək istəmirdilər. Müşriklər  Məhəmməd peyğəmbərin gərgin vəhy prosesindən sonra qafiyəli nəsrlə - səclə söylədiyi çıxışlarını – Qur’an ayələrini şeirə bənzədir, peyğəmbərin özünü isə şair adlandırırdılar.
Hələ qədim zamanlardan ərəblər müəyyən ahəng və qafiyə ilə söylənilən çıxışların insana fövqəltəbii qüvvələr tərəfindən təlqin edilməsinə inanmışlar. Onların fikrincə, şeir insana cinlər vasitəsilə təlqin edilir. Buna görə də bütpərəst ərəblər Məhəmməd peyğəmbəri شاعر مجنون (cinli şair) adlandırırdılar:
ويقولون اننا لتركوا آلهتنا لشاعر مجنون  (الصفات. 36)
(Onlar) “Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?” deyirdilər (əl-Saffat, 36).

Bəzən bütpərəstlər Qur’an ayələrinin qarmaqarışıq yuxu nəticəsində meydana gələn bir sayıqlama olduğunu söyləyirdilər və yenə də Peyğəmbəri şairə bənzədirdilər. Çünki, İslamdan öncə şairlər tərk edilmiş obaların xarabalıqlarında yatır, burada gördükləri yuxuların onlara fövqəltəbii qüvvələr tərəfindən təlqin olunmasına inanırdılar. Qur’anda deyilir:

بل قالوا اضغات احلام بل اٌفتراه بل هو شاعر (الانبياء. 5)
Onlar deyirdilər: “(Bu Qur’an) qarmaqarışıq yuxulardır, onu özü uydurmuşdur. O, bir şairdir”. (əl-Ənbiya. 5).
Əl-Tur surəsinin 30-cu ayəsindən də müşriklərin Məhəmməd peyğəmbəri şair adlandırmaları aydınlaşır. Əlbəttə, kafirlərin bütün iddiaları Qur’ani-Kərimdə israrla rədd edilir. Qur’anda Allah-Təala şairləri avara, sərgərdan, sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyən adamlar kimi təsvir etmişdir. Əl-Şüəra surəsində deyilir:

والشعراء يتبعهم الغاوون الم ترانهم في كل واد يهيمون وانهم يقولون ما لا يفعلون (الشعراء. 224-226)
  “Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar. Və onlar etmədikləri şeyləri deyirlər”. (əl-Şüəra. 224-226)

  Bu ayənin nazil olması ilk növbədə müşrik şairlərin (Abdulla ibn əl-Zibəra, Hübeyrə ibn Əbi Vəhəb, Əmr ibn əl-As və b.) islam dinini və onun peyğəmbərini həcv etməsi ilə bağlı idi. Digər tərəfdən, ərəb şerində heç də həmişə həyati həqiqətlər olduğu kimi əks olunmurdu. Şairlər bəzən mədhiyyələrində və fəxriyyələrində olduqca mübaliğəli müqayisələr aparır, həqiqətə uyğun gəlməyən hədsiz təriflər edirdilər. Bir kəsi həcv edərkən ona iftiralar yağdırır, hər cür pis xüsusiyyətləri həcv olunan adama aid edirdilər. Bütün bunlara görə, Qur’ani-Kərimdə dönə-dönə Məhəmməd peyğəmbərin şairlikdən uzaq olması söylənilir:

وما علمناه الشعر وما ينبغي له ان هو الا ذكر وقرآن مبين (ياس 69)
  Biz ona (Məhəmməd əleyhissəlama) şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qur’andır. (Yasin, 69)
 
Ibn Kəsir öz təfsirində peyğəmbərin şeir söyləyərkən xətalara yol verdiyini və səhabənin onun səhvini düzəltdiyini bildirir. Rəvayətə görə, belə hallarda, Əbu Bəkr və Ömər Yasin surəsinin yuxarıda qeyd etdiyimiz 69-cu ayəsini xatırladaryarmışlar.(İbn Kəsir, cild 3, 585). Rəvayət edilir ki, Peyğəmbər səhv etsə də, Tərəfə ibn əl-Abdın müəlləqəisinin son beytini – qəzavü-qədərlə bağlı bir beyti təkrarlamağı sevirdi.
Poeziyaya neqativ münasibət hədislərə də yol açıb. Bir hədisdə deyilir: “Bir kəsin içərisinin şeirlə dolu olmasındansa, irinlə dolu olması daha yaxşıdır, çünki irin əvvəl-axır sağalır”. Başqa bir hədisdə Məhəmməd peyğəmbər islama həcv yazan şairlər barədə deyir: “Kim islam barədə pis bir həcv söyləsə dili hədər gedər”.
Beləliklə, ilk baxışda sanki islam dini şeirə, poeziyaya zidd mövqe tutmuş kimi görünür. Zaman keçdikcə, filoloqlar bu mövqenin başqa tərəflərini araşdırmış, İslamın poeziyaya zidd olmasının digər səbəblərini göstərməyə çalışmışlar. Onlar müəyyən bir ölçüsü olan şeiri musiqiyə bənzədirdilər. Musiqi isə əyləncənin bir növüdür ki, Rəsulullah bunu bəyənməyib demişdir: “Biz əyləncəyə uyanlardan deyilik, əyləncəyə uyanlar da bizdən deyildir”.
Əlbəttə, zaman keçdikcə islam dininin və onun peyğəmbərinin şairlərə olan münasibəti də dəyişir. Çünki artıq bəzi şairlər müsəlmanlığı qəbul edib yeni dini müdafiə etməyə başlayırlar. Mühacirlər, ənsarlar arasından görkəmli şairlər çıxır. Abdullah ibn Cəhş, Osman ibn Məzun, Abdullah ibn Haris, Abdullah ibn Huzafə, Kəb ibn Malik, Abdullah ibn Rəvahə, eləcə də Həssan ibn Sabit, Kəb ibn Zuheyr, Buceyr, ibn Zuheyr kimi tanınmış şairlər yeni dinin keşikçisinə çevrilirlər. İslamı müdafiə edənlər arasında Hind bint Əsəsə, Safiyyə bint Abdulmüttəlib, Haim bint Səid kimi qadın şairlər də var idi. Belə şairlərin yaradıcılığının əsas cəhəti müşrikləri həcv edib, müsəlmanları onların tənələrindən qorumaq, yeni dini, onun peyğəmbərini və peyğəmbərin silahdaşlarını tərif etmək idi. Təsadüfi deyil ki, şairləri pisləyən məşhur Qur’an ayələrinin (əl-Şüəra, 224-226) ardınca bu cür şairlər yad edilir; deyilən tənələrin onlara aid olmadığı göstərilir (əl-Şüəra, 227).
  Zaman keçdikcə yaxşı şeiri pis şeirdən ayıran hədislər söylənilir:

انما الشعر كلام مؤلف فما وافق الحق منه فهو حسن وما لم يوافق الحق منه فلا خير له
  Şeir qoşulmuş kəlamdır. Ondan həqiqətə uyğun gələni yaxşıdır. Həqiqətə uyğun gəlməyənində isə heç bir xeyir yoxdur.

  Başqa bir hədisdə deyilir:

انما الشعر كلام فمن الكلام خبيت وطيب
  Şeir bir kəlamdır ki, onun pisi də var, yaxşısı da.

Bir hədisdə şeirdə böyük hikmət olduğu söylənilir. Bəzi hədislərdə şairlik sənətinin ərəblərin ruhuna, qanına işlədiyi, ərəbin mayasının şeirlə yoğrulduğu anlaşılır.

لا تدع العرب الشعر حتى تدع الابل الحنين
Dəvə doğma yerlərin həsrətindən əl çəkə bilmədiyi kimi ərəb də şeirdən əl çəkə bilməz.
Dəvə başqa heyvanlardan doğma yerlərə bağlılığı ilə fərqlənir. Cahiz özünün “Mənaqıbu-l-ətrak” (“Türklərin fəzilətləri”) əsərində bu barədə yazır ki, dəvəni Ərəbistandakı obasından götürüb Bəsrəyə gətirsən, o, doğma yerlərə o qədər həsrət çəkər ki, doğma torpağın iyini duyaraq, özü böyük bir məsafə keçib obasını tapa bilər. Beləliklə, şeirin ərəbin qəlbinə nə qədər doğma olduğunu bilən peyğəmbər, bu böyük qüvvədən yeni dinin mənafeyi üçün istifadə etməyi lazım bilir.
Bütün bu deyilənlərə yekun olaraq qeyd etmək istərdim ki, İslamın nə poeziyanı dəstəkləməsi, nə də onun əleyhinə olması iddiası ilə çıxış etmək düzgün deyil. İslam ilk növbədə cəmiyyətdə müəyyən bir toplumun siyasətini ifadə edirdi. Nə qədər ki, poeziya güclü bir qüvvə kimi bu topluma qarşı idi, şairlər gözdən salınırdı. Əks tərəf zəiflədikcə poeziyanın gücündən İslamın öz mənafeyi üçün istifadə olunması zərurəti meydana çıxır. Əgər peyğəmbər İmruul-Qeysi şairlərin cəhənnəmə gedən yolda lideri sayırdısa, Zuheyrin simasında şeytan əlaməti görürdüsə, bu heç də onun şeir kimi güclü bir silaha biganə qalacağını ifadə etmirdi. Mənbələrdə onun şairə əl-Xənsanın, Əntərə ibn Şəddadın poeziyasını bəyənməsi, yorulmadan Uməyyə ibn əl-Saltın şeirlərini dinləməsi barədə xəbərlər vardır. Çox keçmir ki, o şairləri İslamı müdafiəyə səsləyir. Onun fikrincə, əldə qılınc islamın müdafiəsinə qalxanlar öz şeirləri ilə də dini müdafiə edə bilərlər.

ما يمنع الدين نصروا رسول الله بسلاحهم ان ينصروه بالسنتهم
  Rəsulullaha öz silahı ilə kömək edənlərə onu öz şeirləri ilə də müdafiə etməyə nə mane olur?
  Çox keçmir ki, həqiqətən də islamı həm qılıncı, həm də şeir ilə müdafiə edən şairlər ordusu meydana çıxır.


Professor Aida Qasımova

No comments:

Post a Comment